Övlad sevgisi belə olmaz...

“Uşağı oğurlanan ana indi həmin övladından imtina edir”


Efirlərə çıxaraq göz yaşları içərisində oğurlanmış uşağını istəyən ana övladını taleyin ümidinə buraxaraq tərk edib. Dörd ay əvvəl Sumqayıtda 2 aylıq körpəsinin oğurlanması hadisəsi ilə tanınan Aysel Əhmədova indi də tapdığı övladını körpələr evinə qoymaq istəyib. Hətta hazırda ananın övladlarından birini Sumqayıt şəhərindəki 26 saylı körpələr evi-uşaq bağçasına verdiyi söylənilir. Üç uşaq anası böyük övladını 3 ay əvvəl körpələr evinə verib.

Deyilənlərə görə, uşaq həftənin 5 günü bağçada qalır, şənbə-bazar günləri isə ana evinə aparır. Həmçinin o da qeyd edilir ki, qadın övladına qarşı laqeydlik edir, onunla kobud danışır. Belə olan halda bağçada mehriban münasibət görən uşaq anası ilə qalmaq istəmir.

Son zamanlarda uşaqların internat evlərinə verilməsinin artması ictimaiyyət və rəsmilər tərəfindən narahatlıq doğurur. Hətta bu yaxınlarda Milli Məclisdə bəzi millət vəkilləri çıxışı zaman müvafiq təşkilatları fəaliyyətsizlikdə günahlandırıb. Aidiyyəti dövlət qurumları isə susurlar, ənənəvi açıqlamalar belə vermək istəmirlər. Ekspertlər isə bunun səbəbini mənəvi və sosioloji durumun istənilən səviyyədə olmamasında görürlər.

Baş verən hadisəyə və ümumiyyətlə məsələyə münasibət öyrənmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bizə açıqlama veriləcəyi bildirilsə də, deyəsən, Dövlət Komitəsində sualımızı cavablandırmağa adam tapılmadı.

Dövlət qurumunda açıqlama verməyə məsul bir şəxsin tapılmaması gülünc doğurur və inandırıcı səslənmir. Hər halda onlar öz vəzifələrini icra edərək müraciətimizə cavab verərək açıqlama verməlidirlər.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, analar bəzi hallarda ictimai qınaqdan çəkinərək uşaq davası edirlər: "Analar boşandıqdan sonra iqtisadi imkanlarının zəif olmasına baxmayaraq uşaqlarını özləri götürüb saxlamaq istəyir. Müəyyən hallarda bunu ictimaiyyətə xoş görünmək üçün edirlər. Bu halda uşağın saxlanması üçün yetərincə maliyyə imkanları olmur və çətinliklər başlayır. Çünki övlada baxmaq üçün ana işləyə bilmir. Həmçinin yaşamaq üçün ev olmalıdır və uşağın qida ehtiyacları qarşılanmalıdır. Kortəbii olaraq mən uşağımı istəyirəm, anayam və ana sevgim var” kimi fikirlər səsləndirirlər. Belə fikirləri də məhkəmə prosesləri zamanı hakimlər və digər səlahiyyətli şəxslər yüksək qiymətləndirirlər. Lakin reallıq istəklərə uyğun gəlmir. Odur ki, belə hallarda müvafiq icra hakimiyyətlərinin qəyyumluq şöbələri çox diqqətli olmalıdırlar”.

Sosioloq Əhməd Qəşəmoğlu isə həyəcan təbili çalmağın vaxtının gəlib çatdığını bildirir: "Ona görə ki, ölkəmizdə mənəvi amillər günü-gündən azalır, cəmiyyətimiz mənəvi aşınmaya məruz qalır. Mənəvi dəyərlər öz müqəddəsliyini itirməyə başlayır. Bu da valideyn-övlad münasibətinə təsir edir. Belə münasibət tarixən müqəddəs olub. Amma cəmiyyətdə meşşanlıq və maddiyyat artdıqca, insanlıqda aşınmalar gedir. Əksinə isə maddi faktorlar ön plana keçərək güclənir. Hətta bəzi insanlarda bu, aşırı şəkildə özünü göstərir. Bu zaman ailə və övlad yan ünsürlər kimi meydana gəlir. Çünki belə uşaqlar müqəddəs sevginin nəticəsi olaraq meydana gəlmirlər. Həmin körpələr çox vaxt təsadüfi sərgüzəştlər əsasında yaranır. Yəni qəzavü-qədər kimi ortaya çıxır. Nəticədə istər ana, istər ata buna o qədər ciddi yanaşmırlar. Dırnaqarası baxırlar. Bu da çox böyük təhlükəli haldır”.

Vüqar Şahinoğlu