Avropa oyunlarında dünyanın diqqəti Bakıda olacaq

Paytaxt küçələrində Qarabağı xatırladan videoroliklərin quraşdırılması vacibdir



Bakı 2015-ci ilin mayında baş tutacaq Avropa Olimpiya oyunlarına hazırlaşır. Ölkədə bu istiqamətdə nəzərəçarpan tədbirlər gerçəkləşir. Artıq bir müddətdir ki, paytaxt və ətraf rayonların küçələrində abadlıq-quruculuq işlərinə başlanıb. Demək olar ki, bütün yolların kənarında ölkəmizin gəzib-görməli, səfalı və mənzərəli guşələrini əks etdirən reklam lövhələri quraşdırılır. Şübhəsiz ki, bunlar göz oxşayan Bakımızı daha da gözəlləşdirir.

Lakin nədənsə, Dağlıq Qarabağ barədə həqiqətləri təbliğ edən reklam plakatlarına rast gəlinmir. Əslində isə bu beynəlxalq əhəmiyyətli layihə Ermənistanın işğalçı dövlət olmasını dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük bir fürsətdir. Əfsuslar olsun ki, hazırda bu yöndə hansısa addımın şahidi olmuruq.

Münaqişə haqqında həqiqətlərin dünyaya car olunması üçün əlverişli fürsətin yarandığını deyən Parlament Jurnalistlər Birliyinin sədri, "Modern”.az saytının direktoru Elşad Eyvazlı "Şərq”ə açıqlamasında qeyd edib ki, belə reklamlar pulsuz yerləşdirilməlidir: "Yol kənarlarındakı lövhələrlə bitmir. O cür reklamlar televiziya, radio, internet portalları, qəzet və jurnallarda da verilməlidir. Qarabağ hamımızın problemidir. Yaranmış bütün imkandan istifadə edərək məsələni dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Təəssüf ki, belə addımlar nəzərə çarpmır. Baxın, hansısa media quruluşu Qarabağla bağlı xüsusi reklam verirmi? Bakının küçələrində videoroliklərin şahidi olmamışıq. Ölkəmizə gələn hansısa əcnəbiyə nəyi göstərəcəyik? Paytaxtın başdan ayağa qara libasa bürünməsini də iddia etmirəm. Ölkəmizin ərazi bütövlüyü pozulub. Bu Qarabağ deyil, Qusar, Quba, Gəncə, Qazax da ola bilərdi. Söhbət yalnız Qarabağdan getmir. Ölkəmizin ərazi bütövlüyünün təminatından gedir. Əlimizdəki imkanlardan səmərəli şəkildə faydalanmalıyıq”.

Birlik sədri vurğulayıb ki, sözügedən oyunlar zamanı dünyanın nəzəri Azərbaycana yönələcək: "Dünya mediası Bakıdan yazacaq. İşğaldakı torpaqlar, ermənilərin amansız davranışları barədə paytaxt küçələrində videoroliklərin quraşdırılması maraqlarımız baxımından müsbət hal olar”.

E.Eyvazlının sözlərinə görə, bu işin reallaşması üçün hər birimiz maraq və gücümüzü səfərbər etməliyik: "Qarabağ hamımızın dərdidir. Bu yolda hər kəs üzərinə düşən missiyanı şərəflə yerinə yetirməlidir. Baxın, media qurumlarında da laqeydlik var. Azərbaycan mediasında Qarabağ məsələsinin işıqlandırılması haqda monitorinq aparılır. Nəticələr arzuolunan deyil. Elə mətbu orqan var ki, ay ərzində bir dəfə də olsun həmin mövzuya toxunmayıb. Araşdırma xarakterli yazılara az hallarda rast gəlinir. Demək, media quruluşlarında da günah var. Eyni zamanda Bakı Şəhər İcra hakimiyyəti məsələyə əl qata bilər”.

Sayt rəhbəri hesab edir ki, problemlərimizin dünyaya çatdırılması yönündə mütəmadi tədbirlər görülməlidir: "Ermənistan 20 faiz torpağımızı işğal edib. XX əsrin ən dəhşətli soyqırımını törədib. Buna rəğmən quzu təbəssümü alaraq özünü dünyaya yazıq, fağır və işğala məruz qalmış ölkə kimi təqdim edir. Dünya da buna inanır. Bədnamları təcavüzkar və separatçı kimi qəbul etmək istəmir. Bu da işğalçıların informasiya müharibəsindəki çevikliyi ilə əlaqədardır. Başqa sahələrdə olmasa da, informasiya müharibəsində düşmən ölkənin çevikliyi göz önündədir. Zənnimcə, sözügedən oyunların ölkəmizdə baş tutması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından ən optimal imkandır”.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov Modern.az-a məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, əslində bu, maraqlı ideyadır. "Avropa oyunları zamanı bunu həyata keçirmək olar”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə söyləyib ki, məsələ haqda onlara tapşırıq verilməyib: "Göstəriş verilsə, fəaliyyətə başlayacağıq”.

Bakı-2015 Avropa Oyunları Əməliyyat komitəsi məsələ ilə bağlı açıqlamada bildirib ki, Avropa oyunlarının siyasətə aidiyyəti yoxdur: "Biz Azərbaycanın tarixində baş tutacaq ən böyük idman tədbirinin uğurla həyata keçirilməsi üçün tam gücümüzlə çalışırıq”.

Ayyət Əhməd