Hamı ehtiyatlı olmalıdır

Hər məscidin qarşısında bir polis postu qoymaq da düzgün olmazdı



Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə mühafizə sisteminin qurulması ilə bağlı iş aparılır. Azərbaycanda bəzi məscidlərin xüsusi mühafizə sisteminin olduğunu deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunun bütün məscidlərdə olmadığını açıqlayıb. Məscidlərdə mühafizə sisteminin qurulmasını zəruri hesab edən komitə sədri bu istiqamətdə işlər görüldüyünü vurğulayıb.

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə ilk olaraq deyib ki, Mübariz Qurbanlı Dini Komitəyə sədr təyin olunduqdan sonra sözügedən sferada bir sıra yeniliklərə yol açıb, cəmiyyətlə təmasları dərinləşdirib.

Komitə sədrinin qaldırdığı məsələnin təqdirəlayiq olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, bu gün din insanların daha böyük ali dəyərlərə qovuşmasına, ilahi varlıqla müəyyən bir əlaqəsinə, onların düzgün istiqamətə yönləndirilməsinə deyil, daha artıq dərəcədə pozuculuğa, qeyri-sabitliyə və konfliktlərə yol açır. Bu istiqamətdə bir ideologiyaya çevrilib.

Təsadüfi deyil ki, bu gün dünyada islam bayrağı ilə silahlanan qüvvələri hamı eyni dərəcədə hiddətlə qarşılayır. Halbuki müqəddəs dini kitabımız heç bir halda terrorçuların masası üzərinə qoyula bilməz: "Məscidlərdə inanclı insanların kütləvi toplaşmasından istifadə edərək hər hansı bir təxribatları törətməyə hazır olan, sanki "dopinq” altında özünü mücahid səviyyəsinə gətirib çatdıranların olduğunu gördüyümüzdən, ölkədə təhlükəsizlik tədbirlərinin görülməsini vacib hesab edirəm. Bu tədbirlər də məscidlərdə təhlükəsizlik kameralarının yerləşdirilməsi və onların mərkəzi müşahidə sistemindən daima izlənməsi imkanlarıdır. Təbii ki, bu heç kimin şəxsi azadlığına, onun dini moizələrinə, etiqad işlərinə mane olmayan bir haldır. Əksinə, bu, məscidə gedənlərin təhlükəsizliyini daha da gücləndirər. Təbii ki, müəyyən patrul xidmətlərinin də hansısa rejim altında məscidlərə baş çəkmələrini də bu qəbildən saymaq olar. Hesab edirəm ki, prosesi sadəcə hüquq-mühafizə orqanlarının üzərinə atmaq düzgün deyil. Bu mənada hər məscidin qarşısında bir polis postu qoymaq da düzgün olmazdı”.

Z.Orucun sözlərinə görə, ölkəmizdə dini təxribatların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə aparılmalı, radikalizmə meylli olub, ekranda gördüklərini burada təkrarlamağa həvəsli olan, müxtəlif xarici qüvvələrin əlində vasitə kimi istifadə edilən insanların imkanları dağıdılmalıdır: "Azərbaycanda həqiqi dinə etiqad edən insanlar bu dövlətin partnyorlarıdır. Biz heç vaxt dinə etiqad edən insanlardan təhlükə gözləmirik. Amma din pərdəsi altında başqa maraqlara xidmət edən insanlar var ki, biz onlara qarşı ehtiyatlı olmalıyıq”.

Şəymən