Dəniz Tacəddin: "Gecə klubları, diskoteka - belə həyatdan uzağam”

“Valideynlərimin icazəsi olmasa, o insanla izdivac qura bilmərəm”
Maraqlısı odur ki, mən özümdən daha yaşca böyük insanlarla normal ünsiyyət qura bilirəm




Bürcü - dolça
Sevdiyi rəqəm - 7-13
Sevdiyi rəng - qırmızı (liderlik rəngi olduğuna görə)
Sevdiyi ətir- əsasən "Malekul” (şirin qoxuları)
Sevdiyi yemək - Dolma
Sevdiyi rejissor - Pedro Almodovar
Sevdiyi film - psixoloji filmlər
Hobbisi - kitab oxumaq, dizayn işləri ilə məşğul olmaq.
Sevdiyi musiqi janrı - caz  (Musiqidə caz janrını çox sevirəm. Vaqif Mustafazadə, İsfar Sarabski, Rey Çarles, Vari Vite kimi musiqiçilərin əsərlərini dinləməkdən zövq alıram. Əsas da improvizə olunmuş cazları. Eləcə də klassik musiqiyə böyük marağım var. Barokko, klassizm, romantizm və impressionizm cərəyanlarının nümayəndələri olan bəstəkarların əsərlərini çox sevirəm...)










Dəniz çox gənc olmasına baxmayaraq maraqlı bir müsahibdir. Pozitiv, enerjili, müsbət aurası olan, eyni zamanda yaşından daha dərin düşüncə tərzinə malik bir gənclə həmsöhbət olmaq məndə xoş təəssürat yaratdı. Yaşıdlarından fərqli olaraq həyata baxışında fəlsəfi düşüncələri olan, həyatda məqsədlərini bilən, özünə əmin bu gənc xanım yaxşı mənada məni təəccübləndirdi. Bəzən də məsumluğunun fərqinə varmadan özünü çox böyük dünyagörüşü olan adam kimi göstərə bildi. Əsas odur ki, onunla tanışlıqdan, söhbətdən heç yorulmadım. Özünün dediyinə görə isə heç vaxt kiminləsə bu qədər səmimi söhbəti olmamışdı.
Dəniz gənc olsa da, zəngin bir dünyası var. Elə bu dünya ilə sizin də tanış olmağınızı istədim. Yəqin müsahibimlə söhbəti oxuyan oxucularımın bir hissəsi onu həm xanım olaraq, həm aktrisa kimi axtarmağa çalışacaqlar. Onu izləmək, onun oynadığı hər bir ekran əsərini diqqətdən qaçırmamaq istəyəcəklər. Çünki Dəniz Tacəddin bu günə qədər danışmadıqlarını məhz "Şərq”ə danışdı. Müsahibimin görünməyən tərəfdən tanımaq imkanını siz oxuculara yaradıb Dəniz Tacəddin ilə baş-başa buraxıram.
- Kimdi Dəniz?
- Öz dünyası olan, bu dünyaya hər insanı buraxmayan, ailəsinə çox bağlı, mənəviyyata önəm verən bir insan.
- İlk baxışdan kifayət qədər müasir bir xanıma bənzəyirsiz. Ailədə sənə hara qədər sərbəstlik verilib?
- Tək övlad olduğum üçün bilirəm ki, ailənin həm oğluyam, həm qızı. Ona görə də üzərimə düşən məsuliyyətin fərqindəyəm. Valideynlərimin hər birinin məsuliyyəti mənim üzərimdədir. Tək uşaq olduğumdan hələ çox kiçik yaşlarımdan anam məni rəqsə, rəssamlığa, musiqiyə, bir çox dərnəklərə aparıb. Onlar mənə ilk növbədə mənəviyyatı öyrədiblər. Öyrədiblər ki, insan üçün mənəviyyat önəm daşıyır. Ona görə də mənə nə qədər sərbəstlik verilsə də, mənim öz içimdə özümə qadağalarım ola bilir. Mənə verilən sərbəstlikdən istifadə etməmişəm. Əksinə, onu dəyərləndirmişəm.
