Anarın ata evi bu bərbad küçədədir (FOTO)





Göyçay rayonu, Nigar Rəfibəyli küçəsində yaşayan sakinlər bərbad yol problemindən cana doyub.
Bu barədə Axar.az-a şikayət edən yerli sakinlərin sözlərinə görə, küçədən nə piyadalar, nə nəqliyyat hərəkət edə bilir. Yolların çala-çuxur, darmadağın vəziyyətdə olmasına biganəlik əhalini hər gün eyni məşəqqəti yaşamağa məhkum edib.
Sakinlər yazırlar ki, küçə başdan-başa palçıq içindədir, gölməçələr yaranıb və cavabdeh qurumlar bir maşın asfalt tökmək istəmir. Onların sözlərinə görə, Anarın anası Nigar Rəfibəylinin adını daşıyan küçədə, atası, Xalq şairi Rəsul Rzanın öz evi yerləşir. Şairin bu evinin qarşısında böyük bir gölməçə yaranıb.

"Bizi fikirləşmirlər, heç olmasa böyük şairə qarşı hörmətsizlik olmasın. Yəqin Anar müəllim bu yerə gəlib-getmir, yoxsa atasının evinin qabağında yolun bərbad vəziyyətdə olduğunu görərdi. Biz yay-qış əziyyət çəkirik. Qışda yağış yerə dəyən kimi yol keçilməz olur. Nigar Rəfibəylinin adını daşıyan küçədə yol belə olmamalıdır,”- deyə şikayətçilər qeyd edirlər.