Deputatlar da gecikib

Neçə ildir deyirik, əhəmiyyət verən yoxdur



Azərbaycanda az qala hər gün ailə-məişət zəminində müxtəlif cinayətlər baş verir. Artıq məsələnin aktuallığı millət vəkillərini də SOS çalmağa vadar edib. "Azərbaycanda dəhşətli

məişət faciələri baş verir; ailə üzvləri bir-birini - oğul anasını, qayınana gəlinini, nəvəsini öldürür” - deyən deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa parlamentdə son günlər ölkədə artan məişət zorakılığı məsələsini qaldırıb.

Bu vəziyyətdən çıxış yolunun təcili şəkildə tapılmasının vacibliyini vurğulayan millət vəkili bildirib ki, Azərbaycanda bu işlərə nəzarət edən komitənin səlahiyyətləri artırılmalıdır. Sahə müvəkkili institutunun yenidən qurulmalı və fərqli formada dirçəldilməsini vacib hesab edən deputat hesab edir ki, sahə müvəkkilləri vəzifəsinə ən aşağı rütbəli şəxslər təyin olunur: "Onların maaşı azdır. Hesab edirəm ki, onların səlahiyyətləri genişləndirilməli və artırılmalıdır. Onlar ərazidə yaşayan münaqişəli ailələri siyahıya almalı, belə ailələrdəki içki düşkünləri, psixoloji problemləri olanları, narkomanları nəzarətdə saxlamalıdırlar. Əks halda, ailə institutu zədələnəcək.” Deputat Zahid Oruc da həmkarının fikirlərinə dəstək verib. Ölkədə səsli-küylü cinayətlərin artdığını deyən Z.Oruca görə, Azərbaycanda sabitlik var və biz bununla haqlı olaraq fəxr edirik: "Bəs, niyə belə cinayətlərin sayı artır? Bunun səbəbi xaricdən ölkəmizə televiziya vasitəsilə daşınan filmlər, yoxsa psixoloji vəziyyətdir? Bu məsələ ciddi araşdırılmalı və haqqında Parlament dinləmələri keçirilməlidi”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu ölkədəki sosial-iqtisadi təbəqələşmənin ailələrdə zorakılıq hallarının artmasına təsir etdiyi qənaətindədir: "İndiki şəraitlə ayaqlaşa bilməyəndə ailələrdə maddi problemlər ortaya çıxır. Bu da ailələrdə münaqişələrin sayını artırır”.

Ailə üzvlərinin kriminal ünsürə çevrilməsində xarici təsirlər də rol oynayır. Sosioloqun fikrincə, hazırda seriallarda və digər verilişlərdə nümayiş etdirilən xarici həyat tərzi bir çox hallarda Azərbaycanda ailə modelini, ailə institutunu dağıtmağa hesablanıb: "Bu gün televiziyalar bəzən xaricdəki milli-mənəvi dəyərlərimizə, həyat tərzimizə zidd prinsipləri təbliğ edir. Lakin bu zaman həmin halın ailə institutumuza hansı zərbəni vurduğunun fərqində deyillər”.

Sosioloq ailələrdə zorakılıq, ağır cinayət hadisələri ilə sonuclanan halların azalması üçün dövlətin ailəyə qayğısının artırılmalı olduğunu deyib: "Biz modern cəmiyyətdə yaşayırıq. Belə cəmiyyətdə dövlət ailəni himayə etməlidir. Biz cəmiyyətin mənəvi aşınmasının qarşısını almalıyıq”.

Ə.Qəşəmoğlunun qənaətincə, millət vəkillərinin bu məsələni parlamentdə qaldırması təqdirəlayiqdir: "Amma onlar bu gün həyəcan təbili çalır. Mən uzun illərdir ki, mənəviyyatımızda ciddi aşınmalar getdiyini deyirəm. Televiziyalarda, qəzetlərdə problemlə bağlı dəfələrlə çıxışlarım olub.

Ailə-məişət cinayətləri sahə müvəkkillərinin, komitənin səlahiyyətlərini artırmaqla düzələn iş deyil. Bu problemin kökü çox dərindədir. Bu məsələnin həllinə nail olmaq üçün isə ciddi tədbirlər görülməlidir. Bunun üçün isə mütəxəssislər cəlb olunmalıdır. Elə sizin qəzet vasitəsilə elan edirəm ki, lazımi tədbirlər görülsün. Bir mütəxəssis olaraq mən konsepsiya hazırlamağa hazıram. Amma ki, yiyə duran olsun”.

Sosioloq deyib ki, bu cür münaqişələrin cinayət hadisəsi ilə sonuclanmasının bir və əsas sayıla biləcək səbəbi maddiyatın mənəviyyatı arxa planda qoymasıdır: "Bu gün Azərbaycanda mənəvi dəyərlər maddi dəyərlər tərəfindən sıxışdırılıb. Bütün dini kitablar, müdrik insanlar da təsdiqləyir ki, hansı ölkədə ki maddi dəyərlər mənəvi dəyərləri üstələyib, həmin ölkələrdə bu cür problemlər qaçılmazdır. Əvvəllər də ailələrdə belə münaqişələr olub. Amma çox nadir hallarda kişi arvadının, arvad isə kişisinin üstünə bıçaq qaldırıb. Çünki əvvəllər cəmiyyətimiz belə mənəvi aşınmalara məruz qalmamışdı. Ailə institutunu tənzimləyən maddi və mənəvi dəyərlər olsa da, maddi amillər mənəvi amilləri üstələyib”.

