Azərbaycanlı İŞİD-ə 1500 dollar “atıb”

“Bu fakt göstərir ki, gənclərimiz, məhz pula görə terrorçulara qoşulurlar”



Din, "cihad” uğrunda azərbaycanlıların Suriyaya getməsi, İŞİD-ə qoşulması artıq bir neçə ildir ki, ölkəmiz üçün baş ağrısına çevrilib. Gənclərimizin gizli yollarla İŞİD-ə qoşulması, Suriyaya keçmək istəyərkən azərbaycanlıların Türkiyə sərhəddində hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, yaxud da gənclərimizin öldürülməsi ilə bağlı hər gün müxtəlif xəbərlər almaqdayıq.

Bu dəfə yayılan məlumat isə tamam fərqlidir. Budəfəki "qəhrəman”ımız nə Türkiyə sərhəddində saxlanıb, nə də öldürülüb. Həmyerlimiz dünyaya meydan oxuyan, az qala supergüc dövlətlərin belə onlara qarşı mübarizədə aciz qaldıqları "İslam dövləti”nə "atıb”. Həmyerlilərimiz Suriya uğrunda döyüşlərə qatıldığı, İŞİD-ə qoşulduğu andan bəri onların bu addımı din həmrəyliyi, "cihad” üçün etdiklərinə dair müxtəlif fikirlər yayılmaqdadır. Doğrudur, zaman-zaman onların məhz maddi çatışmazlıq ucbatından qanunsuz silahlı qruplaşmalara qoşulması da zaman-zaman ortaya atılmaqdadır.

Sözügedən hadisə bir daha sübut etdir ki, azərbaycanlıların İŞİD-ə qoşulmasında dini faktordan daha çox maddiyyətlə bağlıdır. Qeyd edək ki, İŞİD-ə qoşulmaq bəhanəsi ilə təşkilat üzvlərinə pul "atan” azərbaycanlı peyda olub. Ehtiram İslamov Eldar oğlu adında bir şəxs azərbaycanlı müsəlman qrupdan 1500 dollar alaraq yoxa çıxıb.

Azərbaycandan İstanbula gələrək İŞİD-ə qoşulmaq istədiyini deyən Ehtiram İslamov Eldar oğlu adında dələduz, burada olan bir azərbaycanlı ilə əlaqə yaradıb. Maddi imkansızlıqdan əziyyət çəkdiyini deyən bu şəxs İŞİD-dən 1500 dollar yardım alıb. Daha sonra yardıma ehtiyacı olanların 11 nəfər olduğunu deyərək, daha çox pul istəyib. Bu zaman ondan şübhələnməyə başlayıblar. İŞİD üzvlərinin ondan şübhələndiyini görən Ehtiram İslamov aradan çıxıb.

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun da sözlərinə görə, elə İŞİD-ə qoşulan azərbaycanlıların əksəriyyəti məhz maddiyyat üçün bu addımı atırlar: "Bunu elə-belə demirəm. Saxlanılan şəxsləri dindirdiyim zaman bunu özləri etiraf ediblər. Onu da deyim ki, onların hər biri İŞİD-ə qoşulduqları üçün yetərincə peşmanlıq hissi keçirirlər. Əgər bunun mənəviyyatla bir bağlılığı olsa idi, bəlkə də onlar bu gün peşman olduqlarını dilə gətirməzdilər. Bunun özü də göstərir ki, azərbaycanlılar İŞİD-in tərkibində pul üçün döyüşürlər”.

Hüquq müdafiəçisinin sözlərinə görə, 5-3 manata görə gənclərin öz həyatlarını məhv etməsi heç də xoşagələn hal deyil. Onlar bilməlidirlər ki, bu gün 5-3 manat alıb, İŞİD tərkibində döyüşsələr belə, sabahkı gün ölkəyə qayıdanda mütləq həbs olunacaq, qanunsuz silahlı birləşmələrə qoşulduqları üçün qanun qarşısında cavab verəcəklər. Onlar tutulandan sonra peşman olduqlarını dilə gətirirlər. Amma hər bir azərbaycanlı, xüsusən də İŞİD-ə qoşulmaq fikrində olanlar bilməlidir ki, sonrakı peşmanlıq fayda vermir. Ölkənin qaydalarını pozan hər kəs gec- tez qanun qarşısında cavab verməli olacaq: "Hər dəfə İŞİD-ə qoşulduğu üçün saxlanılan gənclərlə görüşəndə deyirəm ki, bizim ən ağrılı yerimiz Qarabağdır. Əgər belə qeyrətli, qüvvətlisinizsə, gedin Qarabağda ermənilərə qarşı vuruşun. Torpaq uğrunda şəhid olun! Başqa bir dövlətin ərazisindəki mənsəb davasına qoşulmaq, 5-10 manata görə başqası üçün döyüşmək bizim millətimizə xas xüsusiyyət deyil”.

E.Behbudovun sözlərinə görə, İŞİD tərkibinə məhz din həmrəyliyi üçün qoşulanlar belə yenə də maddiyyat müqabilində döyüşür: "Saxlanılan İŞİD-çilərlə söhbət aparan biri olaraq, deyim ki, İŞİD-ə qoşulanların əksəriyyəti vəhhabilərdir. Bununla belə, onların böyük əksəriyyəti İŞİD üçün havayı döyüşmürlər. Onların hər biri din qardaşlığı, "cihad” adı altında pula görə döyüşürlər. Bunu özləri də təsdiq edir. Din uğrunda "cihad”a görə. İŞİD-ə qoşulduğunu deyənlərin belə bir az dərinə gedəndə sırf maddiyyat üçün döyüşdüyü üzə çıxır”.

Şəymən