Zəlimxan Məmmədli ata-baba yurduna gedə bilmir

Sərdar Cəlaloğlu deyib ki, bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır




"Borçalı” Cəmiyyəti İctimai Birliyinin sədri Zəlimxan Məmmədli və təşkilatın digər üzvləri Gürcüstana buraxılmır.

İddialara görə, rəsmi Tiflis addımını cəmiyyətin onların təhlükəsizliyinə və milli maraqlarına zərbə vurması ilə izah edir. Z.Məmmədli isə ittihamların həqiqəti əks etdirmədiyini və kökündən yanlış olduğunu bildirib. Onun qənaətincə, rəhbərlik etdiyi qurum Azərbaycanla Gürcüstan arasında körpü rolunu oynayır: "Cəmiyyət barış və sülh carçısıdır. Bu davranışlar fəaliyyətimizə kölgə salmağa və etnik qarşıdurma yaratmağa yönəlib. Eyni zamanda Gürcüstan hakimiyyətinin milli azlıqlara dözümsüzlüyünün təzahürüdür. Hər iki ölkənin milli maraqlarını təhdid edən bir qərardır. Tərəflər arasındakı dostluğa zərbədir. Bu hal digər fəsadlara yol açmamış, məsələ ədalətli həllini tapmalıdır. Ata-baba yurdumuza maneəsiz gediş-gəlişimizə şərait yaradılmalıdır”.

Birlik üzvlərinin qonşu ölkəyə qadağasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, beynəlxalq hüquq normalarına ziddir: "Haqqında cinayət təqibi olmayan bir şəxsə belə qadağanın qoyulması doğru deyil. Beynəlxalq hüquqa görə, insanların müstəqil hərəkət etmək haqqı var. Beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Ayyət Əhməd