Deputatları qorxudan hadisələr yaşanır

Məişət zəminində baş verən səs-küylü cinayətlər parlamenti də silkələyib




İki deputat, Fazil Mustafa və Zahid Oruc ölkədə baş verən məişət zorakılığından narahatdır. F.Mustafa deyir ki, son vaxtlar baş verən qətl hadisələri vəziyyətin bu sahədə ürəkaçan olmadığının göstəricisidir. Onun sözlərinə görə, acınacaqlı durumdan çıxmaq üçün tədbirlər görülməlidir:

"Ailə üzvləri bir-birini qırır. Oğul anasını, bacı bacısını, qayınana gəlinini, nəvəsini öldürür. Biz bu vəziyyətdən təcili çıxış yolu tapmalıyıq. Azərbaycanda bu işlərə nəzarət edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Bəlkə bu komitənin səlahiyyətləri artırılmalıdır? Hər halda məişət zorakılığının artması yaxşı heç nə vəd etmir”.

Deputat həmçinin sahə müvəkkili institutunun yenidən qurulmalı və fərqli formada dirçəlməli olduğunu söyləyir: "Bu gün sahə müvəkkili vəzifəsinə ən aşağı rütbəli şəxslər təyin olunur. Eyni zamanda onların maaşı azdır. Hesab edirəm ki, onların səlahiyyətləri genişləndirilməlidir. Qoy onlar ərazidə yaşayan münaqişəli ailələri siyahıya alsınlar. İçki düşkünlərini, psixoloji problemləri olanları, narkomanları nəzarətdə saxlasınlar. Əks halda, ailə institutu zədələnəcək”.

Zahid Oruc da ölkədə səs-küylü cinayət hadisələrinin artdığı qənaətindədir: "Azərbaycanda sabitlik var və haqlı olaraq bununla fəxr edirik. Bəs niyə belə cinayətlər artır? Bunun səbəbi xaricdən ölkəmizə televiziyalar vasitəsilə daşınan filmlərdir, yoxsa bu, psixoloji vəziyyətdir? Mən bilmirəm. Bu məsələ ciddi araşdırılmalı və parlamentdə dinləmələr keçirilməlidir”.

Anar