1930-40-cı illərin Azərbaycan mətbuatı...

O dövrün nəşrləri kollektiv təsərrüfatçılığı təbliğ edirdi



1930-cu illərin əvvəllərində Sovet imperiyasının hər tərəfində olduğu kimi Azərbaycanda da təşəbbüskarlığa təzyiq, direktiv amirlik, dövlət orqanları və partiya təşkilatlarında Stalin "üslubu”nun tətbiqi ölkədə gərgin-ictimai siyasi vəziyyət yaratmışdı. "Kommunist”, "Bakinski raboçi”, "Gənc işçi” qəzetləri, "Komsomol", "Maarif və mədəniyyət" jurnalları və digər partiyalı mətbu orqanlarda mərkəzin yeritdiyi siyasət təqdir edilir, fərdi təsərrüfatların ləğvini, kollektiv təsərrüfatçılığı təbliğ edirdilər. Həmin dövrdə çap olunan yazıların başlıqlarına baxmaq kifayətdir ki, zamanın tələbinə uyğunlaşdırılan Azərbaycan mətbuatının vəziyyəti aydın olsun. "Qadınları da yarışa cəlb etməli", "Yeni həyata doğru", "Hücum" kimi sərlövhələr 1930-cu il jurnalistlərinin ən çox istifadə etdikləri məqalə başlıqları idi.

Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, II hissə, (1920-1990)" adlı kitabında sözügedən dövrü geniş işıqlandırıb. Müəllif öz əsərində qeyd edib ki, jurnalistlər tək təbliğat mahiyyətli yazılar yazmır, kollektivləşmənin əleyhinə olan insanları nəinki tənqid, təhqir edir, hətta bolşevik quruluşunun düşməni elan edirdilər: "Jurnalistlər bölgələrə ezam olunur, təsərrüfat rəhbərləri ilə birgə partiyanın tapşırıqlarını həyata keçirirdilər. Azərbaycan sovet dövrü mətbuatının ağsaqqallarından olan, bir müddət "Kommunist" qəzetinə redaktorluq edən Əli Vəliyev haqda Mehdi Hüseyn 1930-cu ildə yazırdı: 

"Əməkçi kütlənin bağrından çıxan Əli Vəliyev kənd həyatını, kənddə sinfi mübarizəni duyaraq, görərək və onda bilavasitə özü iştirak edərək yazırdı". 

Cəsur bolşeviklərin, partiya fəallarının, Azərbaycan jurnalistlərinin zorən inzibati tədbirlərə cəlb olunması müsbət nəticə vermirdi. Azərbaycanda böhran yaşanırdı. Moskvadan ötürülən tapşırıqlar əks-effekt doğururdu. Partiyanın "təkərciyi və vintciyi" olan Azərbaycan mətbuatı aqrar islahatlara mane olan qolçomaqlara, anti-milli ünsürlərə qarşı davamlı təbliğat aparır, təsərrüfatı, əmlakı zorla kollektivləşdirilən kəndlilərin etirazını "kapitalist təhlükəsi" kimi qiymətləndirirdi. Zora, təqib və təzyiqlərə əsaslanaraq aparılan siyasət ağır nəticələr doğururdu. Kolxoza daxil olmaq istəməyənlər sıxışdırılır, təqib edilir, seçki hüquqları əllərindən alınırdı. Ortabablar antisovet, antikommunist, "əksinqilabi aktiv" adı ilə həbs olunub güllələnir, ailə üzvləri isə Sibirə, yaxud Orta Asiyaya və ya Qazaxıstana sürgün edilirdi. Onları vaqonlara doldurur, Sibir və Qazaxıstana gedən dəmiryollarında həftələrlə saxlayır, min bir əzaba düçar edirdilər. Kəndlilərin "şübhəli görünən" qismi isə respublikanın daxilində xüsusi yaşayış düşərgələrində saxlanılırdı.

Represiya illəri...

