“Sultan Səlim də, Şah İsmayıl da bizimdir”

Mehmet Rıhtım: “İndiki Türkiyə hökumətinin müsbət addımlar atacağına ümidim yoxdur”



Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı ölkədə yaşayan ələvilər hökumətdən Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsini istəyiblər. Məlumata əsasən, ölkədə yaşayan ələvilər İstanbulda tikiləcək körpüyə Yavuz Sultan Səlimin adının verilməsindən narahat olduqlarını və buna görə də Boğaziçi körpüsünün adının dəyişdirilərək Şah İsmayıl Xətai körpüsü qoyulması tələbi ilə çıxış ediblər. Bununla yanaşı, ölkə ələviləri hökumətdə ələvi nazir və müşavirlərin təyin olunması tələbini də irəli sürüblər.

Türkiyə ələvilərinin tələbinə münasibət bildirən Qafqaz Universitetinin professoru Mehmet Rıhtım "Şərq” qəzetinə verdiyi müsahibəsində ələvi məsələsinin olduqca mübahisəli və həssas mövzu olduğunu deyib. Professorun sözlərinə görə, bir tərəf buna yaxşı baxırsa, digər tərəf pis qarşılayır: "Türkiyənin indiki siyasi durumu çox qarışıqdır. Kimin nə etdiyi və nə söylədiyi bəlli deyil. Verilən sözlərin arxasında dayanan yoxdur. Hər ağızdan bir səs çıxır.

Ələvilik məsələsi əslində Şah İsmayıldan qabaq, yəni Şeyx Cüneyddən etibarən Anadoluda, yəni Osmanlı zamanında və Türkiyə Cümhuriyyətində ciddi problem olub. Düzdür, ələvilərin bir sıra demokratik tələbləri var və onlar tələblərində haqlıdır. Amma bəzi tələbləri Türkiyə reallıqlarına uyğun gəlmir. Ələvilər siyasi nöqteyi-nəzərdən hər zaman bəlli bir partiya içərisində yer alıblar. Bu baxımdan indiki hakimiyyətin onlara qarşı münasibətində, yaxınlaşmasında müəyyən maneələr, problemlər yaranıb. AKP hökuməti də ara-sıra bu problemləri aradan qaldırmağa səy göstərib. Elə baş nazir Əhməd Davudoğlunun Tunceli ziyarəti siyasi havanı yumşaltmaq və son zamanlarda PKK ilə aparılan "kürd açılımı” prosesinə dəstək vermək məqsədi daşıyırdı”.

Professorun fikrincə, baş nazir ələvilərin könlünü almağa çalışır: "Bilirsiz ki, AKP hökuməti ilk zamanlar "ələvi açılımı” deyə bir prosesə start verdi. Hətta bu istiqamətdə Ərdoğan hökuməti bir sıra müsbət işlər də gördü. Məsələn, hakim partiyaya ələvi millət vəkilləri qəbul edildi və s. Amma sonra bu proses dayandırıldı. Ələvilərin özləri də ilkin gedişatdan bir qədər ümidləndilər. Ancaq sonra gördülər ki, hakimiyyətin "yaxşı münasibətinin” arxası kəsildi. İndi Türkiyədə durğunluq hökm sürür. Lakin buna baxmayaraq, əhalidə həyəcan yaradan və olduqca maraqlı hesab olunan layihələrin icrasının davamı kimi Əhməd Davudoğlu yeni addımlar atmağa qərar verib. Çünki Davudoğlu idarəetmədə özünü isbatlamalı və söz sahibi olduğunu göstərməlidir”.

Üçüncü körpüyə Yavuz Sultan Səlimin yox, Şah İsmayılın adının verilməsi təklifinə Mehmet Rıhtımın münasibəti belə olub: "Sultan Səlim də, Şah İsmayıl da bizimdir. Amma bunların siyasi vasitə olaraq istifadə edilməsi doğru deyil. Çünki bu tarixi şəxsiyyətlərdən birinin adından istifadə edilməsi digər tərəfin heysiyyatına toxunacaq. Hesab edirəm ki, bu işdə hər iki tərəfi razı salacaq daha məqbul üsullar tapılmalıdır. Şah İsmayıl ismi çox yerlərə verilə bilər. Yəni konkret olaraq körpüyə iddia etmək prosesi başqa istiqamətlərə çəkə bilər. Bu baxımdan düşünürəm ki, üçüncü körpünün adının ümumiyyətlə, Şah İsmayıl və ya Yavuz Sultan Səlim qoyulması doğru deyil. Çünki heç bir səbəb olmadan əhalinin hansısa qismində narazılıq yaratmağın mənası yoxdur. Zənnimcə, ələvilər daha rasional tələblər irəli sürməlidir. Amma ümumilikdə indiki Türkiyə hökumətinin müsbət addımlar atacağına ümidim yoxdur”.

Professorun sözlərinə görə, ad verilməsinin səbəbi, mahiyyəti olmalıdır: "Şah İsmayılın İstanbul körpüsü ilə nə əlaqəsi var? Əgər Şah İsmayıl adı mütləq veriləcəksə, onda bu ada yaraşan bir

yerə verilsin. Məsələn, Dersimə Şah İsmayılın adı verilə bilər. Daha doğrusu, adı yox, soyadı. Yəni Dersim şəhərinin adı Xətai ilə əvəzlənə bilər. Zənnimcə, bu, daha münasibdir”.

M.Rıhtım deyib ki, keçmişdə ələvilər hökumətdə yüksək vəzifələr tutublar. Hətta onların arasında nazirlər də olub: "Məsələn, Ədliyyə naziri ələvi idi. Orduda da xeyli yüksək vəzifəli ələvi generallar xidmət edirdi. Ancaq onlar təqaüdə çıxdıqdan sonra yerlərinə yenidən ələvilər təyin olunmadı. Əlbəttə, məsələni konkret belə qoymaq da olmaz ki, hansısa vəzifələrdə mütləq olaraq ələvilər və ya əksinə sünnilər olmalıdır. Hakimiyyətdə sünni-ələvi ayrıseçkiliyi yaratmaq ölkədə böyük müsibətə səbəb olar. İnsanları dini mənsubiyyətinə görə deyil, ləyaqətinə, bacarığına görə vəzifəyə gətirmək lazımdır. Təəssüflər olsun ki, bugünkü Türkiyədə insanları dini əqidələrinə görə postlara təyin edirlər”.

İsmayıl