“Bizi asmaq istəyirlər”

Putin mətbuat konfransı keçirdi, proseslərə münasibət bildirdi




Ötən gün Moskvanın Beynəlxalq Ticarət Mərkəzində dünyanın müxətlif ölkələrindən olan 1800 jurnalist qarşısında ənənəvi mətbuat konfransı keçirən prezident Vladimir Putin ölkəsinu hazırki durumda ayı ilə müqayisə edib. Putin bununla Qərb ölkələrini hədəfə alıb: "Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər”.

Böhran 2 il davam edə bilər

V. Putin ölkədəki iqtisasi vəziyyətdən danışıb. Rusiya prezidenti maliyyə bazarında yaranmış duruma toxunaraq son günlərdə müşahidə olunan proseslərə xarici amillərin təsir göstərdiyini bildirib. V. Putin qeyd edib ki, Rusiya iqtisadiyyatının diversifikasiyaya ehtiyacı var. O, maliyyə-iqtisadi böhranın növbəti 2 il ərzində davam edəcəyini istisna etməyib.

Rusiya Mərkəzi Bankının atdığı addımların adekvat olduğunu deyən V. Putin qeyd edib ki, ölkədəki iqtisadi durum təkcə bu addımlardan asılı deyil. "Nikbinliyim onunla bağlıdır ki, iqtisadiyyatımız enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasına uyğunlaşacaq. Bütövlükdə iqtisadiyyatın strukturlaşması baş verəcək. Bu, qaçılmazdır”.

Ukraynalı jurnalist Roman Tsımbalyukun "Ukraynada neçə nəfər rusiyalı hərbçi döyüşür? Orada ölənlərin ailəsinə nə deyəcəksiniz?” sualına isə V. Putin Ukraynanın şərqində könüllü silahlıların döyüşdüyünü bildirib. "Onlar könüllü döyüşürlər. Orada cəza əməliyyatını biz yox, Kiyev hakimiyyəti həyata keçirir. Vaxtilə Kiyevdə dövlət çevrilişi baş verib. Ölkənin bir hissəsi baş verənlərlə razılaşmadı və Kiyev onlara qarşı qoşun göndərdi. İndi isə məsələni iqtisadi blokada vasitəsi ilə həll etməyə çalışırlar. Bu, ziyanlı və perspektivsiz bir yoldur. Biz Kiyevlə ölkənin şərq hissəsi arasındakı siyasi dialoqda vasitəçi olmağa hazırıq”. Rusiya prezidenti həmçinin qeyd edib ki, Ukraynanın vahid siyasi məkanının bərpası mümkündür.

"Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir”

Rusiya prezidenti brifinqdə deyib ki, Ukrayna prezidenti razılığa gəlmək istəyir: "Biz Poroşenko ilə Minsk görüşünün təşəbbüskarları olmuşuq. Fikrimcə, Poroşenko problemin nizamlanmasının tərəfdarıdır. Lakin o orada tək deyil! Biz "Sonadək döyüşmək lazımdır” tipli bəyanatlar eşidirik”, - deyən V. Putin konkret addımların atılmasının vacibliyini vurğulayıb. Jurnalistin "Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdirmi?” sualına isə V. Putin belə cavab verib: "Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir. Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur”.

"Xodorkovskini azad etdiyimə görə peşiman deyiləm”

V.Putin ölkə müxalifətini "5-ci kolon”la müqayisə edib: "Müxalifətin harada başlayıb harada bitdiyini demək çox çətindir. Müxalifətlə "5-ci kolon” arasındakı sərhəd çox incədir. Amma hər şeyi öz adı ilə çağırmalıyıq”. Vladimir Putin ötən il əfv etdiyi "YUKOS” neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovskinin ölkə prezidenti olmaq niyyətlərini də şərh edib: "Mən onu humanitar məramlardan dolayı azad etmişəm və buna görə peşmanlıq çəkmirəm. Amma o, haradan seçilmək istəyir?”.

"Kadırovun belə danışmağa haqqı yoxdur”

"Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın”. APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Putin "Dojd” telekanalının müxbiri Kseniya Sobçakın, "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?” sualına cavabında deyib. Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.

Putin "bizdə saray yoxdur” dedi və Saakaşviliyi aşağıladı

Putin deyib ki, Rusiyada saray çevrilişi ola bilməz: "Çünki bizdə saraylar yoxdur. Rusiyadakı sabitlik xalqın dəstəyinə əsaslanır. Saraylarımız yoxdur, bizdə Kreml var və o, etibarlı şəkildə qorunur. Lakin sabitliyimiz buna əsaslanmır. Xalqın dəstəyindən etibarlı baza yoxdur”. Rusiya prezidenti bildirib ki, ölkə vətəndaşlarının maraqlarını yalnız güclü Rusiya dövləti müdafiə edə bilər.

Keçirdiyi illik mətbuat konfransında Putin köhnə düşməni, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilni aşağılamaqdan da çəkinməyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin sabiq prezidentin ABŞ-da iş vizası ala bilməməsinə gülüb: "Sakaşvilini bütün ölkələrdən bit düşən adamı hamamdan qovan kimi qovurlar. ABŞ da ona iş vizası vermir”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla isə Putin dost münasibətlərində olduğunu, amma Avropa Birliyinin buna qısqanclıqla yanaşdığını deyib: "Mən Ərdoğana təklif edirdim ki, bəlkə əldə etdiyimiz razılaşmalar barədə açıq danlışmayaq ki, qazlar qıcıqlanmasınlar? Yoxsa, sabah

üstümüzə cumacaqlar!”. Putin Avropa Birliyinin Türkiyəni də Rusiyaya qarşı sanksiyalara qoşulmağa razı salmaq istəməsinin gözlənilən olduğnu deyib.

Rusiya ilə Türkiyənin üst-üstə düşən çoxlu sayda regional maraqlarının olduğunu deyən Rusiya lideri qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.

Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib. V.Putin Ərdoğanı "krepki mujik” (güclü xarakterə malik kişi-red.) adlandırıb.

"Mən görürəm, siz artıq yellənirsiniz”

Mətbuat konfransında diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünün Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin "siz axı Türkiyədən deyilsiniz” dedikdə isə jurnalist "nə etmək olar, belə alındı” deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub. Daha sonra jurnalist "siz bilirsiniz bizdə kvas hazırlayırlar. Çoxlu kavs..Yaxşı kvas” deyib. Putin isə "mən görürəm, siz artıq yellənirsiniz” deyə jurnalistə cavab verib. Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub və ticarət şəbəkəsində ancaq Koka-Kola, digər qazlı içkilərin satılmasından gileylənib. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istahlakçılara yardım edəcəyinə vəd verib.