Rublun çöküşü...

Ruslar üçün belə fəlakət olmamışdı







Rusiya iqtisadiyyatı özünün ən ağrılı günlərini yaşayır. Rublun fantastik dərəcədə qiymətdən düşməsi ölkəni iflic vəziyyətə salıb. Artıq qələbə eyforiyası unudulub və Moskva ölkəni gözləyən fəlakəti hiss etməyə başlayıb. Rus rublu dünyada ən çox düşən valyutadan, Ukrayna qrivnasından da çox düşüb və öz dəyərinin 50 faizini itirib. Rublun dəyərdən düşməsi isə ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrini çökdürüb.

2015-ci il Rusiya üçün tənəzzül ilidir...

Britaniyalı ekspert Stev Rosenberq bildirib ki, Rusiya iqtisadiyyatı Qərb sanksiyaları və düşməkdə olan neft qiymətlərinin təzyiqi altındadır. Ekspertin fikrincə, ucuzlaşmaqda olan rubl fonunda inflyasiya 10 faizə çatıb. Düzdür, Mərkəzi Bankın əsas faizi kəskin şəkildə artırmaq qərarı istehlakçı təşvişinin qarşısını ala bilər. Lakin eyni zamanda əsas faizin qalxması, onsuz da tənəzzül həddinə çatmış ölkədə iqtisadi artımı ləngidər. Dünya Bankı da Rusiya iqtisadiyyatının vəziyyəti barədə proqnozunu mənfiyə doğru dəyişdirib. Maliyyə qurumlarının ekspertlərinə görə, 2015-ci ildə Rusiyanı əvvəl zənn edildiyi kimi durğunluq yox, tənəzzül gözləyir. Dünya Bankının proqnozuna görə, neft bazarlarında vəziyyət dəyişməz qalarsa, Rusiya iqtisadiyyatının həcmi gələn il 0,7 faiz azalacaq. Bununla belə, yaxın günlərdə Moskvaya qarşı sanksiyaların zəifləməsi və ya iqtisadi artım da gözlənilmir. Neft ixrac edən ölkələr hasilatı azaltmaq barədə razılığa gələ bilmədiyindən bu sahədə də vəziyyətin dəyişəcəyi ehtimalı azdır.

Rublun dəyərsizləşməsi "Aeroflot”a da öz təsirini göstərib

Rus rublunun qiymətdən düşməsi "Aeroflot” şirkətinə də öz təsirini göstərib. Bu haqda məlumatı "Rosaviasiya” şirkətinin rəsmi saytı yayıb. Məlumatda deyilir ki, "Aeroflot” 11 şəhərə reallaşdıran reysləri tamamilə dayandırıb. Bu şəhərlər arasında Zalsburq, Donetsk, Xurqadu, Şarm-el-Şeyx və Eylatın adları var. Aviaşirkət həmçinin, Vladivostok şəhərindən gedən reysləri də dayandırıb. Reyslərin dayandırılması Rusiyada baş verən iqtisadi böhranla bağlıdır.
İstənilən halda Putinin qarşısında bir yol var: - Qərbin sanksiyalarından qurtulmaq üçün aqressiv siyasətdən əl çəkmək və beynəlxalq hüququn qayda-qanunlarına əməl etmək. Əks halda, Rusiya milli fəlakətlə üzləşəcək və bu da sonda Putin iqtidarının sonu olacaq.

"Rusiya Ukraynadakı münaqişədən əvvəl çökməyə başlayıb”




Politoloq Vəfa Quluzadə Rusiyada müşahidə edilən iqtisadi böhran fonunda prezident Vladimir Putinin çıxılmaz vəziyyətə düşdüyünü deyib. Ekspertin fikrincə, əgər Rusiya Krımdan çıxsa, Donbas və Donetskdən birdən-birə əl çəksə, ölkə daxilində vəziyyət çox pis olacaq: "Rusiyanın Ukraynadan əlini üzməsi Putinin xarici siyasətinin iflasa uğraması deməkdir. Buna görə də Kreml Ukrayna ilə bağlı siyasətində hələlik redaktələr etməyəcək. Rusiya iqtisadiyyatının böhranlı vəziyyətdə olması, təkcə Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi deyil. Rusiya əslində Ukraynadakı münaqişədən əvvəl çökməyə başlayıb. Putin düşünürdü ki, Krımı almaqla rus xalqının fikrində dəyişiklik edəcək və qələbə əhval-ruhiyyəsi yaradacaq. O elə hesab edirdi ki, bununla Rusiya iqtisadiyyatını xilas edəcək. Amma bunların heç biri baş vermədi. Ona görə də Rusiyada vəziyyət olduqca ağırdır”. Politoloq bildirib ki, Rusiyada inqilabın baş verməsi üçün hüququn aliliyi, demokratiya və azadlıq əsas rol oynayır: "Çar Rusiyası vaxtında rus xalqına azadlıq verilsəydi, ABŞ indi Rusiya ilə müqayisədə geridə qalmış dövlət olardı. Ancaq Rusiya elitası isə heç vaxt buna imkan verməyib. Bu, indi də belədir. Rusiyanın inkişafı üçün rus xalqına azadlıq lazımdır. Hesab edirəm ki, Rusiyada böyük dəyişikliklər olacaq”.

