Müəllimlərin maaşı çox azdır

Əjdər Ağayev: “Müəllimlərin əmək haqları artırılarsa, repetitorluğa maraq azalar”
Məlahət Mürşüdlü: “Müəllimlərin maaşı yaxşı olduqda şagirdlərin əlavə hazırlığa getməsinə ehtiyac qalmır”


Milli Məclisdə büdcə müzakirəsi zamanı müəllimlərin əmək haqları, sosial durumları da gündəmə gətirilib. Bir neçə millət vəkili tərəfindən müəllimlərin maaşının aşağı olması tənqid olunub və maaşların qaldırılması təklif olunub.

Milli Məclisdə müəllimlərin əmək haqlarının qaldırılması məsələsini yüksək qiymətləndirən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, müəllimlərin əməyinin stimullaşdırılması, təhsildə keyfiyyətin artırılması və digər məsələlər baxımından bu sahəyə diqqətin göstərilməsi çox vacibdir: "Hesab edirəm ki, haqlı olaraq bu məsələ parlamentdə qaldırılıb. Əlbəttə, müəllimlərin əməkhaqları dövlət vəsaiti hesabına artırılmalıdır. Bu məsələ təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında da göstərilib. Yəni əməyinin nəticəsi yüksək olan müəllimin maaşı yaxşı olmalıdır. Məsələn, Azərbaycanda iki müəllim eyni fəndən dərs deyir. Onlardan biri nailiyyət qazanır, şagirdləri dərin biliyə, yüksək bacarığa yiyələnir. Qoy bunun əməkhaqqı 1000-1200 manat olsun. Digər müəllimin isə şagirdlərinin nəticəsi qənaətbəxş deyil. Onun maaşı, məsələn, 500 manat olmalıdır. Yəni maaş məsələsini diferensiallaşma mexanizmi ilə yanaşılmalıdır. Belə olan halda 500 manat alan müəllim çalışacaq ki, nailiyyət qazanan həmkarına çatsın. Yox, əgər bunu bacarmazsa, öz-özünə sıradan çıxacaq və müəllimlikdən gedəcək. Bu yol ən optimal variantdır. Əlbəttə, monitorinq keçirilməli, hansı müəllimin əməyinin yüksək olması müəyyənləşməlidir”.

Professor müəllimləri ixtisar etməklə maaş artırmağı məqsədəuyğun variant hesab etmir. O, bu mexanizmi narazılıq doğuran yanaşma hesab edir: "Düşünürəm ki, belə variant məqsədəuyğun deyil. Elə etmək lazımdır ki, bacarığı olmayan, savadı olmayan müəllim öz ərizəsi ilə getsin”.

Ə.Ağayev onu da deyib ki, müəllimin əməkhaqqı onun tələbatını ödəməlidir: "Ancaq konkret olaraq müəllimin orta aylıq əməkhaqqının nə qədər olması dövlətin iqtisadi imkanları, büdcəsindən asılıdır. Bir də ki, ölkədə istehlak bazarındakı qiymətlərlə uyğunlaşmalıdır. Məsələn, bizim ölkədə qiymətlər çox bahadır. Ona görə də tələbatı ödəməyə çox pul lazımdır. Elə ölkə var ki, bahalıq deyil, deməli, onlara nisbətən az vəsait lazımdır”.

Ə.Ağayev həmçinin hesab edir ki, müəllimlərin əmək haqlarının qaldırılması repetitorluğun səviyyəsini azaldacaq: "Demək olmaz ki, repetitorluq aradan qalxacaq. Bu iş var və olacaq. Ancaq hesab edirəm ki, müəllimlərin əmək haqları artırılarsa, repetitorluğa maraq azalar”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü də hesab edir ki, müəllimlərin maaşını artırmaq və onların sosial durumunu yaxşılaşdırmaqla təhsil sahəsindəki problemlərin həlli istiqamətində müəyyən nailiyyətlər əldə etmək mümkündür: "Bütün müsbət göstəricilərin başında sosial-iqtisadi rifahın yüksək olması dayanıb. Bu mənada müəllimlərin maaşının artırılması və sosial təminat baxımından vəziyyətinin yaxşılaşdırılması təhsil işçilərinin daha məsuliyyətlə çalışması ilə nəticələnəcək. Sözsüz ki, təhsil sahəsindəki göstəricilərdə də müəyyən mənada inkişaf hiss olunacaq. Doğrudur, bütün problemlərin, təlim-tərbiyə məsələsinin bir anda aradan qalxması mümkün olmasa da, effekti olacaq. Ən azından müəllimlər sosial-iqtisadi problemlərdən azad olacaq və özlərinin bilik-bacarıqlarını şagirdlərin təlim-tərbiyə işinin yüksəlməsinə sərf edəcək”.

Müəllimlərin sosial rifahının yaxşılaşmasının repetitor probleminin aradan qalxmasına nə dərəcədə təsir göstərəcəyinə gəldikdə isə ekspert özəl məktəbləri nümunə gətirib: "Artıq bu fakt öz təsdiqini tapıb ki, müəllimlərin maaşı yaxşı olduqda şagirdlərin əlavə hazırlığa getməsinə ehtiyac qalmır. Özəl məktəblərdə şagirdlər repetitor yanına getmir ki? Orada çalışan müəllim isə dövlət məktəblərindən 4-5 dəfə artıq əməkhaqqı alırlar. Ona görə də şagirdlərə yüksək səviyyədə dərs keçirlər”.

M.Mürşüdlünün sözlərinə görə, müəllimlərin maddi təminatı yetərli olarsa, onlar da bütün potensialını şagirdlərə verməkdə maraqlı olarlar: "Bu gün dövlət müəssisələrində çalışan müəllimlər var ki, paralel olaraq başqa iş yerlərində də çalışırlar. Dərsdən sonra əlavə yerdə çalışan müəllim hansı enerji ilə şagirdlərə dərs versin? Müəllimin məktəbdən aldığı əməkhaqqı onu qane edərsə, evində rahat dincələr və səhər də yüksək əhval-ruhiyyə, xoş ovqatla məktəbə gedib, dərsi şagirdlərlə yüksək səviyyədə tədris edər”.

Şəymən