“Ofisimiz də olacaq”

Qubad İbadoğlu və tərəfdarları yola çıxdı




Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi formalaşdırılıb.

Növbədənkənar qurultayın çağırılması məqsədilə yaradılan Təşəbbüs Qrupunun rəhbəri Qubad İbadoğlu ADR-in təsis yığıncağına hazırlaşdıqlarını deyib: "Hazırda təsis yığıncağının çağırılması məqsədilə Təşkilat Komitəsini formalaşdırırıq. Təsis yığıncağının vaxtı barədə qərarı Təşkilat Komitəsi verəcək. Təşəbbüs Qrupu hərəkatın Nizamnaməsi və Fəaliyyət Proqramı üzərində işləyir. Planlaşdırırıq ki, təsis yığıncağına tələb olunan sənədlər paketi ilə gedək və həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək”. Q.İbadoğlu hərəkatın ofisi ilə bağlı söylənilənlərə də aydınlıq gətirib: "Bəli, ofis də olacaq. Hərəkat təsis yığıncağı keçirdikdən sonra ofis axtaracağıq”. Q.İbadoğlu bildirib ki, hərəkatın təsis edilməsindəki əsas məqsəd demokratiya və azadlıqlar uğrundakı mücadiləni daha geniş formatda davam etdirməkdir: "Milli, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq hər bir şəxs ADR-in təsis konfransında yaxından iştirak edə, rəsmi olaraq hərəkata qoşula bilər. Bunun üçün təsis bəyannaməsini imzalamış təşəbbüskarlardan birinə müraciət etmək yetərlidir. Mübarizəmizi hər iki cəbhədə uğurla başa çatdırmaq üçün hər kəsin dəstəyinə ehtiyacımız var. Böyük ümidlərlə çıxdığımız uzun və şərəfli bir yolu sonuna qədər addımlayacağımıza inanıram”.

TK-nin üzvü Vurğun Əyyub komitənin 17 nəfərdən ibarət olduğunu deyib: "Hərəkatın təsisçilərindən bəziləri Təşkilat Komitəsinə öz təşəbbüsləri ilə qatılıblar. Təsisçilərə səlahiyyət verilib ki, siyahının sayında dəyişiklik etsin. Növbəti iclasda Təşkilat Komitəsinin üzvləri arasında iş bölgüsü aparılacaq”.

İsmayıl