Xəstə oğlanlara qız verilməyəcək

Tibbi arayışın tələb olunmasında bəzi məqamlara diqqət yetirilməlidir

    


Nikaha daxil olmaq istəyən şəxslərdən tibbi müayinədən keçdiklərini təsdiqləyən arayış tələb ediləcək. Prezident İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə təklif olunmuş dəyişikliyi təsdiqləyib. Beləliklə, nikahdan öncə tibbi arayışın təqdim olunması qanuniləşib.

Nikah bağlamaq istəyən və bu barədə VVAQ şöbələrinə müraciət edən cütlüklər qanuna əsasən, ərizə ilə yanaşı, həm də tibbi müayinədən keçdiklərini təsdiq edən müvafiq sənəd təqdim etməli olacaqlar. Bu sənədi isə yerli icra hakimiyyəti orqanları təqdim edəcək. Müayinənin nəticələri isə sirr saxlanacaq. Yəni, heç bir orqan cütlüklərdən tibbi müayinənin cavabını tələb edə bilməz. Bu, yalnız evlənmək istəyənlərin arasında qalan məsələ olacaq. Sadəcə, əgər tərəflərdən biri hansısa xəstəliyə yoluxarsa, qarşı tərəfi məhkəməyə verə və nikahın etibarsız sayılmasını tələb edə biləcək.

Amma məsələ ətrafında müxtəlif fikirlər də səslənir. Məsələn, evlənmək istəyən cütlüklərin VVAQ şöbələrində rüşvət təklifi, poliklinikalarda həkimlərdən pulla arayış almaq və s. Azərbaycan reallığında bunun qeyri-mümkünlüyünə inanmaq çətindir. İnsanlar hətta bir yerə işə düzələndə də özlərinə əziyyət verib, əslində isə lazımlı bir işi görməyə ərinib arayış almaq məsələsini pulla həll edirlər. Belədə evlənənlərin könüllü surətdə tibbi müayinəyə baş vuracağına və sağlamlıqları ilə bağlı bütün "kartları” açıb ortaya qoyacaqlarına necə təminat vermək olar?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Prezidentin qanun layihəsini təsdiqləməsini mütərəqqi addım sayır və bunu gələcək nəslin sağlamlığı baxımından vacib sayır. Amma ekspert bir sıra məqamlara xüsusi diqqət yönəltməyin tərəfdarıdır:

- Nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir. Qanunun Prezident tərəfindən təsdiqlənməsi də onu göstərir ki, ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir. Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti bundan hələ çox uzaqdır. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının, ya oğlunun ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir. Hətta narkotiklərə qurşanmış oğlanları da "aydan arı, sudan duru” kimi təqdim edirlər. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb. Bizim cəmiyyət, təəssüf ki, ailə müqəddəsliyini unutmağa başlayıb və ilk gündən etibarən gələcək ailənin təməlini yalan üstündə qurmağa üstünlük verirlər. Anaların bir dərdi var ki, nə olursa-olsun, qızını ərə versin. Daha bunun sonrası necə olacaq, onu düşünmürlər. Bizdə hələ o səviyyə formalaşmayıb ki, elçiliyə gələn oğlandan tibbi arayış tələb etsinlər. Oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək ki, nə çoxdu qız, gedib başqasını alarıq. Amma daha fikirləşmirlər ki, bu, həm adamın özü üçün, həm də gələcək həyat yoldaşı və dünyaya gələcək övladları üçün, ümumilikdə hamı üçün lazımlı və vacib bir işdir. Ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir. Müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar bəzən ailələrin dağılması ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın da sağlamlığına laqeyd qalmamalıdır.

Bəs, hansı mexanizm lazımdır ki, evlənəcək cütlüklər bu vacib amildən yayınmasınlar?

