“Onlara yazığım gəlir”

Zəlimxan Məmmədli: “Ucuz və riyakarcasına məni düşmənin ayağına verirlər”
"Gürcüstanın yanlış torpaq islahatına qol çəkənlərdən biri məni kənd adlarının dəyişdirilməsi barədə susqunluqda təqsirləndirir”



"Borçalı” Cəmiyyəti İctimai Birliyinin sədri Zəlimxan Məmmədli və təşkilatın digər üzvlərinin Gürcüstana buraxılmaması borçalılar arasında qalmaqala yol açıb. Cəmiyyət səlahiyyətliləri yasaqlanmanı Gürcüstan hökumətinin məkrli addımı kimi dəyərləndirsə də, bunu təşkilat rəhbərliyinin adına yazanlar da mövcuddur.

Hətta qadağalara görə, qurum rəhbəri və yetkililərinə qarşı ağır ittihamlar səslənir. Birliyin sədri siyasi mədəniyyətsizlikdə mühakimə olunur. Təşkilat Borçalıdakı kənd adlarının dəyişdirilməsi ilə bağlı fəaliyyətsizlikdə və verdiyi vədlərə əməl etməməkdə qınanılır. Z.Məmmədli Borçalı ziyalılarının qurumdan uzaqlaşdırılmasında günahlandırılır. Cəmiyyətin intellektsiz bir kluba çevrildiyini iddia edənlər, hazırkı sədrin istefasını tələb edirlər.

İttihamlara kəskin reaksiya verən Z.Məmmədli "Şərq”ə açıqlamasında qeyd edib ki, belə qərəzli yanaşmalar indi deyil, cəmiyyətə rəhbərlik etdiyi andan başlayıb. Onun sözlərinə görə, bu çirkin oyunlar hansısa mərkəzin diktəsi ilə həyata keçirilir: "Həmin insanlarla heç bir iş ortaqlığım yoxdur. Cəmiyyətin toplantılarında iştirak etmirlər. Heç bir faydalı təklifləri yoxdur. Tədbirlərimizi aşağılamaqla məşğuldurlar. 2009-cu ildən bəri "Dədə-Camal” məclisi fəaliyyət göstərir. Bu məclis elmlə ürfan dünyasının vəhdətidir. Burda alimlərimiz Borçalı, türk dünyası və Azərbaycanla bağlı problemlərimizi müzakirə edirlər. Söz söyləyirlər, şeirlər səsləndirirlər. Ayda bir dəfə yığışırıq, insanlar bir araya gəlir. Yaxınlaşırlar. Bir-birini tanıyırlar. Hətta eləsi olub ki, bu məclisdə qohumunu görüb. Qohumluq əlaqələri daha da dərinləşib. Qohumlaşıblar. Bundan niyə əndişə keçirirlər axı? "Elat” mədəniyyətini keçirdiyimizə görə müəyyən qınaqlara tuş gəlirik. Halbuki bu mərasimlər türk dünyasına nüfuz etmiş möhtəşəm bir mədəniyyət tədbiridir. Yad mədəniyyət, dinlər və dillərin bir arada yaşaması fəlsəfəsidir. Qardaşlığın tərənnümüdür. Cənubi Qafqazda çoxmillətli və çoxmədəniyyətli mühit var. Bu auranı bir araya yığırıq. Güney Azərbaycandan qatılanlar olur. Bunu da çox görürlər. Belə önəmli tədbirləri təqdir etmək əvəzinə, aşağılayırlar. Adımıza layiq olmayan ifadələrlə çıxış edirlər. Qaragüruhçuluqla məşğuldurlar. Bildirirlər ki, həmin bayramlarda gedib yeyib-içib gəlmişik. Mən içən deyiləm. Onu bilirəm ki, həmin törənlərə sayılıb, seçilən alimlərimiz qatılır. Onların da adına bu cür ucuz ittihamlar irəli sürürlər”. Sözügedən yığıncaqlar Borçalı mədəniyyətini və Borçalı insanını türk dünyasına tanıtdırır. Adanadan böyük tədbirə qatılmışdım. Orda şahidi oldum ki, Türkiyə rəsmilərindən tutmuş, sadə insanlara qədər Borçalının dərdini bilirlər. Yaxşı mənada əl qoymaq istəyirlər. İnvestisiya yatırmaq fikrindədirlər”.

