Azərbaycan əraziləri nə vaxtdan “neytral” zona olub?

Həmsədrlərin bəyanatı ciddi etirazlar doğurub






ATƏT-in Minsk qrupu həmsədrlərinin erməni helikopterin vurulması ilə bağlı yaydığı bəyanat Azərbaycanda ciddi etirazla qarşılanıb. Bəyanatda hadisədən təəssüfləndiklərini deyən həmsədrlər Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər.

Həmçinin, vurğulayıblar ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin "neytral” ərazisinin minalanmış zonasında yerləşir.
Məlumat üçün bildirək ki, həmsədrlərin "neytral” kimi qeyd etdikləri bölgə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.

"Neytral” ərazi yox, bufer zona..

Birgə bəyanatın etirazla qarşılandığını görən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "neytral ərazi” məsələsinə düzəliş etmək istəyib. Amerikalı həmsədr "twitter” səhifəsində belə yazıb: "Aydınlaşdırmaq üçün qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində "neytral” ərazi yoxdur. Lakin silahlı qüvvələri ayıran bufer zona var?

"Həmsədrlərin "neytral ərazi” ifadəsini işlətməsi qəbuledilməzdir”

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonu ərazisində baş verib: "Ağdam rayonunun işğalı məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib. Bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilib. Həmin sənəddə güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb”.

"Minsk Qrupunun bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk qrupu həmsədrlərinin məlum helikopter məsələsi ilə bağlı bəyanatını şərh edib. Z.Əsgərovun sözlərinə görə, Azərbaycan hərbçilərinin erməni helikopterini vurması barədə həmsədrlərin bəyanatı mənasızdır: "Necə yəni helikopter düşən yer neytral ərazidir? Minsk qrupu həmsədrləri özləri deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar”.

"Onlar öz amplualarındadır”

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun həmsədrlərini gərginlik yaratmaqda suçlayıb: "Məgər onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün, hansı məqsədlə keçirilir. Bütün məsələləri həmsədrlər əla bilirlər. Lakin qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu, birinci dəfə deyil. Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb”.

"Bu cür mövqe ikiüzlü siyasətin göstəricisidir”

Millət vəkili Məlahət İbrahimqızının fikrincə, ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və işğalçı ölkənin Azərbaycan torpaqlarında hərbi təlimlər keçirərək təxribatçı hərəkətlər etməsi beynəlxalq hüquq normalarının heçə sayılmasıdır: "Bu qurumlar Azərbaycanın mülki vətəndaşlarının dəfələrlə erməni snayperləri tərəfindən vurulmasının şahidi olublar. Amma bu cür qanunsuzluqlara qarşı heç bir kəskin, adekvat reaksiya verməyiblər”. Deputat bildirib ki, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır. Onun sözlərinə görə, bu cür mövqe birmənalı şəkildə həm ikili standartların, həm də ikiüzlü siyasətin göstəricisidir: "Məlum olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının müharibələr və onların gedişi ilə bağlı çoxsaylı sənədləri var. Bu sənədlərdə əks olunub ki, müharibə zamanı hərbi qulluqçuların həlak olması qanunauyğundur. Amma mülki şəxslərin həlak olması yolverilməz və qəbuledilməzdir. Əsas məqam budur ki, qoşunların təmas xəttində hərbçilərimiz tərəfindən vurulmuş Mi-24 döyüş helikopterindəki şəxslər Ermənistanın hərbi qulluqçularıdır və onlar təxribatçı, qeyri-qanuni hərəkətlərdən sonra adekvat cavab alıblar”.

"Həmsədrlər hər zaman odluğu kimi yenə də qeyri-obyektivliklərini ortaya qoydular”

Millət vəkili Qənirə Paşayeva da ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan ərazisini atəşə tutan Ermənistana məxsus helikopterin məhv edilməsi ilə bağlı bəyanatına münasibət bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan ərazisini atəşə tutan helikopterin məhv edilməsi ilə bağlı bəyanatını kəskin qınayırıq. Problemin tənzimlənməsi missiyasını daşıyan həmsədrlərin bu cür açıqlaması böyük təssüf hissi doğurur. Çünki o ərazilər Azərbaycanın əraziləridir və həmsədrlər də yaxşı bilir ki, Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın 20 fazidən artıq torpaqlarını işğal altında saxlayır.

