“Deputat da, spiker də haqlıdır”

Sığorta şirkətlərinə artıq etimad göstərilmir



Azərbaycanda sığorta bazarının inkişaf etmədiyi, sığorta şirkətlərinin vətəndaşların etimadından sui-istifadə etdiyi barədə müzakirələr dəfələrlə gündəmə gəlsə də, hələ də bu sahədə böhranlı vəziyyət hökm sürür.

Məhz elə bunun nəticəsidir ki, Milli Məclisin ötən iclasında "İcbari sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı sığorta şirkətlərini sərt tənqid atəşinə tutub. O, zərərçəkmiş avtomobil sahiblərinin dəymiş zərəri sığorta şirkətlərindən ala bilmədiyini vurğulayıb. Bu barədə külli miqdarda faktların olduğunu qeyd edən millət vəkili burada qətiyyən DYP-ni günahlandırmaq fikrində olmadığını bəyan edib. Sığorta şirkətlərinin bu gün kommersiya bankları kimi Azərbaycan vətəndaşlarının qanını sormaqla məşğul olduğunu deyən F.Ağamalı hesab edir ki, bu məsələ ilə bağlı ciddi addımlar atılmalıdır. Ağamalının fikirləri ilə həmrəy olan spiker Oqtay Əsədov da bu sahədə ciddi problemlər olduğunu bəyan edib. İnsanların sığortadan çox ciddi şəkildə əziyyət çəkdiklərini vurğulayan spiker də hesab edir ki, bununla bağlı tədbir görmək, müəyyən dəyişiklik etmək lazımdır ki, insanlar icbari sıortadan, öz verdikləri pullardan ziyan çəkməsinlər”.

Sığorta sisteminin olduqca həssas bir sistem olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, məhz bu məqama daima diqqət yetirmək lazımdır: "Həssas sistem olduğu üçün hər hansı bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirməməsi ümumilikdə sığorta sisteminə qarşı inamın kəskin azalmasına gətirib çıxarır. Aparılan monitorinqlər də göstərir ki, bəzi sığorta şirkətləri üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir”.

Ekspert cəmiyyətdə sığorta şirkətlərinə qarşı inamsızlığın yaranmasının səbəblərinə aydınlıq gətirərkən söyləyib ki, neqativ hallar əsasən avtomobillərin sığortalanması zamanı daha çox özünü göstərir: "Avtomobilin sığortası zamanı şirkətlər çalışırlar ki, dəymiş ziyanı ya ödəməsinlər, ya da ki, az miqdarda ödəsinlər. Bu cür hallar vətəndaşlarda sığorta şirkətlərinə qarşı inamsızlıq yaradır. Eyni halda bir çox hallarda sığorta şirkətləri dəymiş ziyanı ödəməkdən çox, ödəməməyə meyl göstərirlər. Əslində isə sözügedən şirkətlər dəymiş ziyanı ödəməyə çalışmalıdırlar ki, insanlarda sığorta şirkətlərinə qarşı inam azalmasın”. V.Bayramov onu da deyib ki, hazırda sığorta şirkətlərinə inamın artırılması üçün birmənalı şəkildə sığorta müqavilələri üzrə standartların tətbiqinə ehtiyac var: "Müşahidələrimiz göstərir ki, sığorta müqavilələrində əsas maddələr ya kiçik hərflərlə qeyd edilir, ya da ki, vətəndaşa izah olunmur. Bu da nəticə etibarı ilə sığortalanan tərəfin şərtlərlə tanış olmamasına gətirib çıxarır. Müqavilələrin vətəndaşların başa düşə biləcəyi dildə yazılmasına və izah edilməsinə ehtiyac var”.

İqtisadçının sözlərinə görə, sığorta hallarının gözə alınması prosedurları yüngülləşdirilməlidir: "Bəzi vaxtlar qəzaya məruz qalan avtomobil yol polisi tərəfindən yolun kənarına çəkilir. Əks halda yolda geniş tıxac yarana bilər. Belə olan halda sığorta şirkətləri ziyanı ödəməkdən imtina edirlər ki, avtomobil qəza yerində deyil. Ona görə də sığorta şirkətləri qəza törətmiş və ya qəzaya məruz qalmış avtomobillərin kənara çəkilməsinə dair icazə verməlidir. Eyni halda Maliyyə Nazirliyi yanında sığorta şirkətlərinə nəzarət edən idarə bu istiqamətdə işlərini gücləndirməlidir”.

Şəymən