Qərb Türkiyəyə təzyiq göstərməyə çalışır





Dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi "paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. APA-nın xəbərinə görə, həbs olunanların sırasında "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, STV-nin baş direktoru Hidayət Karaca, həmçinin bu kanalda yayınlanan bir çox serialın direktoru, rejissoru, ssenaristi və aktyorları olub. Barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də "Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır.

Onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu 14 dekabrda saxlanılan media mənsublarının peşə fəaliyyətinə görə həbs edilmədiklərini deyib: " Hüquq dövləti olan Türkiyədə istintaq prosesləri yalnız qanunun tələbi üzrə aparılır. "Zaman” qəzetinin baş redaktoru, "Samanyolu” TV-nin rəhbəri və digər həbs olunan fikirlərinə görə deyil, konkret əməllərinə görə həbs edilib. Zaman gəldikcə istintaqla bağlı vətəndaşlara bilgi veriləcək. Həbslər saxlanan şəxslərin peşə fəaliyyəti ilə bağlı deyil”.

Lakin ABŞ və Avropanın rəsmi dairələri Türkiyədə həyata keçirilən həbsləri pisləməklə bağlı çoxlu bəyanatlar yayıblar. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi həbsləri pisləyib. O, Türkiyə hökumətini hərəkətlərinin ölkədə demokratiyanın əsaslarını pozmayacağına zəmanət verməyə çağırıb.

Avropa İttifaqı (Aİ) adından yayılan bəyanatda isə bildirilir ki, Aİ-yə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: "Avropa İttifaqına üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir”.

"Bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib”, - deyə Aİ-nin xarici əlaqələr xidmətinin rəhbəri Federika Mogerini və Genişlənmə siyasəti üzrə komissar Yohannes Hanın birgə bəyanatında vurğulanıb.

Türkiyədə baş verənlərin Aİ ölkələri xarici işlər nazirlərinin toplantısında müzakirəsi gözlənilir.

Avropa Parlamentinin sədri Martin Şults da Türkiyədəki olayları pisləyib. Şults Aİ-yə üzvlük üçün söz azadlığına sayğının əsas şərtlərdən biri olduğunu qeyd edib.

Avropa Şurasının baş katibi Torbörn Yaqland isə bildirib ki, yanvar ayında Ankaraya səfəri zamanı mətbuat azadlığı ilə bağlı məsələni ciddi müzakirə edəcək.

Almaniya hökumətinin insan haqları üzrə komissarı Kristof Ştrasser də Türkiyəni hədəf alan bəyanatla çıxış edib: "Türkiyədə polisin mediaya təzyiqlərini böyük narahatlıqla izləyirəm. Təzyiqlərin və həbslərin siyasi məqsəd daşıdığı görünür”.

O deyib ki, Türkiyə hökumətinin siyasi gedişləri Aİ-yə üzv olmaq istəyən bir ölkə ilə bağlı gözləntilərdən çox uzaqdır”.

"Sərhədsiz Reportyorlar”, "Human Rights Watch” və digər beynəlxalq təşkilatlar da Türkiyəni qınayan bəyanatlarla çıxış ediblər.

Türkiyə hökuməti isə həm beynəlxalq təşkilatların, həm də transmilli medianın məsələyə yanaşmasını ciddi tənqid edib, hadisələrə ikili standartlarla yanaşıldığını bildirib.

Azərbaycan Milli Məclisinin üzvü Zahid Oruc da APA-ya açıqlamasında Qərbin Türkiyəyə münasibətdə ikili standartlara yol verdiyini qeyd edib. Millət vəkili bildirib ki, Türkiyədəki həbslərin əsası var: "Son həbslər kifayət qədər dərin, mürəkkəb və milli mənafelər baxımından da əhəmiyyətlidir”.
Z. Oruc ABŞ və Avropanın həbslərlə əlaqədar Türkiyə dövlətinə olan etirazının isə söz və ya insan haqları ilə bağlı olmadığını düşünür: "Şübhə yoxdur ki, Ərdoğanın söylədiyi kimi, bu həbslərə görə qərb dairələrindən çox ciddi qınaqlar olacaq. Amma alternativ yol nədir? Ya ölkəni kiməsə verməlisən ki, sümürüb, özlərinə işlətsinlər, ya da üzərinə getməli və tənqid qazanmalısan. Daxili minalar partladıldıqca, kənardan həmin minaların hesabına Türkiyəni zəiflədən qüvvələrin səsi eşidiləcək. Avropa İttifaqı bu həbslərə görə Türkiyəni alqışlayarmı? Qərbdən bu məsələ ilə bağlı gələn etirazlar heç də konkret insan haqqı üzərində deyil. Onlar düşünürlər ki, Türkiyə və Ərdoğana təzyiq üçün mühüm vasitələr əllərindən çıxıb. Həyata keçirilən həbsin motivləri açıqlanmadan, istintaq prosesini gözləmədən Avropa rəsmiləri ard-arda düzülərək Türkiyəyə qarşı bəyanatlar səsləndirməyi sanki özlərinə borc bilirlər. Bütün bunlar göstərir ki, Avropa İttifaqı növbəti dəfə öz ampluasından çıxış edərək indi də qardaş Türkiyəni hədəfə alır. Həmin dairələr Avropa ölkələrində həyata keçirilən həbslərə, insan haqlarının pozulması hallarına niyə belə operativ və sərt reaksiya vermirlər?”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə APA-ya açıqlamasında həbslərin gözlənilən olduğunu bildirib. O qeyd edib ki, Türkiyə bir çox məqamlarda həbslərlə əlaqədar Avropanın iradlarını rədd etməkdə haqlıdır: "Avropa bu həbsləri mediaya qarşı təzyiqlər kimi qiymətləndirir. Türkiyə isə Avropanın bu kimi addımlarını rədd edir. Bu da başa düşüləndir və Türkiyə əslində bir çox məqamlarda haqlıdır. Çünki Avropa ona hər hansı şəkildə Avropa İttifaqına daxil olmağa şərait yaratmırsa, daim tənqidçi mövqedən çıxış edirsə, Türkiyənin də buna reaksiyası anlaşılandır. Ancaq Qərbin mövqeyi bir çox halda təzyiq amili rol oynayır. Görəsən onlar ABŞ hakimiyyətini Ferqyuson hadisələrinə görə niyə qınamadılar, jurnalistlərə, hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağa çağırmadılar? Biz eyni mövqeni Azərbaycana münasibətdə də görürük. Azərbaycana qarşı atılan addımların çox cüzi bir hissəsi belə Ermənistana qarşı atılmır. Burada çox vaxt öncədən siyasi standartlar əsas götürülür”.

Milli Məclisin deputatı Musa Qasımlı isə APA-ya deyib ki, jurnalistlərin öldürülməsi, təqib edilməsi halları Qərb ölkələrində var. Onun sözlərinə görə, Qərb həbslərə etirazını bildirməklə, Türkiyəyə təzyiq göstərməyə çalışır: "Türkiyədə həbs olunan jurnalistlər konkret məsələlər üzrə şübhəli şəxs qismində saxlanılıblar. Onların təqsirli olub-olmaması, istintaqın gedişində müəyyənləşəcək. Qərb ölkələrinin Türkiyəyə qarşı atdığı addımlar təzyiq, eyni zamanda Qərbin ikili standartlar siyasətinin növbəti nümunəsidir”.