Paytaxt nəzarətdədir

Metroda yoxlamalar vacibdir, hər an təhlükə ola bilər




Hüquq-mühafizə orqanları Bakı metropolitenində xüsusi yoxlamalar keçirib. Xüsusilə də stansiyalarda sərnişinlər diqqətlə yoxlanıb. Maraqlıdır ki, "20 Yanvar” stansiyasında olan ticarət köşklərinin işləməsinə də icazə verilməyib. Buna baxmayaraq "20 Yanvar” stansiyasına keçiddə böyük izdiham yaşanıb.

Səbəb isə stansiyanın giriş qapılarından yalnız birinin açıq saxlanılması olub. Metropolitendə Baş Polis İdarəsinin rəis müavini Kamal Şirinov isə jurnalistlərə açıqlamasında deyib ki, bu, sərnişinlərin özlərinin təhlükəsizliyi üçün atılan addımdır və baş verə biləcək terror aktlarının qarşısını almağa hesablanıb.

Azərbaycanda ola biləcək mümkün terror təhdidi ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist -ekspert İlqar Altayın sözlərinə görə, Bakı metropolitenində sərnişinlərin yoxlanması sadəcə polisin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı deyil. Onun sözlərinə görə, Azərbaycan respublikasının milli maraqlarına, mənafelərinə, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bu cür yoxlamaların keçirilməsi zəruridir: "Müvafiq hüquq-mühafizə orqanları ölkədə nə baş verdiyini çox yaxşı bilir. Hər şey aidiyyəti qurumların nəzarəti altındadır. Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansısa problem varsa da, bunu müəyyən etmək üçün dövlətin kifayət qədər imkanları var. Əgər metrostansiyalar polis nəzarətinə alınıbsa, deməli, hüquq-mühafizə orqanları bizim bilmədiyimiz hansısa təhlükə siqnalı alıb”.

Azərbaycanın kifayət qədər gərgin və mürəkkəb bir regionda yerləşdiyini vurğulayan kriminalistin sözlərinə görə, belə bir regionda Azərbaycanda sabitliyi qorumaq iqtidarında olan

dövlət rəhbərliyi müvafiq zamanlarda öz işini görür: "Biz elə bir regionda yaşayırıq ki, heç vaxt sabah da bu günkü kimi sakitlik olacaq deyə bilmərik. Ölkəmiz hər tərəfdən mühasirədədir. Bir tərəfdən dini-ekstremistlər, bir tərəfdən də Azərbaycanın dövlətçilik maraqlarına qarşı olan qüvvələr ölkəmizdə hər an təxribatlar törədə bilər. Bu mənada hesab edirəm ki, hüquq-mühafizə orqanlarının paytaxtda apardığı təhlükəsizlik tədbirləri alqışalayiqdir. Hər halda səbəbsiz yerə ola bilməz. Aparılan müsbət siyasət nəticəsində Azərbaycanda ictimai təhlükəsizlik qorunur, sabitlik var. Amma bu həmişə belə olacaq, anlamına gəlməməlidir”.

Şəymən