Bu dava türkün davasıdır...

Siyasilər Türkiyə ilə Ermənistan sərhədinin açılmasına inanmırlar



"Türkiyədə ermənipərəstlər, adlarını dəyişmiş erməni qanı daşıyanlar kök atıblar. Elə bizim öz içimizdə də belələri var. Onların təşəbbüsü ilə hər zaman Azərbaycana qarşı müxtəlif tədbirlər keçirilir”. Bunu millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə Ermənistanla sərhədlərin açılmasına yönəlmiş konfransın keçirilməsinə münasibət bildirərkən deyib. S.Rüstəmxanlı bildirib ki, Türkiyədə sərhədlərin açılması ilə bağlı keçirilən konfrans qeyri-leqaldır: "Düzdür, bizdən bu tədbirə qatılmayıblar. Qatılıb onların layiqli cavablarını vermək olardı. Təəssüf ki, tədbirdən xəbərimiz olmayıb”.

Deputatın sözlərinə görə, bəhs edilən konfrans Türkiyənin dövlət siyasətinə heç bir təsir göstərmir: "Türkiyə Azərbaycana olan münasibətini dəfələrlə bəyan edib və inanıram ki, o mövqedə sonadək qalacaq. Türkiyənin prezidenti və baş naziri dəfələrlə deyib ki, Qarabağ problemi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz. Məncə, özünə hörmət edən siyasətçi bunu dəfələrlə bəyan edib, sonra isə başqa cür addım atmaz”. Millət vəkili bildirib ki, Türkiyədə sifarişlə iş görən QHT-lər var: "Türkiyədə bu cür konfrans keçirməyə erməni yönümlü QHT-lər təhrik edib. Türkiyədə kifayət qədər dövlət əleyhinə kitablar çap olunur. Orada erməni lobbisi geniş fəaliyyət göstərir. Qardaş ölkədə Azərbaycan kökənli insanlar var, ancaq təəssüflər olsun ki, onların gözü önündə erməni lobbisi kifayət qədər "məhsuldar” çalışır. Azərbaycan lobbisindən daha güclü təsir bağışlayırlar. Qəribədir ki, Türkiyə yetkililəri də onların bu fəaliyyətinə göz yumurlar”.

S.Rüstəmxanlı əlavə edib ki, Türkiyədə bəziləri açıq-aşkar yazır ki, Qarabağ məsələsi bizə mane olur, biz çoxdan bəri Ermənistanla sərhədləri açmalı idik: "Guya, Ermənistanla sərhədləri açan kimi bu insanlar xoşbəxt olacaqlar və sərhədlərin açılması Türkiyəyə nə isə verəcək. Ermənistan Türkiyəyə nə verə bilər? Sərhədlərin açılması heç nəyi dəyişməz. Bu, sadəcə olaraq, ermənipərəst Qərb dövlətlərinin, Qarabağ məsələsinin həllinə başçılıq edən Minsk Qrupunun apardığı siyasətdir. Onlar çalışırlar ki, Qarabağ məsələsində Azərbaycanı günahkar çıxarsınlar və Ermənistanı məzlum ölkə kimi tanıtsınlar. Biz öz haqqımızı sübut edə bilmirik, ancaq onlar Ermənistan "həqiqətlərini” dünyaya sırımağa çalışırlar”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi bəzi məkrli dairələr tərəfindən vaxtaşırı gündəliyə salınmağa cəhd edilir: "Bəzi qüvvələr çalışır ki, sərhədlərin açılmasının Türkiyəyə sərf edəcəyi barəsində ölkə ictimaiyyətində fikir formalaşdırsınlar. Ermənistan nə bir dövlət, nə bir iqtisadi vahid kimi dünya və region üçün maraq, əhəmiyyət kəsb etmir. Sadəcə, dünyada müəyyən dairələr var ki, onlar erməni faktorundan stabilliyi pozmağa, vəziyyəti maksimum Ermənistanın xeyrinə dəyişməyə çalışırlar. Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini müdafiə etməsi, bu baxımdan, Ermənistanla sərhədləri bağlaması həmin dairələrin maraqlarına cavab vermir. Odur ki, həmin dairələr vaxtaşırı xaricdə, hətta, Türkiyənin özündə bununla bağlı müəyyən tədbirlər keçirməyə çalışır və həmin tədbirlərdə də əsasən türk soyadları götürmüş erməni əsilli insanlar daha çox iştirak və fəallıq edirlər. Türkiyə tərəfdən də bu məsələyə hər hansı bir maraq göstərilmir. Ancaq gərək bu cür məsələlərə vaxtında ciddi reaksiya verilsin. Çünki vaxtilə ermənilərin uydurma soyqırım məsələsinə reaksiya verilməməsi 20-yə qədər dövlətin bu yalanı həqiqət kimi qəbul etməsinə gətirib çıxardı”. Buna görə də mütəmadi edilən bu cəhdlərin qonşu və qardaş dövlət tərəfindən vaxtında qarşısı alınsa, Ermənistanın və ermənipərəst qüvvələrin bu məsələdə layiqli və lazımi cavabları verilmiş olar”. Millət vəkilinin sözlərinə görə, Türkiyənin özündə Azərbaycanla münasibətlərin korlanmasını istəyən müəyyən qüvvələr var, amma bu qüvvələrin əsl türk əsilli qüvvələr olduğunu demək olmaz: "İlk növbədə bu qüvvələr ya türkləşmiş ermənilərdir, yaxud da milli şüuru olmayan qruplardır. Ancaq bunlar azlıq təşkil edirlər. Onların çıxışlarını ciddi qəbul etmək olmaz.