Qurum rəhbəri söyləyib ki, əsassız qınaqlar fəaliyyətlərinin məqsədli şəkildə aşağılanmasına yönəlib: "Demoqogiya ilə məşğul olmamışam. Bundan sonra da olmayacam. Çox şərəfli yol keçmişəm. Elçibəyin müavini olmuşam. Onun məktəbinin yetirməsiyəm. Hakimiyyətdə olanda da pula tamah salmadıq. İndi deyirlər ki, Zəlimxan Məmmədli paketlər alır. Paketin nə olduğunu bilmirəm. Ucuz yollarla insanların peşə nüfuzu və ictimai nüfuzuna xələl gətirmək doğru addım deyil. Onsuz da adıma yaxılan qaralar yapışmayacaq. Günəş palçıq tutmaz. Bütün tənqidlərə açığam. Təkliflər versinlər, irad tutsunlar. Desinlər ki, Zəlixan bəy bu işi doğru görmürsən. Həmin məsələnin ən optimal yolunu göstərsinlər. Belə insanların alnından öpərəm. İnsanların nüfuzuna zərbə vuracaq işlərə əl atmaq olmaz. Bu artıq tənqid deyil, təhqirdi”.

Qurum rəhbəri vurğulayıb ki, cəmiyyət heç bir siyasi proseslərə qatılmır: "Gürcüstanda yaşanan siyasi proseslərə bizi də cəlb etmək istədilər. İmtina etdik. Azad insanın seçim hüququnu əlindən almaq olmaz. Bizim seçim haqqımıza müdaxilə etmək istəyirlər. Kənardan kimə səs verməyimiz barədə göstərişlər gəlir. O, müdaxilələri rədd edirik”.

Z.Məmmədli deyib ki, rəhbərliyi dövründə çox uğurlu addımlara imza ata biliblər: "Sadəcə, bəzilərinin gözü götürmür. Borçalının problemlərini bütün səviyyələrdə qaldırmışıq. Kitablar buraxmışıq. Həmin kitabda Borçalının çiçəklənməsi yolunda apardığımız işlər yer alıb. Kimlərə müraciət etdiklərimiz göstərilib. Bir neçə layihələr hazırlamışıq. Borçalını işıqlı gələcəyə aparan geniş proqramlar hazırlayıb, Gürcüstan və Azərbaycan hökumətinə vermişik. Aidiyyəti orqanlar baxmalıdırlar. Borçalıların təhsil problemləri haqda ölkəmizin Təhsil Nazirliyinə layihələr vermişik. Nazirlik ciddi işlər görməlidir. Məktəblər açılmalıdır. Məni fəaliyyətsizlikdə qınayanlar gedib, nazirdən bunları tələb etsinlər. Elə yerlər var ki, məktəblər bərbad vəziyyətdədir. Təhsilin səviyyəsi aşağıdır. Soydaşlarımız təhsil ala bilmirlər. Elə işlər görmək lazımdır ki, oradakı ermənilər həsəd aparsınlar. Bunlara çalışmaq lazımdır”.

Birliyin təsisçilərindən olduğunu söyləyən Z.Məmmədli bəyan edib ki, Borçalının problemlərini ilk olaraq, məhz o gündəmə gətirib: "Bunu Eyvaz Borçalı da bilir. Gürcüstanın yanlış torpaq islahatına qol çəkənlərdən biri məni kənd adlarının dəyişdirilməsi barədə susqunluqda təqsirləndirir”.

Ona qarşı törədilənləri "qara piar” kampaniyası sayan Z.Məmmədli düşünür ki, həmin kəslər özlərini hansısa gürcü məmuruna yaxşı göstərmək istəyirlər: "Birləşib, həmin məmurlara qarşı mübarizə aparmaqdan, mənim ayağımdan çəkirlər. Ucuz və riyakarcasına məni düşmənin ayağına verirlər. Bu heç bir ədəb-ərkana, əxlaqa, sığmır. Mehralı bəylərin ruhuna təhqirdir. Sapı özündən olan baltalara çevrilmək doğru deyil. Baltanı bizim deyil, bizə qənim kəsilənlərin kürəyinə saplamaq lazımdır”.