Minsk qrupu həmsədrlərinin belə mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Çünki münaqişənin həlli Azərbaycanın toprpaqlarını işğal altında saxlayaraq bölgədə vəziyyəti gərginləşdirən Ermənistana təzyiqdən keçir”. Millət vəkli bildirib ki, həmsədrlər nəinki Ermənistana təzyiq göstərir, əksinə bu cür açıqlamalarla ədalətsizliklərini bir daha ortaya qoyurlar: "Təssüf ki, Ermənistanın atşkəsi pozaraq mülkü azərbaycanlıları qətlə yetirmələri ilə bağlı çağırışlarımıza baxmayaraq, susqunluq nümayiş etdirən Minsk qrupu həmsədrləri yenə də öz ədalətsiz mövqelərini davam etdirirlər. Onlar Ermənistandan "o hərbi helikopterin Azərbaycan ərazisində nə işi vardı?” deyə soruşmalıydılar. Amma yenə həmişə olduğu kimi, qeyri-obyektivliklərini ortaya qoydular. Bu səbəbdən də Azərbaycan və xarici ölkələrdəki diasporumuz birlikdə bu ədalətsizliklərə qarşı səsimizi ucaltmalıyıq”

"Minsk qrupu bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idi”

Millət vəkili Adil Əliyev Azərbaycan torpaqlarının "neytral” zona adlandırılmasının heç bir hüquqi əsasa sığmadığını deyib: "Əgər həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Görünən odur ki, burada kəskin paradoks var. Nə zamandan Azərbaycan əraziləri "neytral” zona oldu? Ən azından həmsədrlər bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idilər”. Deputat diqqəti 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu helikopterin erməni silahlı quldurları tərəfindən vurulmasına çəkib: Həmin hadisə zamanı 22 nəfərin həyatına son qoyulub. Onların da əksəriyyəti Azərbaycanın dövlət adamları, nazirlər idilər. Düzdür, hələ o zaman ATƏT-in Minsk qrupu yox idi. Amma insan faciəsi ki, var idi. Biz həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik”.

"Həmsədrlərin "neytral” sözünü işlətməsi beynəlxalq hüquqa tüpürməkdir”

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin fikrincə, "neytral” ifadəsinin beynəlxalq hüquqa uyğun olmadığını həmsədlər çox yaxşı bilirlər. Çünki Dağlıq Qarabağ və ətraf rayonlar müstəqil subyekt olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınıb: "ATƏT-in Minsk qrupunun bəyanatı məqsədli şəkildə ortaya atılıb. Bu bəyanat Azərbaycanı bu cür "gözlənilməz” hadisələrdən çəkindirmək xarakteri daşıyır. Ancaq bu, beynəlxalq hüquqa zidd davranışdır. Problemi çözmək iddiasında olan ABŞ, Fransa və Rusiyanın beynəlxalq hüquqa tüpürərək "neytral ərazi” ifadəsini qeyd etməsi olduqca məyusedicidir”. Politoloq bəyan edib ki, neytral zonalar əsasən ayrı-ayrı dövlətlər arasında razılaşdırılmış ərazilərdə olur. Ancaq burda ikinci bir dövlət adında heç bir subyekt yoxdur: "Qondarma rejim öz "müstəqilliyini” elan etmiş olsa belə, dünya ölkələri və qurumları tərəfindən tanınmayıb”.

Siyasi ekspert ABŞ həmsədri Ceyms Uorlikin açıqlamasında da böyük qüsurlar olduğunu deyib: "Məsələnin "heç kimin olmayan torpaqlar” şəklində qoyulması çox ciddi bir yanlışdır. Ona görə ki, hazırda Ermənistanın yerləşdiyi ərazilər belə Azərbaycanındır, nəinki işğal olunmuş və ya cəbhə boyu ərazilər. İşğala məruz qalmış ərazilər üçün qeyri-müəyyənlik ifadəsini işlətmək absurddur. Status-kvo hüquqi cəhətdən beynəlxalq aləmdə qəbul oluna bilməz”.

İsmayıl