M.Zeynalova hesab edir ki, qanunun icrası mexanizmində bəzi detallar nəzərə alınmalıdır:

- Evlənməyə hazırlaşan cütlüklərin tibbi müayinədən keçməsini təmin edəcək bir mexanizm varmı? Biz hardan bilirik ki, sabah insanlar o sənədləri saxta yolla əldə etməyəcək? Bu gün fəaliyyət göstərən VVAQ strukturunda köklü islahatlar aparılmalıdır. VVAQ şöbələrində məlumatlandırma büroları yaradılmalı, hüquq məsləhəti, psixoloq məsləhəti verilməlidir. VVAQ şöbələri bu xidmətləri paket halında təklif etməlidir. Həm də pulsuz! Maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Məsələn, telekanallarda maarifləndirici proqramlar olmalıdır. Qanun imzalanıb, bundan siz jurnalistlər xəbərdarsınız, biz qeyri-hökumət sektorunda çalışanlar, hüquqşünaslar, bu sahə ilə bağlılığı olanlar xəbərdardırlar. Kütləvi şəkildə əhalinin bundan xəbəri olmaya da bilər. Bəlkə sabah cütlük VVAQ şöbəsinə müraciət edəndə, elə oradaca onlara rüşvət müqabilində bu tibbi sənəd təklif olunacaq? Yəni, biz çalışmalıyıq ki, hərtərəfli iş aparılsın. İnsanlarla maarifləndirmə aparılsın ki, evlənməyə hazırlaşanlar sağlamlığa diqqətin necə vacib amil olduğunu anlasınlar. Biz təklif edirik ki, tibbi arayışın təqdimatı VVAQ şöbələrinin daxilində olsun. Gəncləri daha harasa, hansısa poliklinikaya göndərməsinlər. Məsələlər yerində həll edildikdə, rüşvətə, başqa mənfi hallara da az rast gəlinir, bunların qarşısı alınır.

Digər bir vacib məqam qanunun dini kəbini əhatə etməməsidir. Qanun rəsmi nikaha aiddir. Amma məlumdur ki, hazırda ölkədə dini kəbinlə qurulan ailələr var və az da deyil. Bəs, bu zaman məsuliyyət kimin üzərində qalacaq? Yaxşı olardı ki, qanun dini kəbinə də aid edilsin və bu məsələdə məsuliyyət dini qurumların üzərinə qoyulsun. Doğrudur, qanuna əsasən kəbin zamanı rəsmi nikah sənədi tələb edilməlidir, amma hamımız bilirik ki, hazırda sənədsiz-sübutsuz da kəbin kəsilir. Və bu da həm ailələrin sağlamlığını təhdid edir, həm də gələcəkdə onlara hüquqi yardım göstərilməsində maneələr yaradır.

M.Zeynalova tibbi arayışa daxil edilən xəstəliklərlə bağlı da bəzi boşluqların olduğunu dedi:

- Bu, xüsusilə də NİV və şizofreniya xəstəliklərinə aiddir. Məlumdur ki, NİV xəstəliyində 3 ay "pəncərə” dövrü var. Yəni, insanın NİV-ə yoluxduğu 3 ay sonra üzə çıxır. Bizdə də əsasən toydan 1 ay əvvəl nikah üçün arayış təqdim edirlər. Belə vəziyyətdə tərəflərdən hansınınsa NİV virusu daşıyıcısı olması 3 ay sonra üzə çıxa bilər. Eləcə də, şizofreniya xəstəliyinin gizli dövrü olur. Ona görə də yaxşı olardı ki, tibbi müayinədən keçmənin müddətinə diqqət yetirilsin. Rəsmi müraciətdən 3 ay əvvəl və 3 ay sonra tibbi müayinə sənədi tələb olunsun.

Qanunun bir müsbət tərəfi də budur ki, məişət zorakılığı zəminində qazanılmış xəstəliklərə görə, tərəflər kompensasiya tələbi ilə çıxış edə biləcəklər. Qanunun mövcudluğu buna imkan verəcək. Hesab edirəm ki, ümumilikdə əhalinin öz sağlamlığına münasibəti dəyişməlidir. Təəssüf ki, bizdə sağlamlığa münasibət "0” dərəcəsindədir. Hələ qanunun maarifləndirmə mərhələsi həyata keçirilməlidir. Fikrimcə, qanun 5 il sonra daha işlək vəziyyətdə olacaq. Əsas iş şəxslərin ailə məsuliyyətinin artırılması istiqamətində olmalıdır. Çünki bu məsuliyyət hissini insanlara aşılamadan qanunla, qadağa ilə onları buna cəlb etmək çətin olacaq. Hətta qanunun tətbiqi qeyri-rəsmi nikahların artmasına da səbəb ola bilər. Bəziləri tibbi arayış "dərdindən” qeyri-rəsmi nikaha meyl edəcəklər. Bunun qarşısının alınması üçün ciddi maarifləndirmə işləri aparılmalıdır.

Məlahət Rzayeva