Hacıbala baş qatmaqla məşğuldur

İstilik sistemi yoxdur, soyuqlar professoru da “vurdu”




Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, Əhmədli Qəsəbəsi, Vunq-Tau küçəsi I blok 6 A mənzilinin sakini Bilal İsmayılov məskunlaşdığı binadakı istilik sistemindən şikayətlənib. Bu barədə redaksiyamıza professorun özü müraciət edib. Şikayətçinin sözlərinə görə, uzun illərdir ki, istilik sistemindən məhrum qalıblar: "Bina yenicə istismara veriləndə sistem işləyirdi. Lakin 1991-ci ildən bu yana istilik görməmişik. İstilik üzünə həsrət qalmışıq. Soyuqdan çox əziyyət çəkirik”.

Professor bildirib ki, əlaqədar instansiyalara dəfələrlə müraciət etsələr də, şikayətlərinə məhəl qoyulmayıb: "Bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyevin fərmanı ilə paytaxtın əksər binalarında istilik sistemi qaydaya salınıb. Bizim binaya isə baxan yoxdur. Başsız qalıb. Müraciət edəndə "sizə istilik verilib” deyərək məsələni bitmiş sayırlar. Prezidentin göstərişinə də əməl etmirlər. Günü-günə satıb, baş aldatmaqla məşğuldurlar. Müraciətlərdən heç bir nəticə çıxarmırlar”.

Professor diqqətə çatdırıb ki, Bakı şəhər icra başçısı Hacıbala Abutalıbova şəxsən müraciət edib: "İki il öncə paytaxt merinə məktubla müraciət etmişəm. Cavab məktubunda bildirdilər ki, mənzillərin bəzilərində bu xətti kəsiblər deyə iş çətinə düşüb. Biz neyləməliyik? Qonşularla davamı açmalıyıq? Məsələni aidiyyəti qurumların özləri tənzimləməlidir. Bunlar problemi sakinlərin üzərinə buraxır. Halbuki binanın istiliklə təmin olunması müvafiq orqanların birbaşa səlahiyyətləri çərçivəsindədir. Amma baxmırlar. Heç cəhd də göstərmirlər. Belə olmaz axı. Bu iş yoluna qoyulmalıdır”.

Şikayətçi, əraziyə təyin olunan "JEK” müdirini məsələni boynundan atmaqda qınayıb: "Onunla da dəfələrlə danışıqlar aparmışam. Müəyyən vədlər verir. Hər dəfə məsələyə baxılacaq deyir. Ancaq heç nəyə də baxılmır. Dərdimizi kimə deyək, bilmirik”.

B.İsmayılov vurğulayıb ki, əlaqədar təşkilatlar əməli işlə deyil, məktuba cavab verməklə məşğuldurlar: "Binada çox dözülməz durum yaranıb. Arzu edərdim ki, aidiyyəti şəxslər gəlib, baş çəksinlər. Sakinlərin vəziyyəti ilə tanış olsunlar. Baxsınlar ki, millət hansı zillət içərisində yaşayır. Nəinki baş çəkən, heç yadına salan da yoxdur”.

Professor qeyd edib ki, bu illər ərzində mənzillərini qızdırmaq üçün "elektrik peçlər”dən istifadə ediblər: "Bu da mənzili tam istiliklə təmin etmir. Üstəlik, heç sərfəli deyil”.

Azyaşlı nəvələrinin olduğunu deyən doktor söyləyib ki, körpələr də bundan əziyyət çəkir: "Biz birtəhər dözürük. Körpə dözmür axı. Baxın, bir qonşumun 4 azyaşlı nəvəsi var. Məşəqqət içərisində yaşayırlar. Nə istilik, nə də isti su olur. Körpə uşaqları necə saxlayaq bəs? Binanın bütün sakinləri zülm çəkir”.

Professor deyib ki, mənzilində istilik sisteminin olmaması onun yaradıcılığına da neqativ təsir göstərir: "Evdə işləyə bilmirəm. Gərək iş yerində oturub, çalışım. Axşam saatlarında bir az boş vaxt tapıb, işləmək istəyirəm. Soyuqdan tərpənmək olmur. Bürünüb otururuq ki, soyuq olmasın. Biz də bu millətin nümayəndələriyik. Biz də bu xalqa xidmət edirik. Amma şərait yaradılmır. Qayğımıza qalmırlar. Təhsil millətin qidasıdır. Uzun illərdir xalqa qida verməklə məşğuluq. Bununla belə, bizə baxan yoxdur”.

Şikayətçi onu da əlavə edib ki, bina sakinlərinin əskəriyyəti "revmatizma” xəstəliyinə tutulub: "Çox dəhşətli mənzərə yaranıb. Heç kəs bizə yaxın durmur. Çoxsaylı müraciətlərimizdən heç bir nəticə hasil olmur. Tədbir görülmür. Ölçü götürülmür. İstilik yoxdur”.

Məsələ barədə BŞİH-lə əlaqə saxlamağa dəfələrlə səy göstərsək də, cəhdimiz nəticəsiz qaldı. Zəngimizə cavab verən tapılmadı.

Ayyət Əhməd