Ölkədə saxta kəbinlər kəsilir

Ən çox haqqı tapdanan qadınlar olur


Son günlər ictimai müzakirəyə çıxarılan ən əsas mövzulardan biri dövlət və dini nikahla bağlıdır. Bəziləri iddia edirlər ki, cütlüklər ailə qurarkən əsasən dövlət nikahına üstünlük verməlidirlər və dini kəbin o qədər də əhəmiyyət kəsb eləmir. Lakin bunun əksini düşünənlər daha çox üstünlük təşkil edirlər.

Qeyd edək ki, Azərbaycanın Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə saxta kəbinlərin kəsilməsindən də narahatlığını ifadə edib. M.Qurbanlı bildirib ki, son vaxtlar islamın qaydalarına zidd kəbin kəsənlərin sayı artıb. Komitə sədri qeyd edib ki, xüsusən

erkən evliliklərdə tərəflərdən birinin iştirakı olmadan kəbinlər kəsilir: "Bu kəbini kəsən axund və ya imam nə etdiyini bilirmi? Kəbin kəsiləndə hər iki tərəf iştirak etməlidir və bu, islamın çox konkret tələblərindən biridir. Əgər onlardan biri iştirak etmirsə bu, kəbin deyil, haramdır. Maraqlı olan budur ki, rəsmi nikah hüquqi əhəmiyyət kəsb etdiyi halda, bəs dini nikahın cütlüklərin gələcək həyatlarına nə kimi təsiri var?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, molla kəbininin də yaxşı tərəfləri var və onlara əməl edilsə, tərəflərin hüquqlarını qorumaq olar: "Saxta kəbinlər yolverilməzdir və bu, birbaşa qarşı tərəfin hüquqlarının pozulmasıdır. Xüsusən də, bu saxtakarlıq erkən nikahlarla bağlı olduğu zaman birbaşa cinayət tərkibi daşıyır. Kəbin hər iki tərəfin razılığı və iştirakı ilə kəsilməlidir. Əks halda, yolverilməzdir”.

M.Zeynalova deyib ki, Azərbaycan Konstitusiyasında nikah hüquqları haqda qanunvericilik aktı var və yalnız o, nikah üçün mütləqdir. Amma ənənələrimizdən də imtina etməli deyilik. Dininə hörmət edən hər bir şəxs kəbin kəsdirməli və onun qaydalarına əməl etməlidir. Ailə quran cütlüklərin bir qayda olaraq həm dini, həm də hüquqi nikah bağlamağa üstünlük verdiklərini xatırladan M.Zeynalova erkən yaşda evlənmələrdə ancaq dini nikah bağlanıldığını və qanunvericiliyimizdə cinayət əməli kimi təsbit edilən belə hallara qarşı mübarizə aparmaq lazım olduğunu da vurğulayıb.

İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, xristianlıqda kilsə kəbini olduğu kimi bizdə də dini kəbin sonradan dinə əlavə olunub: "Dini kəbin anlayışı dində yoxdur. Sadəcə dinimizdə əqd olub və bizim hüquqda da istifadə olunur. Əqd yəni müqavilə. İki adam müqavilə bağlayır, burda şahidlər də olur. Bu, dövlətimiz tərəfindən həyata keçirilən qeydiyyat idarəsində də eynidir, sadəcə olaraq burda olan fərq mehriyyədir. Mehriyyədə təyin olduqdan sonra nikah müqaviləsinin dini əqdlə heç bir fərqi olmur. Dini kəbin deyilən anlayışda xüsusi duaya ehtiyac yoxdur”.

İlahiyyatçının sözlərinə görə, ümumiyyətlə, islam dinində "dini, yaxud rəsmi nikah” anlayışı yoxdur: "İslamda konkret qadın və kişi münasibətlərini tənzimləyən əqd var. "Əqd” sözü indi də bizim qanunvericiliyimizdə var. Əqd iki tərəfin qarşılıqlı razılığı və şahidlərin hüzurunda kəsilmiş müqavilədir. Əqdi əsasən dövlət tərəfindən qeydiyyata alınan və hüquqi bazası olan, dövlət tərəfindən təyin edilən şəxs kəsməlidir. Bu qurum da Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı şöbələridir. Sözügedən qurumun kəsdiyi kəbin həm dini, həm də dövlət kəbini sayılır və bu zaman hər iki tərəfin haqqı qorunur”. E.Mirinin fikrincə, dövlət tərəfindən kəbin kəsilməyəndə, ən çox haqqı tapdalanan qadınlar olur: "Kəbində əsas məqsəd nikahın hüquqi baza üzərində qurulması, gələcəkdə hansısa problem olarsa, tərəflərin hüquqlarının qorunmasıdır. Dinimizə görə, kəbində heç bir xüsusi ifadə yazılmalı, yaxud deyilməli deyil. Dinimizdə göstərilməyib ki, nikahı mütləq molla, yaxud dini bilgisi olan adam kəsməlidir. Ümumiyyətlə, islamda bildirilən şərtlər yerinə yetirilərək kəbin kəsilirsə, bu, kəbinin dini bilgisi olan adam tərəfindən kəsilməsi vacib deyil. Əsas odur ki, hər iki tərəfin razılığı olsun, onların şahidlərinin imzası, valideynlərin rizası ilə gerçəkləşsin. Bir də mehr məsələsi tənzimlənməlidir”.

E.Miri ailələrdə hər hansı problem olanda, insanların mollaya deyil, dövlətin orqanı olan məhkəmələrə müraciət etdiklərini də xatırladıb.

Şəymən