Kimlərsə özlərini reklam edir: “Heç kim düşünməsin erməni ailəsi kəlbəcərli girovlara görə qaytarılıb”








2010-cu ildə ölkəmizə keçən və o vaxtdan Bakıda yaşayan erməni ailəsini humanizm prinsiplərini rəhbər tutaraq Ermənistana təhvil vermişik. Gevorkyan ailəsini üçüncü heç bir dövlət qəbul etmədiyindən rəsmi Bakı belə bir qərar qəbul edib.

Ancaq bu qərarın Xankəndində kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində gedən qondarma məhkəmə prosesinin yekunlaşmaq ərəfəsində verilməsi cəmiyyətdə müəyyən fikirlərin yaranmasına səbəb olub. Bəziləri iddia edirlər ki, qondarma məhkəmənin "qərarı” ərəfəsində erməni ailəsinin təhvil verilməsi girovların geri qaytarılması üçün atılmış uğurlu taktiki gedişdir. Yəni onlar hesab edirlər ki, Gevorkyan ailəsi girovların qaytarılması şərti ilə İrəvana təhvil verilib. 

Bu barədə yayılmış söz-söhbətə münasibət bildirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova kəlbəcərli girovlarla erməni ailəsinin dəyişdirilməsinin hüquqi baxımdan mümkünsüz olduğunu deyib. 

Qurum rəhbərinin sözlərinə görə, bu cür fikirləri ortaya atanlar özlərini reklam etmək məqsədi güdürlər: "Əvvəla onu deyim ki, bəhs edilən erməni ailəsi Azərbaycana sığınmış qaçqınlar idi. Beynəlxalq hüquqlara əsasən millətindən asılı olmayaraq, istənilən şəxs ölkəmizə siyasi sığınacaqla bağlı müraciət edə bilər. Azərbaycan hüquqi prosedura uyğun olaraq Gevorkyan ailəsini qəbul etdi və onları üçüncü ölkəyə təhvil vermək üçün danışıqlara başladı. Lakin heç bir ölkə erməni ailəsinə sığınacaq verməyə razı olmadı. Çünki ailə başçısının adı bir neçə cinayətdə hallanır. Erməni ailəsi beynəlxalq hüququn şərtlərinə görə öz ölkəsinə təhvil verilib. Heç kim düşünməsin ki, Gevorkyan ailəsi kəlbəcərli girovların qaytarılması şərti ilə qaytarılıb”.

E.Orucova bildirib ki, bu məsələni ortaya atanlar beynəlxalq konvensiyanın hansı maddəsinə əsasən erməni ailəsi ilə azərbaycanlı girovların dəyişdirilməsinin mümkün olduğunu izah etməlidirlər: "Azərbaycana sığınan bir ailənin girovlarla dəyişdirilməsi heç bir beynəlxalq sənədə uyğun deyil. Əlbəttə, girovlarımızın geri qaytarılmasını çox istəyirik. Ancaq bu cür dəyişiklik humanizm qanunlarına ziddir. Ola bilsin, kimlərsə özlərini reklam etmək məqsədi ilə belə məsələni gündəmə gətiriblər”. Birlik sədri mətbuatda girovlarla bağlı yanlış və qorxuducu informasiyaların getməsinə də etiraz edib: "Mən Dilqəm Əhmədovun və Şahbaz Quliyevin ailə üzvləri ilə mütəmadi əlaqədə oluram. Onların necə əzab çəkdiklərini yaxşı bilirəm. İnanın, girovlarımızın orada məruz qaldıqları təzyiqin iki-üç qatını onların ailəsi, qohumları burada çəkirlər. Çünki bəzi insanlar və müxtəlif mətbu orqanların əməkdaşları ağızlarına gələni yazır və girovlarımızın yaxınlarını boş yerə həyəcanlandırırlar. Bəzən məqalələrə yoxlanılmamış, dəqiqləşdirilməmiş elə başlıqlar qoyurlar ki, insan həmin sərlövhələri görəndə dəhşətə gəlir. Belə şeylər yanlışdır. O cür yazılar girovlarımızın ailə üzvlərinə psixoloji təzyiq göstərir. Onlara boş yerə ümid verir və ya əksinə, ümidlərini qırır”.

İsmayıl