Bələdiyyələr həqiqətən fəaliyyətsiz quruma çevrilib

Amma bu, bizə əsas vermir ki, həmin strukturları ləğv edək




Bir həftədən sonra Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə sayılı günlər qalsa da, nə siyasi qurumların, nə də insanların seçkiyə marağı hiss olunmur. Seçicilərin çoxu seçki günündən və səlahiyyətsiz bələdiyyələrin hansı işlə məşğul olduqlarından xəbərsizdirlər. Ona görə də, bəzi ictimaiyyət nümayəndələri heç bir iş görməyən və nə vaxtsa görəcəyinə də ümid qalmayan bələdiyyələrin fəaliyyətinə xitam verilməsini tələb edirlər.

Məsələn, millət vəkili Fazil Mustafa Azərbaycanda bələdiyyələrin ləğvini təklif edir. Deputatın sözlərinə görə, bələdiyyələr çox vaxt işlərinin öhdəsindən gələ bilmirlər. Çünki onların idarəetmə formaları yoxdur: "Nə xəritələri var, nə hərrac keçirə bilirlər. Əgər bələdiyyələri Avropaya göstəriş üçün saxlayırıqsa, yəqin onlar da fərqindədirlər ki, bu, Azərbaycanda heç bir işə yaramır. Sadəcə formal idarəetmədir”. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də deyib ki, əgər bələdiyyənin fəaliyyəti olmayacaqsa, gələcəkdə ləğv oluna bilər: "Düzdür, cəmiyyətdə bələdiyyə seçkilərinə aktiv münasibət sərgilənmir. Ancaq dövlət kimisə fəal olmağa məcbur edə bilməz. Yerli özünüidarəetmə sistemi elədir ki, istəyənlər öz bələdiyyələrini seçib ona etimad göstərə bilərlər, istəməyənlər də seçməzlər. Bilirsiniz ki, bizdə neçə bələdiyyənin statusu ləğv olunub”. Bələdiyyələr üzrə ekspert İlqar Hüseynov isə hesab edir ki, zəif bələdiyyələri gücləndirmək mümkün olduğu halda onları tamamilə ləğv etmək düzgün yanaşma deyil: "Məşhur fransız filosofu Tokvil deyir ki, demokratiyanın tərəqqisi yerli özünü idarəetmənin inkişafından keçir. Düzdür, Azərbaycanda bələdiyyələr fəaliyyətsiz quruma çevrilib və icra hakimiyyətinin əlavəsinə dönüb. Amma bu, bizə əsas vermir ki, həmin strukturları ləğv edək. Məsələyə digər prizmadan yanaşmaq lazımdır. 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi və yerli özünü idarəetmə formalaşdırıldı. Amma uzun zaman keçməsinə baxmayaraq bələdiyyələrə lazımi səlahiyyətlər verilmədi. Biz dəfələrlə bələdiyyələrin səlahiyyətinin artırılması və birləşdirilməsi təklifləri ilə çıxış etdik. Bəzi təkliflərimiz tədricən nəzərə alındı. Məsələn, kiçik bələdiyyələrin birləşdirilməsi məsələsi həll olundu”. Ekspert bildirib ki, bələdiyyələr yarandığı gündən torpaq alqı-satqısı və sənədləşməsi ilə məşğul olur. Buna görə də əhalinin bələdiyyələrə olan inamı azalır: "Bələdiyyələrin səlahiyyətsiz vəziyyətə düşməməsi onların büdcəsinin olmamasından irəli gəlir. Türkiyənin dövlət büdcəsində bələdiyyələrin 6 faizi payı var. Biz də təklif edirik ki, bələdiyyələrə büdcədən pay ayrılsın. Belə olan halda bələdiyyələr vətəndaş qarşısındakı öhdəliklərini yerinə yetirmək imkanına sahib olarlar. Əvvəllər reklamdan gələn və iri tutumlu nəqliyyat vasitələrinin texniki baxışından əldə olunan gəlirlər bələdiyyələrin büdcəsiniə daxil olurdu. Təəssüflər olsun ki, sonradan bunlara xitam verildi və bələdiyyələr lazımsız quruma çevrildi. Amma bütün bunlarla yanaşı, hesab edirik ki, zəif bələdiyyələrlə dünya ictimaiyyətinə inteqrasiya etmək bu qurumların tamamilə ləğv edilməsindən yaxşıdır. Biz Avropa Şurası qarşısında öhdəlik götürmüşük. Yaxşı olar ki, bələdiyyələrin fəaliyyətinə xitam vermək əvəzinə, həmin öhdəliklərin şərtlərinə əməl edək”.

İsmayıl