Rusiyadakı azərbaycanlı miqrantlar geri dönəcək

Əli Məsimli: “Bu problemlər Rusiyada təkcə azərbaycanlılara yox, hər kəsə mənfi təsir göstərir”
Sahib Məmmədov: “Azərbaycanlı miqrantların geri qayıtması ölkə iqtisadiyyatında ciddi fəsadlar yarada bilər”


Vüqar Bayramov: "Həmin şəxslərin yerli əmək bazarına qayıtması mövcud bazardakı gərginliyi artıra bilər”

Ukrayna torpaqlarını işğal edən Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Rus rublunun dəyərdən düşməsi və iqtisadi böhran ölkə əhalisi ilə yanaşı, Rusiyada məskunlaşmış milyonlarla miqrantlar üçün də ciddi problemlər yaradır. Nəticədə xeyli miqrant qazanc əldə etmək imkanlarını itirdiyinə görə soyuq ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Rusiyada vəziyyətin çətinləşməsi ilə əlaqədar azərbaycanlıların da kütləvi şəkildə Vətənə qayıdacağı barədə məlumatlar yayılmaqdadır. Nəzərə almalıyıq ki, şimal qonşumuzun ərazisində xeyli sayda azərbaycanlı yaşayır və eyni zamanda dolanışıq dalınca bu ölkəyə üz tuturlar. Onların bu ölkənin vətəndaşı və yaxud da miqrant olmalarından asılı olmayaraq, soydaşlarımız hər il Azərbaycana milyonlarla dollar göndərir. Rusiyada iqtisadiyyatın çöküşü göndərilən vəsaitlərin kəskin şəkildə azalmasına və ya miqrantların kütləvi geri dönüşünə rəvac verə bilər. Görəsən, belə kütləvi dönüş olarsa, Azərbaycanda hansı fəsadlar, problemlər ortaya çıxa bilər? Azərbaycan iqtisadiyyatının yeni işçi ordusunu həzm etmək gücü varmı? Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Vətənə qayıdacağı gözlənilmir: "Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqo ölkə iqtisadiyyatına müxtəlif dərəcələrdə təsir göstərir. Rubl qiymətdən düşür, bəzi məhsulların qıtlaşdığı görünür, inflyasiya artır, iş yerləri azalır və digər problemlər müşahidə edilir. Bu problemlər Rusiyada təkcə azərbaycanlılara yox, hər kəsə mənfi təsir göstərir. Gəlirlərin azalmasına, iş yerlərinin itirilməsinə gətirib çıxarır. Amma bu, azərbaycanlıların kütləvi şəkildə Rusiyanı tərk etməsinə səbəb ola bilməz. Azərbaycanlıların bir qisminin gəliri azala bilər ki, bu da onların Azərbaycana, öz ailələrinə göndərdikləri pulun məbləğinə təsir göstərə bilər. Əksinə, azərbaycanlıların digər qismi isə Rusiyada ərzaq sahəsində yaranan problemdən faydalanıb oraya mal daşıya və əlavə qazanc əldə edə bilər”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə dönəcəyi təqdirdə, əmək bazarında böyük gərginliyin müşahidə olunacağı qənaətindədir. "Azərbaycanlı miqrantların ölkəmizə qayıtma ehtimalı günbəgün artır. Sözsüz ki, belə bir təhlükə baş verərsə, əmək bazarında gərginlik pik həddə çatacaq. Çünki hazırda Azərbaycanda mövcud əmək ehtiyatları iş yerlərinin sayından qat-qat çoxdur. Əgər Rusiyada işləyən soydaşlarımız kütləvi şəkildə ölkəyə dönərsə, bu, Azərbaycanda işsizlərin sayının dəfələrlə artmasına gətirib çıxaracaq”. Ekspert onu da vurğulayıb ki, Rusiyadan Azərbaycana köç başlayarsa, hökumət təcili olaraq xüsusi tədbirlər həyata keçirməlidir: "Bu tədbirlər həm qısa, həm də uzunmüddətli olmalıdır. Qısamüddətli tədbirlər ondan ibarət olmalıdır ki, ölkəyə qayıdan vətəndaşlara ya işsizlik statusu verilməli, ya da onlar peşə kurslarına cəlb olunmalıdır. Digər tərəfdən ölkədə qeyri-neft sektorunda iş yerlərinin sayı artırılmalıdır. Xüsusilə aqrar sektorun genişləndirilməsinə ehtiyac var. Təbii ki, qeyri-neft sektorunun inkişaf

etdirilməsi uzunmüddətli tədbirlər planı çərçivəsində həyata keçirilməlidir. Çünki bu gün dövlət büdcəmizin əsasını neft sektorundan əldə olunan gəlirlər təşkil etsə də, bu sektorda iş yerlərinin sayı məhdud səviyyədədir. Bu baxımdan hökumətin əsas hədəfi qeyri-neft sektorunda inkişafa nail olmaq olmalıdır. Əks təqdirdə, azərbaycanlı miqrantların geri qayıtması ölkə iqtisadiyyatında ciddi fəsadlar yarada bilər”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da vurğulayıb ki, miqrantların Azərbaycana dönməsi ölkədə əmək bazarında müəyyən gərginlik yaradacaq. Çünki Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi hər hansı ixtisasa malik olmayanlardır: "Buna görə də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasında müəyyən çətinliklər yarana bilər. Düzdür, rəsmi məlumatlara görə, hazırda Rusiyada 2 milyon azərbaycanlı yaşayır ki, onların təxminən 1 milyon 600 min nəfəri artıq Rusiya vətəndaşlığını alıb və artıq bu ölkədə yaşayan azərbaycanlı sayılır. Amma Azərbaycanın təxminən 700 min vətəndaşı əmək miqrantı olaraq Rusiyada müvəqqəti məskunlaşıb və həmin şəxslərin yerli əmək bazarına qayıtması mövcud bazardakı gərginliyi artıra bilər”.

İsmayıl