- Belə çıxır ki, tam müasir həyat tərzi yaşamırsan?
- Müasir həyat deyəndə gecə klubları, diskoteka, tez-tez əylənmək və s. nəzərdə tutulursa, yox. Mən bu həyatdan uzağam.
- Valideynlərinlə münasibətin necədir? Yəni onlarla nə qədər rahat ünsiyyət qurmaq imkanın olur?
- Əsas valideynlərimlə dost ola bilmişəm. Daha dəqiq desəm, onlar mənim ən yaxın dostlarım olmağı bacarıblar. Diqqətləri həmişə mənim üzərimdə olub. Valideynlərimlə həddindən artıq səmimi və yaxınam. Bu münasibəti əvvəl onlar yaradıblar. Davamını da mən gətirmişəm. Mən onlarla istənilən mövzuda rahat söhbət edə bilərəm. Bu isə mənə elə gəlir çox vacibdi. Mən onlarla münasibətimdə çətinlik çəkmirəm.
- Daha çox sərbəstliyi evdə kim yaradıb sizin üçün?
- Deyə bilmərəm validenylərimdən hansı mənə daha çox sərbəstlik verib. Biri az verib, biri çox desəm, yalan olar. Anam daha yumşaq insandı, ana qayğısı görmüşəm. Atam bir az sərt insandı, amma o, ata qayğısını hər zaman hiss elətdirib. Qayğı baxımından tamamlanmışam hər zaman.
- Atalar çox zaman qızlarının həyat tərzinə qarışırlar...
- Bizdə heç vaxt mənim həyatıma böyük mənada müdaxilə etməyiblər. Nə anam, nə atam mənim həyatıma qarışıb. Amma təbii ki, ortaq bir nöqtə var. Onu nəzərə alıram. Nə olsa belə, mən onlarla məsləhətləşirəm. Hər hansı işim olanda, qərar verəndə mən onlarla danışıram. Onlar mənə sadəcə məsləhət verə bilərlər. Amma son qərarı özümə buraxırlar. Bilirsiz, mənə seçim imkanı verirlər. Mən qərarımda səhvə yol verəndə demirlər ki, niyə belə oldu? Sadəcə deyirlər biz vaxtında yol göstərdik. Ona görə də mən hər seçimimdə onlarla mütləq məsləhətləşirəm.
- Belə anlaşıldı ki, ailə həyatı quranda da onlarla məsləhətləşmədən qərar verməyəcəksən?
- Mütləq. Əgər onların razılığı olmasa, mən bu izdivacı qura bilmərəm. Sevgi birdən-birə yaranmır da. Bu, müəyyən mərhələdən sonra gəlir, yaranır. Mən birinci etapda onlara həmin insan barədə məlumat verəcəm. Onların fikri mənim üçün önəmli olacaq. Bəlkə o insan özünü mənə yaxşı göstərməyə çalışır. Amma o insanın daxili aləmi heç də göründüyü kimi deyil. Bunu valideynlərim məndən daha düzgün seçə bilərlər. Onların təcrübəsi məndən çoxdu. Onlar yanıla bilməzlər yəqin. Əgər valideynlərim razı olmasalar, mən o insanla münasibət qura bilmərəm.
- Bu qədər sərbəst düşüncəli bir gənc xanımdan bunu eşitmək bir az məni təəccübləndirdi...