Qurum sədri mübarizədən qalib çıxacaqlarını bildirib: "Fəaliyyətimizin masştabının genişlənməsinə görə, bizə tor quran gürcü məmurlarına haqlı olduğumuzu sübut edəcəyik. Niyyətləri baş tutmayacaq”.

Müsahibimiz ona qarşı çıxanları səmərəli əməkdaşlığa dəvət edib: "Niyyətlərində saflıq varsa, buyursunlar. 2009-cu ildən cəmiyyətlə əlaqəsini kəsənlər gəlib mətbuat konfransında ara qatırlar”.

"Cəmiyyətdə bir dənə ziyalı qalmayıb” fikrinə gəlincə, indiki sədr diqqətə çatdırıb ki, cəmiyyət ən intellektual qurumdur: "İndiki halda təşkilatın idarə heyətində folklor Elcan Məmmədli, akademik Ramiz Məmmədov, professor Telman Əliyev, Dərviş Osman, İsrafil Bayramov, Xaləddin İbrahimli, Nəsib Nəsibli, Mədəd Coşqun, Həsən Qurbanov, Sara Osmanlı və s. ziyalılar təmsil olunublar. Bu insanların hər biri fəaliyyətimizə dəstək verirlər. Hamısına təşəkkür edirəm. Qarşılarında baş əyirəm. Sərasər beş ildir ki, bütün qınaqlara baxmayaraq, tutduqları yolu gedirlər. İntellektual səviyyəsinə görə ən yüksək zirvədə duran təşkilatlardan biri "Borçalı” cəmiyyətidir. Aydınca görünür ki, bizə qara yaxmağa çalışırlar. Belələrinə yazığım gəlir. Özlərini güldürürlər. Bunları ortaya atıb, üstümüzə salan gürcü məmurlar onlara gülürlər”. Z.Məmmədli vurğulayıb ki, ona qarşı yürüdülən iftira dolu ittihamlara görə, məhkəmə hüququndan istifadə edə bilər: "Amma buna getmirəm. Həmin insanlar mənim ranqımda deyillər. Bu vaxta qədər ən ağır məsələlərin altından çıxmışam. Bundan da çıxacağıq. Yolumu şərəf və ləyaqətlə gedirəm. Sanballı ziyalılarla bir yoldayam. Əleyhdarlarımı düzgün yola dəvət edirəm”.

Həmsöhbətimizin fikrincə, onu yerindən oynatmaq xam xəyallardan başqa bir şey deyil: "Belə ucuz yollarla sədrliyə gəlmək olmaz. İş görmək lazımdır. Layihələrlə çıxış etmək gərəkdir. Belə olan halda sədrliyə gələ bilərlər. Görsəm ki, kimsə məndən yaxşı düşünür, məndən aktivdir, idarəçiliyi ona həvalə edərəm. Böyük bir təşkilatı xəstə təfəkkürün ümidinə buraxmaq olmaz”.

Birlik sədri onu da əlavə edib ki, kifayət qədər siyasi mədəniyyətə malikdir: "Sokrata deyirlər ki, bir nəfər sənin əleyhinə danışır. O, gözəl bir cavab verir ki, deməli ona yaxşı danışmağı öyrətməyiblər. Siyasi mədəniyyətim olmasaydı, Milli Azadlıq Hərəkatında yer almazdım. Xətai Rayon İcra Hakimiyyətinin başçısı kimi Xocalı və Xətai abidələri ilə, tarix yazmazdım. Bir ildə ucalan abidələrdir. Azərbaycanda ilk dəfə Avropa çempionatı keçirmişəm. Bunlar mənim xidmətlərimdir. Kaş həmin insanlardan biri xidmətlərimdən yalnız birini göstərəydilər. Siyasi mədəniyyət və əxlaqım olmasaydı, Avropa Sanbo Federasiyasına 2 il prezidentlik etməzdim. Mədəni dəyərlərə sadiq olmayan insanlara ingilis səs verməzdi. Bu bir tarixdi. Söyüşdən və təhqirdən uzağam. Gələni öymək, gedəni söymək təfəkküründən uzağam”.

Ayyət Əhməd