BDU-nun tarixini yazdılar

Elm ocağında müsabiqənin qalibləri mükafatlandırıldı




Dünən Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 95 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş "Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universitetinin bu milli sərvət adını qazanmaq yolundakı acılı-ağrılı günlərindən bəhs edib. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”, - fikrini xatırladan rektor bildirib ki, BDU yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə həmin sözləri həqiqətə çevirib, hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Rektor A.Məhərrəmov Bakı Dövlət Universitetinin mətbuatla, kütləvi informasiya vasitələrinin bütün qolları ilə münasibətində Azərbaycan dövlətinin demokratik prinsiplərini əsas tutduğunu bildirib. Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevin "Bakı Dövlət Universiteti və mətbuat” adlı məruzəsindən sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova qalibləri elan edib.

"Bizim alma-mater” adlı sənədli filminə görə 1-ci yerin qalibi Azərbaycan Dövlət Televiziyasının əməkdaşları - Mintac Elsevər və Arzu Məmmədova, "Ali təhsil məktəblərinin flaqmanı” yazısı ilə 2-ci yerin qalibi "Respublika” qəzetinin əməkdaşı Qədir Aslan və "Azərbaycanın NANO məktəbi - BDU” adlı sənədli filminə görə Region TV-nin əməkdaşı Aynur Nəsirova, 3-cü yerin qalibləri - "Azərbaycan elminin mayakı” məqaləsi ilə "Trend” İnformasiya Agentliyinin əməkdaşı Vəfa Şairova və "Azərbaycan elminin BDU brendi” məqaləsi ilə bakupost.az saytının əməkdaşı Fərəh Sabirqızı olublar. Müsabiqədə iştirak edən digər jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim edilib. Qeyd edək ki, mükafatçılar arasında "Şərq”in iki əməkdaşı da yer alıb.

Şəymən