Yol hərəkəti iştirakçılarının öhdəlikləri artırılıb

Lakin bunun qarşısında cəmiyyət heç bir dəyişiklik görmür

"Yenə də ciddi narazılıq var. Yollarda nizam-intizamla bağlı heç bir fərq yoxdur"

  Son dövrlər Azərbaycanda nəqliyyat sahəsində ciddi dəyişikliklər həyata keçirilir.
Mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması ("28 May" metrosunun və Xəqani bağının ətrafı), velosiped və avtobus zolaqlarının çəkilməsi, taksi fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi, parkinq qiymətlərinin artırılması bunlardan bəziləridir. Bu dəyişikliklərlə bağlı sosial mediada gedən müzakirələrdən aydın olur ki, yeni qərarlara münasibət həm vətəndaşlar, həm də ekspert icması arasında birmənalı deyil. Bəs ayrılıqda pozitiv addımlar kimi görünən dəyişikliklərin yekunda ictimaiyyət tərəfindən tam dəstək ala bilməməsinin səbəbləri nələrdir?
  Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Sherg.az"a açıqlamasında deyib ki, yol hərəkəti iştirakçılarının öhdəlikləri artırılıb, məsuliyyətləri ağırlaşdırılıb. Lakin bunun qarşısında cəmiyyət heç bir dəyişiklik görmür:

“Ümumi prinsipə görə, məsuliyyət artırılan zaman onun əvəzində də nəsə verilməlidir. Məsələn, ictimai nəqliyyatda qiymətlər bahalaşdırıldısa, deməli, xidmət yüksəlməli idi. Taksilərlə bağlı bir sıra qadağa və məhdudiyyətlər tətbiq edildi, qiymətlər bahalaşdırıldı, amma xidmətlə bağlı heç bir müsbət dəyişiklik hiss olunmur. Yenə də ciddi narazılıq var. Yollarda nizam-intizamla bağlı da heç bir fərq yoxdur. Buna görə də cərimələrin artırılması, məsuliyyətin ağırlaşdırılması insanlarda haqlı etiraz yaradır. Cəmiyyət kağız üzərində yazılan qaydalar, müvafiq qurum rəsmilərinin verdiyi açıqlamalarla qane olmur. Real vəziyyəti müşahidə edir və ona uyğun da nəticə çıxarır. Yollarda nizam-intizam qaydaya salınıbmı, qəzaların sayı azalıbmı? İnsanları maraqlandıran bax, bu sualların cavabıdır”.
  Ə.Hüseynovun sözlərinə görə, hansısa bir ölkənin təcrübəsini həyata keçirən zaman onu tam şəkil reallaşdırmaq və kompleks addımlar atmaq lazımdır: “Hökumətin parkinq qiymətlərini artırması, velosiped zolaqları, piyada ərazilərinin artırılması, taksi fəaliyyətinin tənzimlənməsi kimi addımları avtomobil istifadəsini azaltmağa yönəlik addımlar olsa da, buna paralel olaraq ictimai nəqliyyatın inkişafı ilə bağlı addımlar nəzərə çarpmır. İctimai nəqliyyat imkanlarını yaxşılaşdırmadan avtomobil istifadəsini azaltmağa yönəlik addımlar isə narazılıqlara səbəb olur.
  Avtobuslar üçün ayrıca zolaqlar çəkməklə ictimai nəqliyyatda xidməti yüksəltmiş olmuruq. Eyni zamanda təzə avtobuslar gətirilməli, peşəkar və intizamlı sürücülər işə götürülməlidir, avtobuslar dəqiq qrafiklə işləməlidir, interval uzun olmamalıdır və ən əsası ictimai nəqliyyatın hərəkət trayektoriyası şəhərin hər yerini əhatə etməlidir. Bu addımların heç biri atılmadığı üçün də ayrıca avtobus zolaqlarının çəkilməsinin effektini sərnişinlər hiss eləmir”.
  Velosipedlər üçün çəkilən xüsusi zolaqlara gəldikdə isə Ə.Hüseynov deyib ki, son illər Azərbaycanda velosipedin populyar nəqliyyat vasitəsinə çevrilməsi istiqamətində real addımlar atılır. Xüsusi tələblərdən biri də velosipedlərin hərəkəti üçün xüsusi zolaqların yaradılmasıdır.