Türkiyə Azərbaycan qazından imtina etməyəcək

“Cənub axını”nın ləğv edilməsi ölkəmizin rolunu artıracaq


Rusiya "Cənub axını” layihəsindən rəsmən imtina edib.
Məsələ Avropa Komissiyasının (AK) sədr müavini Maroş Şevçoviç Rusiyanın energetika naziri Aleksandr Novakla telefon söhbətində təsdiqlənib. Məlumata görə, AK-nin yaydığı açıqlamada layihənin rəsmi şəkildə ləğv olunduğu bildirilib. Çünki Brüssel bunun rəsmi surətdə təsdiq olunmasını tələb edib. Bu səbəbdən Moskva məsələni rəsmiləşdirib.

Yada salaq ki, Kreml rəhbəri Vladimir Putin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankara ilə qaz sazişinə imza atıb. Sazişə əsasən, "Cənub axını” layihəsindən imtina edib. Onun adını "Türk axını” qoyaraq, qazı Avropaya deyil, Türkiyəyə satacaqlarını bildirib.

Bu imtinanın öncədən proqnozlaşdırıldığını deyən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, Moskva Avropa bazarında dominantlığını artırmaqda maraqlı deyil: "Bundan sonra Avropa Xəzər dənizindən daha böyük həcmdə mavi qazın idxalına başlayacaq. "Cənub axını”nın ləğv edilməsi Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından Azərbaycanın rolunu artırdı”.

Ekspertin sözlərinə görə, Türkiyə Azərbaycan qazından imtina etməyəcək: "Türk axını” TANAP-a alternativ deyil. Ankara öz idxalına diversifikasiya etməyə çalışır. TANAP Türkiyənin maraqlarına uyğundur. Çünki o, reallaşmasa, qardaş ölkə mavi qaz idxalında Rusiyadan asılı olacaq. Moskvadan asılılıq isə Türkiyə bazarında şimal qonşumuzun dominantlığına gətirib çıxaracaq. Azərbaycan qazı Ankara üçün çox böyük əhəmiyyət daşıyır. Yeni layihənin TANAP-a təsir göstərəcəyini düşünmürəm”.

Ayyət Əhməd