Bununla belə, vaxtilə Türkiyədə böyük qırğınlar törətmiş və sonradan da Türkiyə ilə bağlı beynəlxalq aləmdə ciddi anti-təbliğat aparan bir ölkə ilə dostluq münasibətləri qurmağa səy göstərmək Türkiyənin marağında olmamalıdır. Həmçinin, Türkiyə cəmiyyəti də, orada fəaliyyət göstərən siyasi qüvvələr də bu məsələdə ayıq-sayıq olmalı, arxayınçılığa yol verməməlidirlər”.

Millət vəkili Asim Mollazadə də Türkiyədə erməni lobbisinin fəaliyyətinin güclü olduğunu deyib: "Türkiyə-Ermənistan sərhədinin açılmasını gözləmirəm. Bu istiqamətdə Türkiyənin hökumət rəhbərləri dəfələrlə öz fikirlərini ifadə ediblər. Məlumdur ki, Türkiyə sərhədləri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən sonra bağlayıb. Rəsmi Ankara heç bir zor tətbiq etmədən bu vasitə ilə Ermənistanı sülhə çağırır. Ancaq erməni lobbisi bu mövzunu mütəmadi gündəmə gətirməklə iki qardaş dövlət olan Azərbaycan-Türkiyə münasibətlərində şübhə yaratmağa çalışır. Azərbaycan hər zaman bir millət-iki dövlət amilindən çıxış edib. Ümid edirik ki, ermənilərin, eləcə də onların himayədarlarının bu yöndə addımları heç bir nəticə verməyəcək. Bir sıra dövlətlərdən qardaş ölkəyə təzyiqlər göstərilsə də, Türkiyə bütün təzyiqlərin qarşısını almağa qadirdir”.

"Azəri-Türk Qadınları” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, ermənilər 2015-ci ilə ciddi şəkildə hazırlaşırlar: "Türkiyədə baş nazir Əhməd Davudoğlunun baş müşaviri ermənidir. Ümumiyyətlə, qardaş ölkədə bir sıra çox mühüm postlarda ermənilər oturub. Ona görə də biz bu cür arzuolunmaz konfransların şahidi oluruq. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən T.Rüstəmxanlı qeyd edib ki, biz bu məsələdə Türkiyəyə ümid bağlamamalıyıq: "Elə olar ki, Türkiyə heç bir şey edə bilməsin. Ümid özümüzədir. Biz bütün gücümüzü ortaya qoyaraq Türkiyədə ermənilərin əleyhinə böyük təbliğatlar aparmalıyıq, onları ifşa etməliyik. Ermənilərin işğal etdiyi torpaqlarda tökdüyü qanları, törətdiyi vəhşilikləri filmlər və başqa üsullarla Türkiyədə hər kəsə çatdırmalıyıq. Bir sözlə, nə yolla olur-olsun, Türkiyənin gündəmində oturmalıyıq”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də tərəflər arasındakı fəallaşmanı qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqələndirib: "Türkiyə hakimiyyətində belə bir fikir formalaşıb ki, əgər Ermənistana qarşı loyal münasibətlər sərgilənərsə, xalq diplomatiyası ortaya qoyularsa, erməni diasporası bir qədər geri çəkilə bilər. Eyni zamanda bu loyal münasibətdən ABŞ kimi dövlətlərlə əlaqələrində istifadə edə biləcəyini düşünür. Hələ 2005-ci ildə Avstriya və İsveçrədə türk diplomatları erməni həmkarları ilə danışıqlar aparıblar. Maraqlıdır ki, danışıqlarda iştirak edən iki şəxs ayrı-ayrı dövrlərdə Azərbaycanda səfir vəzifəsində çalışıb. Onlardan biri sonradan xarici işlər nazirinin müavini olmuş Ünal Çeliköz, digəri isə Abdullah Gülün dövründə prezidentin işlər idarəsinin katibi olmuş Hüseyn Avni Karslı idi. Bir müddət əvvəl Çeliköz tərəfindən Ermənistanla sərhədlərin açılması istiqamətində səsləndirilən fikirlər təsadüfi deyildi. Türkiyənin müəyyən diplomatik korpusları və QHT sektorunda Ermənistanla sərhədlərin açılmasının vacibliyi fikri formalaşıb. Onlar hesab edirlər ki, Ermənistanla əlaqələrin bərpası Türkiyəni təzyiqlərdən qoruya bilər, eyni zamanda qondarma soyqırım məsələsini ikinci plana atar. Lakin bu, kökündən yanlışdır və subyektiv yanaşmadır. Düşünürəm ki, belə amillər Türkiyədə dövlət səviyyəsində dəstəklənməyəcək, prezident Rəcəb Tayyib Ərdoğan verdiyi bəyanatlara sadiq qalacaq. Ermənistanla sərhədlərin açılmasında prinsipial addımlar atılmayacaq. Türkiyənin ortaya qoyduğu bir şərt var: - sərhədlərin açılması üçün Azərbaycanın işğal edilmiş əraziləri azad edilməlidir. Əgər rəsmi Ankara bu mövqedən geri çəkilərsə, birinci növbədə Azərbaycan-Türkiyə münasibətlərində narahatlıqların yaranmasından daha çox Türkiyənin özünə ziyan gətirəcək. Öz sözünün üzərində dayanmayan siyasi hakimiyyət təbii ki, ictimaiyyətin də gözündən düşür”.

İsmayıl