“Mado” biabırçılığı ictimailəşdirilməlidir

“Heç kim həmin restorana getməsin. Qoy cəzalarını çəksinlər”



Bir neçə gün öncə Bakıdakı "Mado” türk restoranında səsləndirilən erməni musiqisi müştərilərin ciddi etirazına səbəb olub. Nəticədə restoranda səsləndirilən musiqi dəyişdirilib. Lakin növbəti gün restorana üz tutan müştərilər yenidən eyni hadisə ilə üzləşiblər. İnsanları hövsələdən çıxaran məsələyə millət vəkili Fəzail Ağamalı da biganə qalmayıb.

Mətbuata danışan deputat deyib ki, bu cür vəziyyətlərdə cəmiyyətin çox ciddi müqaviməti, mübarizəsi zəruridir. Millət vəkilinin fikrincə, həmin kafeyə cərimə sanksiyası tətbiq olunmalıdır. Amma F.Ağamalının haqlı iradları "Mado” rəhbərliyinin xoşuna gəlməyib. Marketinq direktoru İlham Məmmədli öz "facebook” profilində "burada nə var ki?” yazaraq hadisəyə reaksiya verib. Mətbuata adını açıqlamayan restoranın administratoru isə millət vəkilini ittiham edərək "boş” hesab etdiyi məsələnin ictimailəşməsinə narazılığını bildirib: "Deputat niyə bunu bizə bildirmir, mətbuat vasitəsilə söz göndərir? Doğrudur, bizdə belə hal olub və müraciət edilən kimi mahnını dəyişmişik. Məsələnin bu səviyyədə şişirdilməsinə ehtiyac yoxdur”.

"Mado” nümayəndəsinin ittihamına cavab verən millət vəkili Fəzail Ağamalı "Şərq”ə verdiyi açıqlamada deyib ki, restoranda yaşanan biabırçılığın ictimailəşməsi zəruridir: "Xalqın heysiyyatına toxunan hadisə ört-basdır edilə bilməz. Əlbəttə, belə məsələ mətbuata çıxmalı və ictimailəşməlidir. Mən bu faktı araşdırıb ortaya çıxaran jurnalistin fəaliyyətini alqışlayıram. Özüm heç vaxt həmin restoranda olmamışam. Sadəcə həmin hadisənin şahidi olan mətbuat nümayəndəsinin mənə verdiyi suala əsasən məsələyə öz münasibətimi bildirmişəm.

Əgər restoranda erməni musiqisi səsləndirən o adamda zərrə qədər də olsa azərbaycanlı qanı varsa və bu ölkənin torpağında gəzib dövlətin çörəyini yeyirsə, həmin şəxs vətənimizin, dilimizin qədrini bilməlidir. Başqaları kimi ermənilərin qabağında "şlyapasını” götürüb ikiqat əyilməməlidir. Yox əgər ermənidirsə, onda açıq şəkildə bunu etiraf etsin. Yəni ermənidirsə, getsin həmin musiqini Yerevanda səsləndirsin. Məgər Ermənistanın Azərbaycanın düşməni olduğunu bilməyən və ya qəbul etməyən var? Torpaqlarımızın 20 faizini işğal edən təcavüzkar bir dövlətin və millətin hər hansı mahnısı, əlaməti Azərbaycanda görünməli deyil, vəssalam. Əgər o adam deyirsə ki, "burda nə var?” deməli, şübhəsiz ermənidir. Bunun ayrı adı yoxdur”.

F.Ağamalının fikrincə, "Mado” restoranı boykot edilməlidir: "Heç kim həmin restorana getməsin. Qoy cəzalarını çəksinlər. Düzdür, restoranın fəaliyyətinə inzibati qaydada, yəni zorakılığa yol verilmədən son verilə bilər, amma o zaman məsələ başqa cür yozular. Ona görə də hesab edirəm ki, onlara ən böyük cəza ictimai qınaq və restoranın boykot edilməsidir. Əgər "Mado” bir erməni musiqisinə görə, iflasa uğramağı gözə alırsa, qoy onda məhv olub getsin. Təklif edirəm ki, hamı bunu ictimailəşdirsin, sosial şəbəkələrdə yazsın”.

İsmayıl