- Mənə qadağa qoyulmur. Mənə məsləhət verilir. Mən valideynlərimin məsləhəti ilə ailə quracam. Onların xeyir-duası mənə vacibdi. Bilirsiz, onlar mənə o qədər sərbəstlik veriblər ki, mən onlarla rahat münasibət qura bilirəm. Əgər məni sıxsaydılar, mənə qadağalar qoysaydılar, bəlkə də bu qədər onlarla rahat ünsiyyət qura bilməzdim. Kimi ki sıxırsan, belə olmur. Şüuraltı, psixoloji bir faktdır ki, insana nəyi qadağa qoyursan, ona maraq göstərir. Nəyi qadağa edirsənsə, ona qaçır. Mənə o qədər sərbəstlik verilib ki, mən istədiyim şəkildə həyatımı yaşaya bilərəm. Çünki sərbəstəm. Amma o sərbəstlik mənə həm də seçim imkanı verdiyindən mən yaxşı ilə pisi görə bilirəm.
- Deyirsən çox sərbəstlik verilib sənə. Avropa ailələrində bir gənc xanım sevdiyi, ya da ciddi münasibət qurmaq istədiyi insanla ailəsini tanış edir. Bu münasibət ailənin görə biləcəyi şəkildə başlayır. Misal üçün, nişanlanmamış, öncədən sevdiyin insanı ailənlə tanış edə bilərsənmi?
- Mənim həyatım bu gün işimlə o qədər zəngindi, ailə mənə o qədər sevgi verir ki, bu gün mən həyatıma 3-cü birini salmaq istəmirəm.
- Axı sevərkən ətrafdakılar səninçün görünməz olur çox vaxt...
- Mən heç vaxt sevməmişəm deyə, o hissin nə olduğunu bilmirəm. Mən sevgidən hələki bixəbərəm, hələ oxuyuram. Filmlərə baxıram. Bəzən sevənlərin həyatını görürəm. Amma mən özüm bu hissdən xəbərsizəm. Çünki o hissi duymamışam. Hələki o hiss mənə yaddı.
- Bu qədər gənc xanım və sevgi hissindən uzaq biri?..
- Bilirsiz, sevgi də ağılla başlamalıdı. Mənim həyatda amallarım, məqsədlərim var. Özüm şəxsiyyət olduqdan sonra ona uyğun da bir insanla ailə həyatı quracam.
- Azərbaycanda aktrisanı adətən həyat yoldaşı kimi qəbul etmirlər. Sizi həm aktrisa, həm də qadın kimi qəbul edib, ailə qurmaq istəyənlərin sayı çoxmu olar?
- Olmayacaq bəlkə də... (gülür). Amma mən də tam azərbaycanlı ilə ailə quracam demirəm ki? Sırf bura köklənmişəm...
- Çox maraqlı və əslində cəsarətli bir açıqlama oldu.
- Kimi harda nə gözləyir, bunu yalnız Allah bilir. Bu o demək deyil ki, mən xarici vətəndaşla ailə qurmağı düşünürəm. Amma ola da bilər. Mən özüm üçün hər zaman sərhəd qoymuşam. Mənə evdə sərhəd qoymasalar da, o sərhəddi mən özümçün təyin etmişəm. Çalışmışam ki, həyatı səhvlərim üzərində öyrənim. Mən, məni başa düşə biləcək biri ilə yolumu davam etmək istəyirəm. Yəni bu, əcnəbi də ola bilər, elə özümüzünkü də. Mənim üçün insani dəyərlər var. Mən öz dinimdən dönmərəm təbii ki. Amma əsas mənim mənəviyyatımı başa düşüb buna dəyər verən insan olmalıdı. Bunun üçün də əvvəlcə mən həyatda özümü şəxsiyyət olaraq əvvəl özümə, sonra cəmiyyətə sübut etməliyəm. Buna çalışıram. Onun üçün də hələ ailə qurmaq barədə də düşünmürəm. Bu gün arzularıma doğru addımlayıram. İşimdə öndə olum istəyirəm.
- Karyera axtaran qadın var sanki qarşımda ...
