“Büdcəmiz hələ də neftdən asılıdır”

Milli Məclisdə büdcə müzakirələri gərgin və maraqlı keçir




Ötən gün Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edib.
Müzakirəyə qatılan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ölkənin hər yerinin mavi yanacaqla tam təmin olunmadığını, gələn il bunun başa çatdırılmasının vacibliyindən danışıb. Deputat aqrar sektordakı problemlərdən də danışıb:
"Xaricdən gələn meyvə-tərəvəzlərə rüsumun az olması ölkə daxilindəki fermerlərin məhsulunu bazara çıxarıb satmağa çətinlik yaradır. Bu vəziyyət düzəlməlidir”. O bildirib ki, peşə-texniki məktəblərin müasir tələblər səviyyəsində qurulması lazımdır: "Bu, gənclərin işsizlik problemini də aradan qaldırmaqda yardımçı olar”

"Neftin qiymətinin 90 dollar götürülməsi düşündürücüdür”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, büdcə zərfində çox əhəmiyyətli məsələlər nəzərdə tutulsa da, bir çox məsələ narahatlıq doğurmaya bilməz: "Düşünürəm ki, ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri zəifləyib. Vergi daxil olmalarında qeyri-neft sektorunun payı isə cəmi 34 faizdir. Bu onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır, beləliklə, xarici bazara çıxarılan mallarda azalma müşahidə olunması gələn il də davam edəcəyi qaçılmazdır. Etiraf olunmalıdır ki, keçən dövrdə ixrac-idxal əməliyyatları üzrə müsbət nəticəni qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Aqrar sektora üstünlük verməklə daha çox rayon və şəhərlərin mərkəzi xərclərdən azad olunması siyasəti yetərincə aparılmayıb və qaneedici sayıla bilməz. Amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi”.

Deputat deyib ki, qeyri-neft sektorunda müəyyən irəliləyişlər olmasına baxmayaraq, büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməlidir: "Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək.

Dünya bazarında neftin qiymətinin 80 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən isə büdcədə neftin qiymətinin 90 dollar götürülməsi düşündürücüdür. Bütün bu məqamlar, heç şübhəsiz, büdcə ilə bağlı müəyyən problemlər vəd edir.
Neftin qiymət dəyişməsi Azərbaycan iqtisadiyyatına nələr vəd edir? Bunu hökumət həm builki büdcə siyasətində, həm də yaxın və uzaq planlamalarda nəzərə almalıdır.

"Əhali bu vəziyyətdən çaş-baş qalıb”

"Qubada beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı”. Bu sözləri isə millət vəkili Yevda Avramov səsləndirib: "Əhali bu vəziyyətdən çaş-baş qalıb. Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Hava limanının tikintisi ilə bağlı onlardan torpaqlar alındı. Müəyyən işlər getdi, amma sonradan ərazi boşaldıldı. Söz-söhbətlərə görə, hava limanının tikintisinə Rusiya mane olub. Çünki hava limanı Rusiya ilə sərhəddə yerləşəcəkdi. Bu da beynəlxalq konvensiyalara uyğun deyil. Hökumətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm”. Deputat təmsil etdiyi Qubada kənd yollarının bərbad vəziyyətdə olduğunu da deyib: "Camaatı Quba-Bakı yolu deyil, kəndlərdəki yollarının vəziyyəti maraqlandırır. Əsaslı vəsait qoyuluşlarında kənd yollarına ayrılan pul artırılmalıdır”. Şamaxı-Quba yolunun çəkilişindən söz açan deputatın fikrincə, bu yol həm də hərbi-strateji məqsədlidir.