A.Aşırlı kitabında bildirib ki, 30-cu illərdən başlayaraq Azərbaycan mətbuatı insanların cəzalandırma, represiya olunması alətinə çevrildi. Öz şəxsi əmlakını kolxoza verməyənlər, kollektivləşməyə etinasız yanaşanlar mətbuat səhifələrində xalq düşməni elan edilirdi. Jurnalistlər bu tip insanların aşkarlanıb cəzalandırılmasında partiya-sovet orqanlarının köməkçisi funksiyalarını daşıyırdılar: "Stalin şəxsiyyətinə pərəstiş formalaşması da 30-cu illərin ortalarından başlayır. Təkcə fəhlə və kəndlilərin deyil, xalqın dəyərli ziyalılarının ədiblərinin, elm adamlarının 37-ci ilin represiya "maşınında" məhv edilməsi prosesinə hazırlıq aparılırdı. Bu cür kütləvi təqib-təzyiq mexanizmlərinin işlədiyi, insanların əmlakının zorla alınıb fərdi təsərrüfatların, təşəbbüslərin ləğv edildiyi dönəmdə yeni sovet insanının savadsızlığını aradan qaldırmaq üçün tədbirlər də həyata keçirildi. 30-cu illərin başlanğıcında savadsızlığın ləğvi sahəsində kütləvi tədbirlərə başlanıldı. "Savadsızlığı ləğv etmək işi haqqında 1929-cu il may ayının 17-də qəbul edilmiş partiya qərarında milli respublikalarda savadsızlığın ləğv edilməsi bütün mədəni işin əsas və ən mühüm vəzifəsi kimi qeyd olunur. Aparılan tədbirlərin nəticəsində fəhlə və kəndlilərin oxuyub-yazmağa marağı getdikcə artırdı. Azərbaycan mətbuatı bu işin həyata keçirilməsində böyük fədakarlıqlar göstərir, qəzetlər əlifbanı öyrənənlər üçün xüsusi səhifələr ayırır, metodiki məqalələr çap edir, qabaqcıl "mədəni əsgərlərin" iş təcrübəsini yayırdılar. "Kommunist", "Kəndli qəzeti", "Komsomol" jurnalının bütöv səhifələri "Savad kursları"na həsr olunurdu. 1930-cu ildən başlayaraq bir çox savad məktəblərində, qruplarında əlifbanı öyrətməklə yanaşı, "siyasi dərslər" təlim olunurdu, ölkədəki vəziyyət, partiyanın siyasəti izah edilirdi. Savadsızlığın ləğv edilməsi işinin zəhmətkeşlərin siyasi maariflənməsi ilə əlaqələndirilməsi partiya və hökumətin maraqlarına tam cavab verirdi. Çünki bu yolla hakim "siyasət və ideologiya" kütlələrin şüuruna yeridilməli, onlar "sosializm"in tərəfdarları kimi tərbiyələndirilməli idilər.

Əlifba islahatı mətbuat səhifələrində...

