Milli Məclis marşrut probleminə toxundu

Avtobus sürücüləri 16 saat işləyirlər...



"Düzdür, bəzi deputatlar ingilis və digər xarici dilləri bilir. Bu yaxşı haldır. Amma biz öz dilimizdə çıxış etsək, daha yaxşı olar”. Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin dünən keçirilən iclasında səsləndirib. Deputat deyib ki, xaricə səfər zamanı həmkarlarının, həmin ölkənin dilində danışması doğru deyil: "Düzdü, buna görə tərcüməçi lazımdır ki, bizim dildən başqa dilə çevirsin. Təklif edirəm ki, gələn ilin dövlət büdcəsində bu məsələ nəzərə alınsın”.

"Heç olmasa, səfirliyə çay süfrəsinə də dəvət olunmadıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xaricdəki səfirliklərimizi tənqid edib. Deputat ilk öncə konkret olaraq İtaliyadakı səfirliyinin fəaliyyətindən narazılığını bildirib: "Bizim bu yaxında İtaliyada tədbirimiz var idi. Səfir Vaqif Sadıqov da tədbirə gəldi. Cəmi bir neçə dəqiqə oturdu, Senatın sədrinin müavini çıxış edəndən sonra onunla getdi. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə birgə görüş keçirdik. Səfir bizi müşayiət etmədi, heç olmasa, səfirliyə çay süfrəsinə də dəvət olunmadıq. Amma biz görürük ki, Avropadan bura qonaqlar gələndə müvafiq ölkələrin səfirləri onları qarşılayıb yola salırlar. Məncə, bu məsələ XİN-in diqqətini cəlb etməlidir”. Spiker Oqtay Əsədov isə İtaliyadakı səfir Vaqif Sadıqovun kifayət qədər təcrübəli diplomat olduğunu qeyd edib. O bildirib ki, bu məsələni araşdıracaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, Q.Həsənquliyevin qaldırdığı məsələ texniki xarakter daşıyır: "Azərbaycanın İtaliyadakı səfiri Vatikanda akkreditasiyadan keçməyib. Vatikanın şərtlərinə görə, İtaliyadakı fövqəladə və səlahiyyətli səfir Vatikanda eyni statusa malik ola bilməz. Hər bir ölkə ya Vatikana ayrıca səfir təyin etməlidir, ya da o səlahiyyəti başqa ölkədən olan səfirinə verməlidir. Azərbaycanın Vatikandakı fövqəladə və səlahiyyətli səfiri isə Fransadakı səfirimiz Elçin Əmirbəyovdur”.

"Benzinin qiyməti aşağı salınsın”

"Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlər istiləşir. Bu, təqdirəlayiqdir. Amma 2014-cü il bitir, Dağlıq Qarabağ məsələsi isə hələ də öz həllini tapmayıb”. Bunu isə millət vəkili Vahid Əhmədov deyib. O, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin Rusiya olduğunu xatırladıb: "Hesab edirəm ki, 2015-ci ildə Azərbaycan elə siyasət aparmalıdır ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində aktiv iştirakçı olsun”.

V.Əhmədov dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən də danışıb: "Neftin qiymətinin aşağı düşməsi, neft məhsullarının da qiymətinə təsir etməlidir. Bu mənada Tarif Şurası benzinin qiymətinin aşağı salınması məsələsinə bir daha baxmalıdır”.

"Namiq Haşımzadə adlı biri "Hizbullah”ın təmsilçisi kimi Bakıda yaşayır”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə təhlükəsizlik orqanlarına ölkədə digər dövlətlərin maliyyəsi ilə fəaliyyət göstərən saytlarla bağlı müraciət edib. F.Mustafa bildirib ki, son vaxtlar başqa dövlətlərin, xüsusilə qonşu ölkələrin maliyyəsi hesabına fəaliyyət göstərən bəzi saytlar aktivləşib və Azərbaycan əleyhinə təhqiramiz təbliğata başlayıblar: "Bu saytlar yazılarını sosial şəbəkələrdə də paylaşır və orada tanınmış şəxsləri təhqir edirlər. Buradan bizim təhlükəsizlik orqanlarına səslənirəm ki, məsələni nəzarətə götürsünlər. Namiq Haşımzadə adlı biri "Hizbullah”ın təmsilçisi kimi Bakıda yaşayır. Bu adam hətta ölkə başçısını da təhqir edir. Bütün günü belə təhqiramiz təbliğatlar aparır və bütün dünya saytları da ona istinad edib paylaşırlar. Bunun qarşısını almaq lazımdır”.

"ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar”

Deputat Zahid Oruc ABŞ Konqresinin Cənubi Qafqaz ölkələrinə ayırdığı maliyyə vəsaitindən danışıb. O deyib ki, Konqres Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana isə 23 milyon dollar yardım ayırıb: "Təsəvvür edin ki, bu illər ərzində isə Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub. Amma ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar. Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və separatçı rejimə yardımı dayandırsın, düşmən ölkənin və qondarma rejimin "deputatlar”ının səfərlərinə qadağa qoysun. Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərinə səfərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir”. Spiker isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib.
O. Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində də bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: "Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə da tətbiq olunmasını tələb edirik”.

"Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz?”

"Demokratiya və fikir azadlığı pərdəsi altında maskalananların əməllərini biz yox, ABŞ Konqresinin özü deyir. Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti etiraf edir ki, terrorun qarşısını almaq üçün işgəncələrə əl atıblar”. Bu sözləri isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov səsləndirib. Millət vəkili bildirib ki, ABŞ Konqresi tərəfindən hazırlanan və 6 min səhifədən çox olan hesabatda əksini tapan işgəncə faktları dünyanın hər yerində müzakirəyə səbəb olub: "İndi belə sual yaranır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan "Freedom House” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”.

"Minsk Qrupu Qarabağa  niyə Azərbaycandan yox, Ermənistandan gedirlər?”

Millət vəkili Bəxtiyar Əliyev isə ATƏT-in Minsk Qrupunu sərt tənqid edib. Deputat bildirib ki, ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır: "Halbuki Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın qeyd olunub ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimi maliyyələşdirir. Belə hallar sülh danışıqlarının dalana dirənməsi üçün zəmin yaradır. Minsk Qrupunun həmsədrləri özləri deyir ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır. Amma nədənsə, özləri bu istiqamətdə heç bir iş görmürlər, əksinə, vəziyyəti daha da qəlizləşdirirlər. Onlar hətta işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər. Bu vəziyyəti aradan qaldırmaq lazımdır. 1990-cı illərin sonlarında ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə işğal olunmuş ərazilərə səfər Ağdam rayonu ərazisindən baş tutub. Yəni Azərbaycanın işğal altında olmayan ərazisindən işğal altındakı ərazilərə getdilər və geri qayıtdılar. Bu, qarşılıqlı etimadın yaradılması və sülhün əldə olunması üçün ən effektiv metoddur. Biz nəyə görə ATƏT-in Minsk Qrupu həmsədrlərindən bunu tələb etmirik? Niyə onlara demirik ki, Azərbaycanın işğal olunmuş ərazisinə Ermənistandan deyil, Azərbaycan ərazisindən gedin? Gəlsinlər bura, sonra da işğal altındakı ərazilərə getsinlər, görüşsünlər, danışıqlar aparsınlar və Azərbaycan ərazisi ilə geri qayıtsınlar. Azərbaycan nümayəndələri də onlarla birlikdə getsinlər. Bunun nəticəsində də tərəflər arasında etimad yaransın. Əgər onlar bunu etmirlərsə, Azərbaycanın işğal altındakı ərazilərə Ermənistandan səfər edirlərsə, bu, qarşılıqlı etimada vurulan ən ağır və ciddi zərbədir. Ona görə də Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini Azərbaycandan başlasınlar”.

"Sığortalar kommersiya bankları kimi xalqın qanını sorur”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunub. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: "Sığortalar kommersiya bankları kimi xalqın qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”.

Parlamentin sədri Oqtay Əsədov da deputatın fikirləri ilə razılaşıb. Spiker deyib ki, bu sahədə həqiqətən problemlər mövcuddur: "Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır”.

"Əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür”

"Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə edirlər”. Bu fikri isə deputat Qüdrət Həsənquliyev marşrut probleminə münasibət bildirərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə nəqliyyat vasitəsini sürətlə idarə edənlər cinayət məsuliyyətinə cəlb edilir: "Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məlum oldu ki, sürücüdə xüsusi kart var və bu kart avtobusun içində quraşdırılan cihazda qeydiyyatdan keçir. Bu o deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istifadə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycanda da bu məsələyə baxılmalıdır. Onun fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırılmalıdır: "Polis nə qədər fəaliyyət göstərsə də, bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.

Parlamentin iclasında iştirak edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov məsələyə fikrini bildirib. O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal topoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir: "Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır. Bununla belə, avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür”. Onun fikrincə, yaxın vaxtlarda sərnişindaşıma ilə bağlı köklü dəyişikliklər aparılacaq.

Anar Bayramoğlu