- (Özünəməxsus bir tərzdə gülərək) Bilirsiz, mən karyera üçün çalışan qadınam. Çünki özümü təsdiqləmək istəyirəm. Amma mənim üçün həyatda ailə ən önəmlidir. Həyatda hərənin öz kriteriyaları var. Mənim üçün də əsas ailədir. İnsan olaraq mənim üçün əvvəl Allah sevgisi durur. Mən Allahımı sevirəm. Düzdür, hərənin Allaha münasibəti fərqlidir. Hamı deyir ki, Allahımı sevirəm, amma əməldə onu göstərmir. Mən Allahına əməlində də, yaşam tərzində də bağlı olan insanları sevirəm.
- Allah sevgisi ilahi bir sevgidi. Bir də insanın insana olan sevgisi var.
- Allah sevgisi mənəviyyatla bağlıdı. Allahını tanıyan insan onun ətrafında olan bəndələrinə də sevərək yanaşmağı bacarmalıdı. Fərqi yoxdu, qarşındakı hansı dinə qulluq edir. Yenə deyirəm, bu o demək deyil ki, mən başqa dindən olan insanı sevə bilərəm, mən müsəlmanam və dinimi heç vaxt dəyişmərəm. Bilirsiz, Allahı dərk etmək hər insanın gücü daxilində deyil. Sən gərək özünü o qədər yetişdirə biləsən ki, ilahi sevgini dərk edəsən. Bir var cahil olaraq sadəcə Allahını sevəsən. Bir də var sən onu dərk edərək Allahını tanıyasan, sevəsən.
- Keçək bir az başqa söhbətə. Sizin yaşda xanım və Ramiz Rövşənlə dostluq. Onunla əlaqə yaratsam, sizin haqqınızda rahatlıqla fikir ala bilərəm?
- Təbii ki. Bizim onunla çox gözəl münasibətimiz var. Mən onun şeirlərini sevirəm. Maraqlısı odur ki, mən özümdən daha yaşca böyük insanlarla normal ünsiyyət qura bilirəm. Onlarla söhbət etməyə mövzularım olur. Mən çox şadam ki, Ramiz Rövşən, Rasim Ocaqov, Ramiz Həsənoğlu, Hüseyn Mehdiyev kimi insanlarla ünsiyyətim olub.


Ramiz Rövşən Dəniz haqqında:

Dəniz mənim gözümün qabağında böyüyüb. İlk akkordları skripkada bizim üçün ifa edəndə Dənizin necə ciddi görkəm aldığı bu gün də yadımdadır. Dəniz çox ləyaqətli bir ziyalı ailəsində böyüyüb. Onun üçün də onun nurlu çöhrəsi ordan gəlir. Dünya musiqisinin, kinosunun belə ecazkar üzə, görkəmə, istedada ehtiyacı var. Dənizin başqa dayısı - Ramiz Həsənoğlu onu "Cavid ömrü” filmində Cavidin balası Turan Cavidin roluna çəkəndə təəccüblənmədim. Ramiz sonralar onu başqa filmə də baş rola çəkib. Dənizin istedadı rus rejissorlarının da diqqətindən qaçmayıb. Onu Rusiya serialına da dəvət ediblər. Dəniz çox istedadlıdır. Onun gələcəyi qabaqdadır. Mədəniyyətimiz üçün qoşa qanadlı bir mələkdir. Onun istər kino sahəsində, istərsə də musiqi sahəsində uğurları çox olacaq”.


(Dəniz Tacəddinlə söhbətimizə davam edirik)



- Səhv etmirəmsə, Ramiz Həsənoğlunun çəkdiyi "Cavid ömrü” filmində çəkilmisən.
- Bəli, Ramiz Həsənoğlu məni ilk dəfə filmə çəkən insan olub. "Cavid ömrü” filmində orta məktəbdə oxuyanda həmin filmə çəkilmişəm. Bilirsiz, bir var rəsmi münasibət, bir də var doğma münasibət. Mən onlarla çox doğma münasibətdəyəm. Mənim uşaqlığım onların arasında keçib.
- Bu məqamda, ananızın rejissor olmasının sizin yaradıcılığınıza təsiri var? Bəzi gənc aktrisalardan fərqli olaraq sənin tanınmış sənət adamları ilə ünsiyyət yaratmaq imkanın daha çox olub.
