Bağışla Pakistan, biz sizi unutduq!

Hanı ziyalılar, hanı cəmiyyətin fəalları, niyə gözə dəymədilər?
Gərək ziyalılar Pakistan səfirliyinə gedib başsağlığı verəydilər, Pakistan xalqının dərdinə şərik olduqlarını bildirəydilər. Onda camaat da, xalq da bu aksiyaya qoşulardı




Pakistan xalqı qətlə yetirilmiş övladlarına yas saxlayır. Rəsmi qaynaqlar "Taliban”çıların Pişəvərdəki hərbi məktəbə hücumu nəticəsində 141 uşağın öldürüldüyünü bildirir. Məlumdur ki, Azərbaycan Pakistanla dost ölkədir. Azərbaycanın Pakistandakı dəhşətli faciəyə ürək yanğısı ilə yanaşması da təkcə eyni dinin daşıyıcısı olduğumuza görə deyil, bəşəri dəyərlərə önəm verdiyimizə görədir. Belə bir faciə, hansısa digər bir ölkədə də yaşansaydı, ona da eyni hüznlə yanaşılacaqdı. 
Halbuki biz cəmiyyət olaraq Pakistan xalqı ilə həmdərd olduğumuzu göstərə bilərik. Xatırlayırsınızsa, 2007-ci ilin dekabrında Pakistanın sabiq baş naziri Bənazir Bhutto qətlə yetirildikdə bir qrup Azərbaycan qadını bu ölkənin Bakıdakı səfirliyi qarşısına gedib qara çələng qoymuşdular. Amma bu gün biz həmin münasibəti görmürük. Nə səfirliyə gedən var, nə Pakistan xalqı ilə həmdərd olduğunu bildirənlər. Gənc övladlarını itirmiş bir xalqın dərdinə yanmaq bu qədərmi çətindir?

Bənəzir Bhuttonun qətli ilə bağlı Pakistan səfirliyinə qara çələng qoyulması aksiyasında iştirak etmiş D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında cəmiyyəti süstlükdə günahlandırdı:

- Bəli, biz bir qrup Azərbaycan qadını o zaman Pakistanın sabiq baş naziri Bənəzir Bhuttonun qətlə yetirilməsinə həm etiraz əlaməti olaraq, həm də bu görkəmli qadın siyasətçinin ölümündən doğan kədərimizi bildirmək üçün səfirlik binası önünə getdik və qara çələng qoyduq. Bu günsə Pişəvərdə günahsız insanlar, uşaqlar həlak olub. Amma təəssüf edirəm ki, Azərbaycan cəmiyyətində bu dəhşətli faciəyə laqeydlik, etinasızlıq var. Bunun səbəbi də ziyalıların meydanda olmamasıdır. Bilirsiz, xalq, millət həmişə ziyalının ardınca gedir. Əgər 1988-90-cı illərdə Azərbaycan ziyalıları xalqın önünə çıxmasaydılar, irəli keçib xalqı öz ardınca aparmasaydılar, biz sovet rejiminə qalib gələ bilməzdik. O vaxt Bəxtiyar Vahabzadə vardı, Xudu Məmmədov vardı, Əbülfəz Elçibəy vardı... Hamının adını çəkmək mümkün deyil... Təsəvvür edin ki, Anar sovetin qılıncının önü də, arxası da kəsdiyi bir vaxtda kommunist rejiminin iç üzünü açan əsərlər yazırdı. Xalqın önündə ziyalılar olmalıdır. Amma hazırda bizdə ziyalı qıtlığı yaşanır. Ziyalı deyəndə, təkcə yazıçıları, şairləri nəzərdə tutmuram. Alim də ziyalıdır, akademik də, həkim də, müəllim də. Ziyalılar öndə olmalıdır ki, xalq da onların ardınca getsin. Gərək ziyalılar Pakistan səfirliyinə gedib başsağlığı verəydilər, Pakistan xalqının dərdinə şərik olduqlarını bildirəydilər. Onda camaat da, xalq da bu aksiyaya qoşulardı. Pakistan bizə yaxın, dost ölkədir. Bu gün biz Pakistan xalqının dərdini öz dərdimiz, faciəsini öz faciəmiz bilmiriksə, sabah onlar da bizimlə birgə olmayacaqlar.

N.Cəfəroğlu Tiflisdən yenicə qayıtdığını və bu səbəbdən Pakistan xalqına başsağlığı verə bilmədiklərini söylədi. Və qeyd etdi ki, cəmiyyət üzvləri Pakistan səfirliyinə gedəcək və Pakistan xalqına başsağlığı verəcəklər.

"Mənəvi Dünya” İctimai Birliyinin sədri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də belə hesab edir ki, Azərbaycan xalqı Pakistan xalqı ilə həmdərd olduğunu nümayiş etdirməlidir:

- Pakistan bizə dost, qardaş ölkədir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və bu dövlət Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanı isə təcavüzkar adlandıran bir dövlətdir. Azərbaycan cəmiyyəti Pakistan xalqının bu müsibəti ilə həmdərd olduğunu bildirməklə həm də terrorçuluğa "yox” demiş olacaq. Bilirsiz ki, hazırda dünyada terror aktları, təəssüf ki, din adına törədilir və bundan da ümumilikdə islam dini zərər çəkir. Təbii ki, belə vəziyyətdə bizim faciənin acısını yaşayan xalqla həmdərd olmağımız, acılarını paylaşmağımız o ölkənin insanları üçün bir təskinlik olardı. Doğrudur, dövlət səviyyəsində bütün lazımi işlər görülür, lakin cəmiyyət, xalq olaraq biz də gənc övladlarını itirmiş Pakistan xalqının dərdinə şərik olmalıyıq və bunu nümayiş etdirməliyik. Yaxşı olar ki, ictimai xadimlər tədbirlər keçirsin, hətta faciə yaşayan insanlara yardım kampaniyaları da təşkil edilə bilər. Belə kampaniyalar maddi cəhətdən daha çox, insanlara mənəvi dayaq verilməsi baxımından böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, Azərbaycanın dini qurumları bu terror aktına və Pakistan xalqının yaşadığı faciəyə öz münasibətlərini bildirəcəklər.

Məlahət Rzayeva