"Rusiya müharibə etmək iqtidarında deyil”

Siyasi Konyuktur Mərkəzinin direktoru Sergey Mixeyev Ukraynadakı hadisələr fonunda Rusiya-Qərb münasibətlərinin perspektivlərini şərh edərkən əgər üçüncü dünya müharibəsi başlasa, dünyanın yarısı, o cümlədən Qərb sivilizasiyası məhv ediləcək. Rusiyalı politoloqun fikrini şərh edən Vəfa Quluzadə isə S.Mixeyevin sayıqladığını deyib: "ABŞ çox gözəl başa düşür ki, Rusiya müharibə etmək iqtidarında deyil. Eyni zamanda prezident Barak Obama da bəyanat verdi ki, Amerika qoşunları ABŞ-dan başqa heç bir yerdə döyüşməyəcək. Əslində ABŞ və Avropa çox rahatdır. Ancaq bilmirəm Sergey Mixeyev necə bir yuxu görüb? Üçüncü dünya müharibəsi başlayıb və Rusiya artıq müharibəni uduzub. İndi Rusiya kimlə müharibə edə bilər? Ölkə həm siyasi, həm iqtisadi, həm də maliyyə baxımından böhrandadır”.

"Türkiyə Rusiyanı xilas edə bilməyəcək”

Vəfa Quluzadənin fikrincə, Ankara-Moskva yaxınlaşması Rusiyanı mövcud vəziyyətdən çıxarmayacaq. Sadəcə, durumu bir az yüngülləşdirəcək: "Qara dənizin dibi ilə Türkiyəyə qaz kəməri çəkilməsi uzun zaman və külli miqdarda vəsait tələb edir. Digər tərəfdən Türkiyə Rusiyaya hər zaman külli miqdarda yüngül sənaye malları və meyvə-tərəvəz ixrac edib. Yəni harada gəlir varsa, Türkiyə oradadır. Bunun üçün yenidən müqavilə imzalamağa ehtiyac yox idi. İndiyə kimi Türkiyə Rusiyadan külli miqdarda pul qazanıb. Rusiya-Türkiyə müqavilələri Moskvanın blokadada olmadığını nümayiş etdirmək xarakteri daşıyırdı. Nəzərə almaq lazımdır ki, Putindən əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfər etdi. Amerika Türkiyə ilə öz strateji mövqelərini müəyyənləşdirdi. Putinin səfəri isə ikinci plana düşdü. Putinin "Cənub axını” layihəsindən imtinasına gəlincə, politoloq qeyd edib ki, Bolqarıstan bu kəmərin öz ərazisindən keçməsinə icazə verməməsi ilə bağlı bəyanat verib. Yəni bundan sonra Rusiya imtina etməyə bilməzdi.

"Rublun dəyərdən düşməsi aysberqin görünən tərəfidir. Rusiyanın ən ciddi problemləri qabaqdadır”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, axmaq dövlətlər müharibəni dağlarda, meşələrdə, şəhərlərdə aparır, ağıllılar isə banklarda və birjalarda: "Təəssüf ki, ən pis ehtimallarımız özünü doğrultmaqdadır. Rusiya valyutasının faciəsi buna əyani sübutdur. Amma rublun məzənnəsinin düşməsi aysberqin görünən kiçik bir parçasıdır. Əslində ən optimist hesablamalara görə, Rusiyanın ciddi problemləri hələ qarşıdadır. Çünki ölkə iqtisadiyyatının həcminin azalması hələ cəmi 5 faiz civarındadır. Rəqəm kiçik görünə bilər, amma bu, on minlərlə sahibkarın müflisləşməsi, yüz minlərlə insanın mülkiyyətinin dəyərdən düşməsi və milyonlarla insanın yoxsulluğa düçar olması deməkdir. Bu acınacaqlı vəziyyət bir daha sübut etdi ki, ölkə, millət üçün ən böyük fəlakət onu idarə edənlərin iqtisadi təfəkkürünün olmamasıdır. Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin üzləşdiyi problemlərin tək səbəbkarıdır. Ona görə ki, normal iqtisadi inkişaf modeli qurmaq, hüquqi dövlət yaratmaq, insanlara hüquq və azadlıqlar vermək əvəzinə, Putin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı adı altında imperiya qurmaq xülyasına düşdü. Siyasəti anlayan hər kəsə yaxşı bəllidir ki, bu xülyaların gündəmə gəlməsinə qədər Qərblə Rusiya arasında kifayət qədər normal əməkdaşlıq mövcud idi”.

İsmayıl