Suriya erməniləri Qubadlıya köçürülür?

Qanunsuz prosesi faktaraşdırıcı missiya da təsdiqləyir, ancaq nəticə yoxdur



Dağlıq Qarabağa Suriya ermənilərinin qanunsuz köçürülməsi prosesi davam edir. Məlumata görə, Qubadlının Xanlıq kəndində Suriya erməniləri üçün nəzərdə tutulan yeni çoxmənzilli yaşayış binasının tikintisi tamamlanmaq üzrədir. Tikinti işləri Amerika ermənilərinin yaratdığı "Tufenkyan” fondu tərəfindən maliyyələşdirilir.

Bundan əvvəl də fondun ayırdığı pul hesabına işğal altındakı Xanlıq kəndində 37 evdən ibarət yaşayış məhəlləsi salınıb. 200 nəfərdən artıq sakini olan kənddə məktəb, bağça, tibb məntəqəsi, maşın-traktor stansiyası fəaliyyət göstərir. Məlumdur ki, ərazilərimizdəki qeyri-leqal məskunlaşmalar barədə Azərbaycan tərəfi dünyanın nüfuzlu təşkilatlarını müntəzəm olaraq məlumatlandırır. Həmin köçürülmələrin beynəlxalq hüquqa zidd olduğunu onların diqqətinə çatdırır. Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ədalətli mövqe sərgiləməyə səsləyir. Buna rəğmən, heç bir uğurlu nəticənin şahidi olmuruq. Bütün hallarda beynəlxalq qurumlar məsələ barədə ikili standartlarla çıxış edirlər. Sözsüz ki, bu da münaqişə haqda status-kvonun saxlanılmasına xidmət göstərir.
İkili standartların səbəblərini izah edən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, onlar Azərbaycanın deyil, öz maraqlarının təminatına çalışırlar: "10 ildən çoxdur ki, Azərbaycan hökuməti dünyanın ən böyük təşkilatlarından olan BMT və ATƏT qarşısında məsələ qaldırır. Heç bir reaksiya yoxdur. Qarşısı alınmır. Hətta ölkəmizin təkidli tələbi ilə faktaraşdırıcı missiyası 3 dəfə o ərazilərdə olub. Azərbaycanın irəli sürdüyü faktlar öz əksini tapıb. Missiya bunu yekun hesabatında təsdiq edib”.
Deputat bəyan edib ki, ərazilərimizə yalnız Suriyadan deyil, dünyanın müxtəlif ölkələrindən də ermənilər gətirilir: "Hər şey beynəlxalq qurumların gözü qarşısında həyata keçirilir. Məsələnin qarşısını almaq ATƏT-in Minsk Qrupu və BMT-nin üzərinə düşür. Onlar isə bədnamların qanunsuz davranışlarını dəstəkləməklə məşğuldurlar. Hətta bəraət də qazandırırlar. Həmsədrlərlə bir neçə dəfə görüşmüşəm. Onlarla danışanda elə düşünürəm ki, Xocalıda soyqırım törədənlərlə söhbət edirəm. Çünki separatçını dəstəkləyən də təcavüzkardır”.
Parlament üzvünün fikrincə, artıq silahlar danışmalıdır: "Beynəlxalq institutlar laqeyd və biganə yanaşırlarsa, məsələnin ədalətli həllində maraqlı deyillərsə, Azərbaycanın qarşısında yalnız bir yol qalır. Bu da silaha sarılıb, torpaqları azad etməkdən ibarətdir”.

Ayyət Əhməd