“Hərbi toqquşma gözlənilmir”

Saakaşvili şişirdilmiş proqnoz verib



Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili SOS siqnalı verib. O, Kremlin Tiflis və Bakıya hərbi müdaxiləyə hazırlaşdığını bəyan edib. Eks-prezidentin sözlərinə görə, Moskva Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə yeni yol çəkir:

"Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi "Cənub axını”nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur. Əksinə, vəziyyət hər keçən gün daha betər olur”.

Keçmiş rəhbərin bəyanatını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında vurğulayıb ki, bu, şişirdilmiş proqnozdu: "Doğrudur, Rusiya Azərbaycan qazının ona rəqib olmasını həzm etmir. Amma ölkəmizin artan nüfuzu Moskvanın bizə strateji müttəfiq gözü ilə yanaşmasına gətirib çıxarıb. Kreml yaxşı anlayır ki, Bakı ilə əməkdaşlıq ona yalnız xeyir gətirə bilər”.

Ekspertin fikrincə, şimal qonşumuzun sözügedən ölkələrə hücum planları hazırlaması inandırıcı deyil: "Rusiya Ukrayna hadisəsini həll edə bilmir. Bataqlıqda boğulur. Azərbaycanı təhdid edə bilər. Buna rəğmən işğal planlarını gerçəkləşdirməsi mümkünsüzdür”.

Ekspertin qənaətincə, hazırda Bakı-Moskva münasibətləri çox yaxşı səviyyədədir: "Hərbi toqquşma gözlənilmir. Əksinə, Rusiyanın baş diplomatı Sergey Lavrov bildirib ki, Azərbaycan Kreml üçün çox önəmli ölkədir. Və onunla dostluq əlaqələrinin inkişaf etdirilməsi Rusiya üçün böyük əhəmiyyət daşıyır. Hətta son günlər iddialar dolaşır ki, Ankara, Tehran və Moskva üçbucağı yaranacaq. Üçbucaq ərsəyə gələndən sonra Azərbaycan buna daxil olmadan Rusiya ilə münasibətləri daha rəvan şəkildə inkişaf etdirə bilər. Bu səbəbdən hesab edirəm ki, Saakaşvili dünyada qüvvələr nisbətini və Rusiyanın imkanlarını hesablamadan, meşə qanunlarına uyğun bəyanat səsləndirib”.

Q.Hüseynli bəyan edib ki, ölkəmiz Kremllə münasibətlərin inkişafında maraqlıdır: "Rusiya da belə düşünür. Şimal qonşumuzla münasibətlərin tərəqqisinə nail olmaq üçün bütün imkanlardan yararlanırıq. Azərbaycan Rusiyanın iqtisadiyyatına sərmayə yatırır. Bir sözlə, qarşılıqlı faydaya əsaslanan münasibətlərin möhkəmlənməsi üçün Rusiya-Azərbaycan dostluğu intensiv olaraq davam etdirilir. Belə bir şəraitdə Kremlin Azərbaycana hücum edəcəyi barədə fikirlərlə razılaşmaq çox çətindir”.

Ayyət Əhməd