Eyni və oxşar adlı nəşrlər qadağan olundu

KİV orqanı iki dəfə məhkəməyə verilibsə, onun fəaliyyətinin dayandırılması haqqında iş qaldırıla bilər




Ötən gün Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında” qanun layihəsinə edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə haqda məlumat verən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, dəyişikliklər KİV-lərin özünü tənzimləməsini ehtiva edir.

R.Aslanova qeyd edib ki, dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına verilməsi qadağan olunur: "Oxşar adlı nəşrlərə tez-tez rast gəlirik. Bəzən hansısa şəxs informasiya almaq istəyərkən özünü doğruldan agentliyə, qəzetə müraciət edir. Bu zaman eyni adda olan digər mətbu orqan məlumat verməklə onun reputasiyasına ziyan gətirir. Odur ki, təklif edilən dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına qoyulması qadağan edilir. Bununla bağlı qanuna "oxşar adlar” anlayışı əlavə edilir.

Eyni zamanda, KİV orqanı qərəzli informasiyalara əsasən iki dəfə məhkəməyə verilirsə, bu zaman onun istehsalının dayandırılması haqda məhkəmə qarşısında iş qaldırıla bilər. Əvvəlki qanunda bu üç dəfə göstərilirdi. Bu addımın atılması media sahəsində məsuliyyətin artırılması, bəzi qüvvələrin mediadan öz xeyrinə istifadəsinin qarşısının alınması məqsədi daşıyır.
Millət vəkili əlavə edib ki, KİV-lərin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsi aşkar edildikdə istehsalı dayandırıla bilər. Komitə sədrinin sözlərinə görə, dəyişikliklər KİV sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədi daşıyır.

"Özlərini "mücahid” kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər”

Dəyişikliklərin müzakirəsinə qoşulan millət vəkillərinin fikirləri müxtəlif olub.
Deputat İqbal Ağazadə sözügedən dəyişikliklərə ehtiyac olmadığını söyləyib: "Çünki dəyişikliklərin heç biri fundamental deyil. Azərbaycanda kifayət qədər omonim söz var, o mənada oxşar adlardan istifadə edilərək yeni media orqanı yaradıla bilər”. Deputat KİV-in istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı müddəanı da doğru saymayıb.

Millət vəkili Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: "Özlərini "mücahid” kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi ilə bağlı maddəsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi burada birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın”.

"Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib”

Millət vəkili Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: "Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbulolunmazdır. Belə yazılarda ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanla bağlı ölçü götürülməsini niyə istəməməliyəm?”.

Spiker Oqtay Əsədov T.Rzayevin dediyi yazıdan xəbərdar olduğunu vurğulayıb: "İşi bilməyərəkdən belə yazmaq, düzgün deyil. O deputatların 30-40 faizi bizi beynəlxalq təşkilatlarda təmsil edənlərdir. O qədər Azərbaycanın mövqeyini qoruyan çıxışlar ediblər ki, onların çıxışlarının əvəzinə bunu yazanlardan biri gedib dalbadal 3 söz deyə bilməz”. Deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de. Amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?”

"Şüvənqoparma nə zamana kimi olacaq?”

"İnsan tək hüquq sahibi deyil. Bir fakt da var ki, istənilən hüquqi cəza mexanizmi təkcə cəza mexanizmi deyil, eləcə də xəbərdaredici funksiya daşıyır. KİV sahəsində də məsuliyyətin möhkəmləndirilməsi digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün toplumu yerindən oynada bilir. Eyni zamanda bir söz ordunu döyüşə ruhlandıra bilər. Ona görə də hər bir sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Bu məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil”. Bunu isə Milli Məclisin xanım vitse-spikeri Bahar Muradova qanuna edilən dəyişikliklərə münasibət bildirərkən səsləndirib.

B.Muradovanın sözlərinə görə, cəzalar o şəxslərə tətbiq olunacaq ki, onlar qanunda nəzərdə tutulan müddəaları pozmuş olacaqlar: "Digərlərinin narahatçılığı nə ola bilər, başa düşə bilmirəm. Ölüm cəzası öldürən insanlar üçündür. Bunun iştirakçısı olmayanların nə qorxusu ola bilər? Elə bu məsələdə də qanunun tələblərini pozmayanların nə qorxusu ola bilər? Belə çıxır ki, məsələ siyasi dividend əldə etmək üçün lazım imiş. Artıq neçə gündür ki, mətbuatda yazılar verilir və digərləri də bunu əllərində bayraq edirlər. Guya mətbuata basqı daha da gücləndirilir. Axı, belə yanaşma nə vaxta kimi davam edəcək? Şüvənqoparma nə zamana kimi olacaq? Gəlin, bunlara bir son qoyaq”.

"Kimisə intihar həddinə gətirib çıxarmaq lazım deyildi”

Vitse-spiker qeyd edib ki, hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır: "Hanısısa işi gör və mən səni bağışlayım, get səhəri günü eyni halı təkrarla. Belə düzgün olmaz. Burada sadəcə hüquq tətbiq olunur. Ona görə də hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmayıb öz əməlinə davam edirsə, o zaman biz ona cəmiyyətdə yerini göstərməliyik. Əks təqdirdə hansı hüquqi cəmiyyətdən söhbət gedə bilər?! Həmkarlarımızdan xahiş edirəm ki, dövlətimizin milli-mənəvi dəyərlərini lazım gəldi-gəlmədi ayaqlar altına atmayasınız. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Azərbaycan prezidenti bütün qanunları ayaq altına atıb Xədicə İsmayılı buraxmalıdırmı? Hər kəs öz hərəkətinə görə cavab verməlidir. Kimisə intihar həddinə gətirib çıxarmaq lazım deyildi”. B.Muradovanın qənaətincə, qanunda dəyişikliklər məsuliyyətin daha da ciddiləşməsinə zəmin yaradacaq: "Ona görə də kənar maliyyələrlə Azərbaycan daxilindəki mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən şəxslərin məsuliyyətləri ciddi olmalı və atdığı addımlara görə məsuliyyət daşımalıdırlar. Hesab edirəm ki, dəyişikliklər mütləq şəkildə qəbul edilməlidir”.

Müzakirələrdən sonra "KİV haqqında” qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu