Zakir Həsənov hərbi əməkdaşlığı gücləndirib

Ermənistan Rusiya ilə birgə hərbi təhlükə törədərsə, qarşılarında Türkiyəni görəcəklər


Azərbaycan-Türkiyə əlaqələrinin strateji önəmi getdikcə artmaqdadır. İki ölkə arasında bütün sahələrdə, ələlxüsus hərbi və hərbi-texniki sahədə əməkdaşlıq indi heç vaxt olmadığı qədər mühüm əhəmiyyət daşıyır. Ötən il bu sahədə göstəricilər xüsusilə əlamətdar olub. İki ölkə indiyədək görünməmiş miqyasda hərbi təlimlər keçirdi, bu təlimlərə iki tərəfdən minlərlə hərbçi, Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin qırıcıları qatılıb.

Bir çox ekspertlərə görə, həmin təlimlər işğalçı Ermənistana və onun arxasında duran güclərə, ilk növbədə də Rusiyaya ciddi xəbərdarlıq mesajı, güc nümayişi olub.

Gələn ildən isə bu cür birgə təlimlərin sayının daha çox olacağı gözləniləndir. Qeyd edək ki, dekabrın 15-dən Ankarada 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoquna start verilib. İclas dekabrın 18-dək davam edəcək. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. İclasda növbəti il üçün iki qardaş ölkə arasında hərbi əməkdaşlığın planlaşdırılması da əsas diqqət mərkəzində olacaq. Ekspertlərin hesabınca, bu əməkdaşlıq indi təkcə Qarabağ məsələsinin ədalətli həlli üçün vacib deyil. Eyni zamanda qondarma erməni soyqırımının yaxınlaşan 100 illiyi ilə əlaqədar ortaq güc nümayişi və sinxron siyasət yürütmək üçün vacibdir. 2015-ci ilin ilk 4 ayında Türkiyə və Azərbaycan heç vaxt olmadığı qədər birgə hərəkət etməli, hücum diplomatiyası həyata keçirməlidir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq doğrudan da son illər inkişaf etməkdədir. Onun sözlərinə görə, hər iki dövlət arasında keçirilən hərbi təlimlər də bu əməkdaşlığın daha da artacağını göstərir.

Xüsusən də, Zakir Həsənov müdafiə naziri olandan sonra bu məsələyə daha həssas yanaşmaqdadır və Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışır.

E.Şahinoğlu deyib ki, avqust ayında Azərbaycan-Ermənistan cəbhəsində atəşkəs rejiminin pozulması nəticəsində ağır yaralanan 3 əsgərimiz məhz Türkiyədə müalicə aldılar. Bu da bir daha Türkiyənin hərbi sahədə Azərbaycanla müttəfiq olduğunu göstərir.

Azərbaycan-Türkiyə arasında genişlənməkdə olan hərbi əməkdaşlığın son həddinin necə olacağına gəldikdə isə politoloq bildirib ki, Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdiriləcəyinə dair söyləntilər yayılmaqdadır. Amma indiki halda bunu bir o qədər də real hesab etmirəm. Çünki Azərbaycan hakimiyyəti birmənalı şəkildə dəfələrlə bəyan edib ki, heç bir dövlətin, hətta müttəfiqlərimizin belə hərbi bazaları Azərbaycanda yerləşməyəcək. Amma mənim fikrimcə, Rusiyanın Ermənistandakı hərbi bazaları müharibənin başlayacağı təqdirdə bizim üçün potensial təhdiddir. Bunun üçün də biz Türkiyənin hərbi bazalarının ən azı Naxçıvanda yerləşdirilməsi məsələsini aktuallaşdıra bilərik.

Türkiyə-Azərbaycan arasındakı hərbi əməkdaşlığın daha da artırılmasının Dağlıq Qarabağ məsələsinin həllinə necə töhfə verəcəyinə gəldikdə isə E.Şahinoğlu deyib ki, birbaşa təsiri olmasa da, problem ətrafında müsbət mühit yarada bilər. Ən azından işğalçı dövlət anlamış olar ki, Türkiyə Azərbaycanın arxasında dayanıb və Azərbaycana qarşı təxribat edərlərsə, qarşılarında Türkiyəni də görəcəklər.

Şəymən