- Razıyam. Təbii ki, mən kiçik yaşlarından çəkiliş meydançalarını görmüşəm, bu ab-havada böyümüşəm, bir çox sənətkarla yaxından ailəcə münasibətimiz olub. Bu mənə yaradıcılığımda təsirini göstərib. Amma mən bu sənəti sevərək gəlmişəm.
- Ramiz Rövşənlə ortaq nöqtələriniz varmı?
- Ramiz müəllim çox səmimi insandı. Ortaq nöqtələrimiz mənəviyyatla bağlıdı. O insan dühadı başdan ayağa. Hər söhbətdə ondan nəsə öyrənmək olur. O insan o qədər dərin bir dünyaya sahibdi ki, onu dərk eləmək hər adamın işi deyil.
- Daha çox nədən danışırsız Ramiz Rövşənlə?
- Çox şeylərdən danışırıq. Amma mən daha çox oturub ona qulaq asmağı sevirəm. O insanda o qədər informasiya bazası var?! Çox maraqlı insandı. Ailəsini yaxından tanıyıram.
- Ramiz Rövşən dühasından danışan bir gənc xanım, onun "Qara paltarlı qadın”ını sevən Dənizin qəlbini kim ram edə bilər. Ramiz Rövşən şeirlərinin sehrinə düşən bir xanımı o dünyadan çıxarıb özünə tabe edə bilmək yəqin ki, asan deyil.
- Bəlkə də. Amma hələki onu bacaran olmayıb (gülür).
- Kim ola bilər?
- O insanın iki faktoru mənimçün önəmlidi. Mənəviyyatı və ağıllı olması.
- Sənin mənəviyyat dünyanda nələr öndədi?
- İlk növbədə o insan satıla bilməz. Onu pulla satın almaq mümkün olmasın. Çünki mənim üçün pul önəmli deyil. İnsan ağıllı olsa, həyatda hər şeyə nail ola bilər.
- Bəs şans məsələsi? Axı ağıllı insanın şansı gətirməyə bilər.
- Razıyam. Bir insanın şansı gətirmirsə, o bununla barışmalıdı ki, şansı gətirmir. Amma bir insanın ağlı varsa, şans onun ayağına gələcək. Çünki ağıllı insanın şansı elə onu ağlındadı.
- Sən elə bir sahədə çalışırsan ki, bizdə qadının bu sahədə olması o qədər asan deyil. Kənardan tanınmış olmaq xoş görünür. Amma bəzən ulduz dediyimiz insanların həyatı heç də göründüyü kimi deyil. Və ya əksinə.
- Gəlin belə deyim də. Mənim anam kinorejissordu. Və o da bu aləmi çox gözəl görür. Ona görə də mənim aktrisa olmağıma razı deyildi. Bu baxımdan məni incəsənətin başqa bir sahəsində təhsil almağa yönəltdi ki, əlimdə ikinci bir ixtisas olsun. Mən Milli Konservatoriya təhsili alıram. Musiqiçiyəm. Aktrisa kimi də fəaliyyət göstərirəm.
- Bu sahədə şəxsi münasibətlərin rolu böyükdü. Eyni zamanda tanınmışlara müxtəlif təkliflər gələ bilir.
- Razıyam ki, şəxsi münasibətlər təsirini göstərir. Mən uşaq yaşlarından bu sahədəyəm. Və 12 yaşından filmlərdə çəkilmişəm. Düzdür, anamın bu sahədə olması mənə işimdə təsir edib. Amma mən həm də sevdiyim bir peşə ilə məşğul oluram. Birdən-birə heç kim heç nə əldə edə bilməz.
- İndi səhnədə, incəsənət aləmində olan gənc, gözəl xanımlara təkliflər gəlir? Sənə də gəlibmi? Yəni sponsor təklifi və ya... başqa təklif?


(davamı olacaq)