Luis Ayala ASDP-nin yubileyinə qatılıb

Araz Əlizadə: “Heç bir siyasi məsələdən danışılmadı”


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. İ.Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışıb.

Baş katib isə ölkəmizə səfərindən qaldığını söyləyib. Danışıqlardan sonra əcnəbi qonaq Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) 25 illik yubiley konfransına qatılıb. Maraqlıdır, görəsən L.Ayala ASDP-nin tədbirində nələrdən söz açıb? Sualımıza cavab tapmaq üçün təşkilatın sədri Araz Əlizadə ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, qonaq hansı məsələ ətrafında müzakirə açmağa deyil, yubileylərində iştirak etmək üçün gəlib: "Heç bir siyasi məsələdən danışılmadı. Üstəgəl, bu, L.Ayalanın ölkəmizə birinci səfəri deyildi. Bir neçə dəfə Azərbaycanda olub. Sadəcə söylədi ki, ölkəmizdə gedən böyük inkişaf prosesləri onda dərin təəssürat yaradıb”.

A.Əlizadə ölkədəki digər sol təşkilatların varlığını inkar edib: "Azərbaycan ASDP-dən başqa sol partiya yoxdur”.

Ayyət Əhməd