"Dini radikalizmin qarşısının alınması lazımdır”

Parlamentin sədr müavini Bahar Muradova beynəlxalq aləmdə Azərbaycana qarşı qaralama kampaniyasının aparıldığını vurğulayıb. "Bu səbəbdən də beynəlxalq təşkilatlarla mübarizə aparmaq məcburiyyətində qalırıq” - deyən vitse-spiker bildirib ki, bu yaxınlarda QHT-lərə Dövlət Dəstəyi Şurası ilə memorandum imzalanıb: "Bu isə QHT ilə daha geniş aspektdə işlərin görülməsi və təcrübələr öyrənilməsinə imkan yaradır: "QHT-lərlə işləyərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Beynəlxalq qurumlar qrantlar ayıraraq Azərbaycanda öz istəklərini yerinə yetirməyə cəhd edirlər. Bunun qarşısını ala bilmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait artırılmalıdır. Hazırda bu vəsait 6 milyon manatdır. Düşünmürəm ki, bu rəqəm yetərli göstəricidir”.

B.Muradova dini maarifləndirmə məsələsinə də diqqət çəkib: "Düşünürəm ki, dini radikalizmin qarşısının alınmasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti ciddi nəzərə alınmalıdır. İcmaların maliyyələşdirilməsi üçün vəsaitlərdən istifadə olunur. Sözügedən

icmaların maliyyələşməsi üçün aidiyyəti quruma ayrılan vəsait artırılmalıdır. İnanıram ki, büdcə zərfinin hazırlanması zaman bu məsələlər nəzərə alınacaq. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də vəsaitin ayrılmasına ehtiyac var”.

"Gənclər dini ekstremizmə, pis vərdişlərə meyl edirlər”

Xanım millət vəkili Elmira Axundova əhalinin müəyyən hissəsində ümumi mədəniyyətin aşağı düşdüyünü, aqressivliyin isə yüksəldiyini söyləyib. Onun fikrincə, bu, özünü məişət zorakılığında, erkən və qeyri-qanuni nikahların çoxalmasında, bəzi gənclərin dini ekstremizmə qoşulmasında, pis vərdişlərin baş alıb getməsində büruzə verir: "Faktları saatlarla sadalamaq olar. Buna görə istərdim ki, hörmətli maliyyə naziri heç olmasa, qəsəbə və böyük kəndlərdə mədəniyyət ocaqlarının tikilməsi, həm də müvafiq nazirlik və komitələr tərəfindən təsirli sosial roliklərin hazırlanması üçün büdcədən vəsait ayırsın. Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, içki, siqaretə qarşı əks-təbliğat xarakterli roliklər mütəmadi olaraq bütün kanallarda göstərilir. Bunun faydası da böyükdür. Bir də xahiş edərdim ki, müvafiq nazirlik və dövlət komitələri öz maarifləndirici və təbliğat xarakterli tədbirlərini Bakı, Sumqayıt, Gəncədə yox, əyalətlərdə keçirsinlər və bu tədbirlərə yerli sakinləri cəlb etsinlər”.

"Siqaretin qiyməti artırılmalıdır”

"Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün ölkədə yoxsul insan yoxdur”.
Bunu isə deputat Musa Quliyev deyib. O bildirib ki, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur: "Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkar da sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin”. Deputat digər bir təkliflə çıxış edərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib: "Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.

"Paytaxtın strateji sahəsində hündürmərtəbəli binaların tikintisi aparılmamalıdır”

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilməsini istəyir. Deputat deyib ki, paytaxtda strateji obyektlərin olduğuna görə belə qanunun qəbulu vacibdir: "Bu qanunda paytaxtda tikinti sahəsində müəyyən normaların müəyyənləşdirilməsinin əks olunması məqsədəuyğundur. Bakının mərkəzində hündürmərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olur. Şəhərin mərkəzi ilə bağlı qırmızı dairə müəyyənləşə bilər. Bu dairədə hündürmərtəbəli binaların inşası qadağan oluna bilər və ya mərkəzdə tikiləcək binaların sayı və mərtəbələrinin sayını göstərmək olar. Hesab edirəm ki, bizim bu sahədə təcrübəmiz var. Biz necə ki, İçəri şəhəri qoruyuruq, şəhərin mərkəzi ilə də bağlı da belə addım ata bilərik”. Bundan başqa, millət vəkili hesab edir ki, Bakıda avtodayanacaqların sayı artırılmalıdır. O, şəhərin sıx olan yerlərində avtodayanacaqların inşası üçün vergi güzəştlərinin tətbiq olunmasını da təklif edib.