Savadsızlığın ləğv edilməsi tədbiri əlifba islahatının keçirilməsi ilə paralel aparıldı. Azərbaycan MİK və Azərbaycan SSR XKS 1928-ci il iyulun 21-də "Azərbaycanda yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması" haqqında qərar qəbul etdi. "Bakinski raboçi" qəzeti 22 iyul 1928-ci il tarixli sayında əlifba islahatı ilə bağlı yazırdı: "Azərbaycanın əldə edəcəyi ümumi savadlılıq yalnız yeni əlifba sayəsində mümkündür". Yeni türk əlifbasının tətbiqi üçün yaradılan komissiyaya Səmədağa Ağamalıoğlu rəhbərlik edirdi. Q.Musabəyov, Ə.Qarayev, A.Məmmədov, İ.Konuşkin, Q.Hüseynov, K.İşkova və M.Quliyev komissiyanın üzvü kimi fəaliyyət göstərirdilər. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSRİ-nin yeni əlifbaya keçməsi rəsmən elan olundu və hökumətin "Azərbaycanın bütün fəhlələri və kəndlilərinə" müraciəti qəbul edildi. "Yeni yol" qəzeti bu barədə 21 iyun 1928-ci il sayında yazırdı: "Yeni əlifbanın tətbiqi savadsızlığın ləğv edilməsi işini xeyli asanlaşdıracaq, kütlələrin maariflənməsi yüksəlişinə böyük maraq yaradacaq". Böyük rus yazıçısı Maksim Qorki Azərbaycanın bu işdə qabaqcıl rolunu xarakterizə edərək yazırdı: "Azərbaycan xalqı bütün Şərq xalqlarının gözü önündə qəti addımlar atıb və əlifba islahatını həyata keçirməklə bütün xalqlara gələcəyin yolunu göstərib". Latın qrafikalı yeni əlifbanın Azərbaycanda tətbiqi xəbəri ölkənin sərhədlərindən də kənara çıxdı. Əlifba islahatı Türkiyədə də həyata keçirildi. 1928-ci ilin əvvəlində "Əş-Şura" qəzeti xəbər verirdi ki, Türkiyə ictmaiyyətinin səlahiyyətli nümayəndələrinin İstanbulda keçirilən konfransı qərara alır ki, xalq latın əlifbasından istifadə etməlidir. Həmin ilin iyununda BMM-in yığıncağında yeni əlifbanın tətbiqi üçün xüsusi komissiya yaradıldı, payızda isə Türkiyə latın əlifbasına keçdi. Vahid şəklə salınmış latın əlifbası Azərbaycanda 1932-ci ilin iyununda qəbul edildi. Lakin diqqət və elmi müzakirələr nəticəsində hazırlanmış, bir çox cəhətdən təkmilləşdirilərək vahid şəklə salınmış latın əlifbası təəssüf ki, uzun müddət davam etmədi. Artıq 30-cu illərin ortalarında Sovetlər İttifaqının latın əlifbasına keçmiş digər respublika və vilayətlərində olduğu kimi Azərbaycanda da rus-kiril yazı qrafikasına keçirilməsi uğrunda hərəkat başlanıldı. Rus qrafikasına keçirilməsinə heç bir zərurət olmasa da bu, əslində Mərkəzin "hakim, şovinist iddiasından doğan" məcburi tədbir idi. Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası 1939-cu ilin iyulunda latın əlifbasının kirillə əvəz edilməsi haqqında qanun qəbul etdi və bu qanun 1940-cı ilin yanvarın 1-dən qüvvəyə mindi. Bununla da ölkədə rus dilinin fəaliyyət dairəsi genişləndirildi. Beləliklə tarixən qısa zaman kəsiyində Azərbaycanda iki dəfə əlifba dəyişildi və çoxcəhətli, rus şovinizmindən doğulan milli mədəniyyətlərin sıradan çıxarılmasına yönələn bu tədbir Azərbaycan mətbuatının jurnalistikasının inkişafının qarşısını aldı, savadsızlığın ləğvi ilə oxucu auditoriyası qazanan qəzetlər öz oxucularının bir qismini itirdi.

Partiya silahına çevrilmiş "marksist-leninçi” qəzetlər...

Müəllif əsərində qeyd edib ki, həmin dövrdə qəzetlər rəsmi dövlət siyasətinin "marksist-leninçi" ideyalarının təbliği, sosialist qurucuları olan yeni insanların formalaşması üçün güclü partiya silahı idi. Qəzetlərin keyfiyyətli çapı üçün mətbəələrin yaradılması prosesinə diqqət yönəldilirdi: "1933-1934-cü illərdə Bakıda böyük texniki imkanlara sahib "Mətbuat sarayı" adlı mətbəə fəaliyyətə başladı. SSRİ məkanında aparılan inzibati-ərazi dəyişikliyi ilə əlaqədar olaraq1930-cu ilin avqustunda qəzet şəbəkəsinin yenidən qurulması, inkişafı haqqında qərar qəbul edildi. 

Həmin qərarın əsasında SSRİ məkanında olduğu kimi Azərbaycanda rayon qəzetlərinin geniş şəbəkəsinin yaradılmasına başlanıldı. Yeni rayon qəzetləri işıq üzü gördü. Bu dövrdə rayonlarda yeni mətbəələrin qurulması və inkişafı MK-nın rəhbərliyi altında Bakı poliqrafiya tresti tərəfindən həyata keçirilirdi. Artıq 1932-ci ilin axırlarında respublikamızın 32 rayonunda mətbəə təşkil edildi. Aparılan statistik göstəricilərə görə, 1939-cu ildə Azərbaycan dilində 80-dən artıq qəzet nəşr olunurdu. Bir çox müəssisələrin, sovxoz və kolxozların da öz qəzetləri vardı. 1937-ci ildə 834 min nüsxə tirajla 45 jurnal çıxırdı. Fəhlə-kəndli müxbirləri hərəkatı 1934-cü ildə 18 min nəfəri əhatə edirdi.

20-dən artıq rayonda radiolaşdırma həyata keçirildi. 1940-cı ilin axırında Azərbaycanda 100 minə yaxın radio nöqtəsi vardı. Artıq radio zəhmətkeşlərin həyat və məişətinə daxil oldu, kütləvi təbliğat və təşviqat, siyasi informasiya vasitəsi, siyasi tərbiyə aləti oldu.

İsmayıl