Qəşəmoğlunun sözlərinə görə, bu problem sahə müvəkkilləri və digər qurumların imkanları xaricində olan bir problemdir: "Bu məsələ ümumilikdə cəmiyyətin problemidir. Sosial sistemin öz qanunauyğunluqları var. Buna insanlar epizodik yolla təsir göstərə bilməzlər. Biz ilk növbədə çalışmalıyıq ki, cəmiyyətimizdə mənəvi dəyərlər öz yerini alsın. İnsanların mənəvi dəyərlərə tələbatı artsın. Çox təəssüflər ki, bu istiqamətdə ölkədə heç bir iş getmir. Hələlik ki, biz sadəcə meşşanlığın inkişafını görməkdəyik. Ömrünü bu yolla keçirmiş, saç-saqqal ağartmış bir sosioloq kimi iddia edirəm ki, meşşanlıq artdıqca, Azərbaycanda ailə cinayətlərinin, məişət zorakılıqlarının sayı getdikcə artacaq. Problemin təhlükəsi ilə bağlı danışmaqla iş bitmir. Şərait yaratsınlar, biz mütəxəssislər də problemlə bağlı öz təkliflərimizi verək. Biz təkliflərimizi hazırlayıb, aidiyyəti qurumlara göndəririk, onlar da atır "yeşiyə”, üstünü toz basır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, artan məişət zorakılığı elmi təhlil olunmalı və həlli istiqamətində ciddi proqramlar hazırlanmalıdır. Dünyanın hər yerində belədir: "Cəmiyyətdə meşşanlığın qarşısını almaq, əhalinin güzəranını artırmaq üçün lazımi tədbirlər görülsə, problem bu qədər geniş yayılmaz. Ailə institutlarımız da uçuruma yuvarlanmaz. Sizi inandırım ki, dövlət büdcəsindən bir qara qəpik də xərcləmədən əhalinin maddi vəziyyətinin ən azı iki dəfə yaxşılaşmasının yollarını bilirəm. Təklif edirəm ki, toylarımızla bağlı Azərbaycanın bütün bölgələrində, o cümlədən də paytaxtımızda Naxçıvan modeli tətbiq edilsin. Bir azərbaycanlı ailəsi ay ərzində ən azı 5 toya gedir. Bu isə həmin ailənin büdcəsini məhv edir.

Əhalinin maddi vəziyyətinin aşağı olmasının bir səbəbi də xəstəxanalardır. Bir nəfər həkimə gedib adicə resept yazdırmaq üçün ən azı 300 manat xərcləməlidir. Hələ bunun müalicəsini, dərman pulunu demirəm. Filan yerdə qan analizi, filan yerdə "UZİ”, filan yerdə "Rentgen”. Hamısının da qiyməti "ceyran belində”dir. Ən ucuz dərmanın qiyməti isə 20-30 manatdır. Xəstə yazıq da 5 dərman almalıdır. Necə alsın? İndiki həkimlər sanki həkim yox, dərman firmalarının satış agentləridir. Bütün bunlar da insanlarda aqressiya, stress yaradır ki, bunların da nə ilə nəticələndiyinin hər gün şahidi oluruq.

İnsanları cinayətə, intihara sövq edən kasıbçılıq yox, gərginlik, aqressiyadır. İnsanlarımız 40-50-ci illərdə yeməyə çörək tapmırdılar. Heyvanlara verilən "jımıx” yeyirdilər. Qarğıdalı unu tapanda sevinirdilər. Heç o vaxtları bu cür cinayətlər olmurdu. Çünki onda meşşanlıq, qudurğanlıq yox idi. O vaxtlar insanlar maddi yox, mənəvi dəyərlərə uyğun hərəkət edirdilər. Həmin münasibətləri bu gün də tənzimləyə bilərik. Azərbaycan balaca ölkədir, 150-200 milyonluq əhalisi yoxdur ki? 9 milyon yarım əhalinin bir neçə milyonu ölkədə deyil, bir hissəsi də uşaqların- qocaların payına düşür. Ortada cəmi 3-4 milyon aktiv əhali var. Bu qədər insanın davranış tərzini nizamlamağa nə var ki? Kifayət qədər asan prosesdir. Yenə deyirəm, 10 il Komsomolun Mərkəzi Komitəsində Elmi Mərkəz rəhbəri olmuşam, 5 il də Milli Məclisin Elmi-Tədqiqat İnstitutunun direktoru olmuşam. Yəni bütün ömrüm boyu birbaşa bu sahə ilə məşğul olan bir mütəxəssis olaraq deyirəm ki, Azərbaycanda ailə-məişət zorakılıqlarının, mənəvi aşınmaların, meşşanlığın qarşısını almağın bir yolu var. Amma bunu neçə illərdir, özüm deyib, özüm də eşidirəm. Bu yola gedib, problemi həll etməyə də mən hazıram. Hansı dövlət qurumu məsələnin həllində maraqlıdırsa, fəaliyyət proqramı hazırlamağa hazıram. Yoxsa ki, bir deputatın, bir müxbirin, bir məmurun məsələni qaldırması ilə problemi həll etmək olmaz. Mütləq bu problemə öz işini bilən mütəxəssislər cəlb olunmalı və kompleks tədbirlər görülməlidir. Sosial sistem insan bədəni kimi bir şeydir, müalicəsi də düzgün getməlidir. Əks halda, fəsadlar günü-gündən daha da artacaq”.

Şəymən