"Hərbi sahəyə vəsait artırılsın”

Millət vəkili həmçinin cəbhədəki son vəziyyətdən danışıb. O deyib ki, erməni helikopterinin vurulması göstərdi ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını ala bilər: "Hesab edirəm ki, 2015-ci ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsaitlərin artırılması çox yaxşı haldır. Azərbaycan Silahlı Qüvvələrinə diqqətin artırılması, yeni hərbi texnikaların alınması, hərbi
peşəkarlığın artırılması Azərbaycan ordusunun Ermənistan tərəfinin istənilən təxribatına cavab verə biləcək vəziyyətə gətirib çıxarır. Noyabrın 12-də təmas xəttində baş verən hadisə və Ermənistanın susması bir çox qənaətə gətirib çıxarır. Azərbaycanın hərbi gücünün artırılması Dağlıq Qarabağ münaqişəsinin həllində öz müsbət təsirini göstərəcək”. Deputat gələn ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manatın gələcəkdə artırılmasını da təklif edib.

Aydın Mirzəzadə qeyd edib ki, büdcədən hər il sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsaitin 10 milyon manat artırılması elə də yüksək məbləğ deyil: "Bununla insanların mənzil problemi həllini tapmır. Hesab edirəm ki, mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə vergi müvəqqəti ləğv edilməlidir. Problem həllini tapdıqdan sonra vergi bərpa edilə bilər”.

"...nə hökuməti, nə ictimaiyyəti qane edir”

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 2015-ci ilin büdcə layihəsini tarazlı və reallığı əks etdirən sənəd adlandırıb. İ.İsmayılov deyib ki, "Ukraynaətrafı hadisələr” ilin sonuna yaxın artıq dünya iqtisadi sisteminə, o cümlədən, ölkəmiz üçün önəmli olan dünya neft bazarlarına bilavasitə təsir etməyə başlayıb və bu təsirin azalacağı yox, artacağını güman etmək daha düzgün olardı.

İ.İsmayılov bildirib ki, qeyri-neft sektorunun inkişaf templəri nə hökuməti, nə ictimaiyyəti qane edir: "2015-ci ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar ötən ilin proqnozu ilə müqayisədə 500 milyon manat daha çoxdur: "Bəs iqtisadiyyatımızın bu bölümünün real inkişafı üçün hökumət hansı rıçaqlardan istifadə edir, bu sahədə daha nələr etmək olar?

Hökumətin bu yöndə atdığı addımlara heç də kölgə salmaq fikrində deyiləm. Amma mənə elə gəlir ki, fəal əhalinin mütləq əksəriyyətinin çalışdığı qeyri-neft sektorunun inkişafı məsələsi tək hökumətin yox, parlamentin və ictimaiyyətin nəzarətində olmalı, onun uğurlu həlli üçün bütün məhsuldar yeniliklərə müraciət edilməlidir”. Millət vəkili 2015-ci ilin əvvəllərində, dövlət rəhbərliyi, deputatlar, biznes və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı problemləri və onların həlli yolları” adlı Ümumrespublika müşavirəsinin keçirilməsini təklif edib: "Məncə, bu tədbirdə gurultulu hesabatlara yol vermədən, problemi kökünədək təhlil edərək, bu sektorda korrupsiya, inhisarçılıq, ikili mühasibat və kölgə iqtisadiyyatı kimi neqativ amillərin təsirinin azaldılması yollarını müzakirə etsək, müsbət nəticə əldə etmək olar”.

Anar Bayramoğlu