Fondun dəstəyi özünə güvən hissini artırıb

Yüzlərlə gənc ideya və təkliflərini reallaşdıraraq karyerasını qurmağa başlayıb


Müstəqil Azərbaycan Respublikasının daxili siyasi kursunun mühüm istiqamətlərindən birini də gənclər siyasəti təşkil edir. Gəncliyin inkişafına böyük əhəmiyyət verən dövlətimiz gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir.

Görülən effektli tədbirlərin, göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir ki, hazırda idarəetmə strukturlarında, o cümlədən, parlamentdə bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ilin "Gənclər ili” elan edilməsi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir. Məhz bunların nəticəsidir ki, özünün inkişaf dövrünü yaşayan Azərbaycan gəncliyi cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edir, milli dəyərlərə və maraqlara müvafiq səmərəli fəaliyyət göstərir. Bütün bunlar, eyni zamanda, gənclər təşkilatlarının fəaliyyətinə xüsusi stimul və töhfələr verir. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərin intellektual potensialından istifadə olunması, onların elmi-intellektual və digər sahələrdə fəallığının artırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Üç ildir ki, ölkəmizdə yüzlərlə gənc müxtəlif ideya və təkliflərlə Fonda müraciət edirlər. Prezidentin 2011-ci il 19 dekabr tarixli fərmanına əsasən yaradılan Gənclər Fondu gənclərin layiqli və intellektual vətəndaş kimi yetişməsi üçün bir sıra maraqlı layihələrin həyata keçirilməsinə dəstək verir. Fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi olaraq layihəyə müraciətlərini dəstəkləməsidir.

Yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər hissəsi isə növbəti il davam edəcək. Fondun icraçı direktoru Fərhad Hacıyevin sözlərinə görə, fonda daxil olan müraciətlər onu deməyə əsas verir ki, təşkilat gənclərin etimadını qazanıb: "Gənclər bizdən dəstək ala biləcəklərinə inanırlar. Gəncləri daha çox maraqlandıran sahələr təhsil, vətənpərvərlik, sağlam həyat tərzi, ekoloji maarifləndirmə, ictimai işlərdə gənclərin aktivliyi, təşviqi və təbliği istiqamətində layihələr olub. F.Hacıyev qeyd edib ki, ilk qrant müsabiqəsi elan edilərkən, regionlardan olan gənclərin fəal olması, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılması əsas istiqamətlərdən biri kimi götürülüb: "Gənclər Fondu tərəfindən regionlarda dəstəklənən layihələrin əksəriyyəti gənclər evləri və mərkəzlərində keçirilir. Beləliklə, region gənclərinin bu mərkəzlərin işində aktiv iştirakı təmin edilir”.

Gənclər Fondunun təşkilati dəstəyi nəticəsində həyata keçirilən 8 ən uğurlu layihələrdən biri Turizm İnstitutunun tələbəsi Səma İsalının "Virtual məmləkətim” layihəsidir. Tələbənin bildirdiyinə görə, layihədə əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıdılması üçün informasiya texnologiyalarının imkanlarından düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.

Hazırladığı layihə ilə Fondun dəstəyini qazanan istedadlı və aktiv gənclərdən biri "Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı olub. Ü.Qəhrəmanlı Gənclər Fondunun bacarıqlı insanlara maliyyə yardımı göstərməsini yüksək qiymətləndirib: "Gənclər içərisində çox kreativ ideyalara malik olanlar var. Amma maddi dəstək olmadığı üçün onlar ideyalarını gerçəkləşdirə bilmirlər. Bu baxımdan Fond tərəfindən istedadlı gənclərə bu cür imkanların yaradılması olduqca müsbət haldır. Çünki artıq hər bir gənc heç nədən çəkinmədən layihələrini təqdim edərək onu reallaşdıra bilər. Fondun dəstəyi gənclərdə özünə güvən hissi formalaşdırır. Gənclər sərbəst şəkildə layihələr hazırlayaraq həyata keçirir və özlərini cəmiyyətə sübut edirlər. Məncə, bu, çox gözəl tendensiyadır. Mən birinci kursa daxil olanda indiki təcrübəm yox idi. Amma iki ildən sonra öz layihəmi gerçəkləşdirdim və 300 nəfəri bir yerə yığmağı bacardım. İnanıram ki, bu layihə gələcək karyeramda mənə böyük kömək olacaq”.

Ü.Qəhrəmanlı həyata keçirdiyi layihə barəsində də məlumat verib: "Bizim layihəmiz avqust ayının son həftəsində, ayın 24-dən 31-nə kimi keçirildi. Layihə 4 hissədən ibarət idi və ümumilikdə 60 gənc iştirak edirdi. Layihənin birinci hissəsi nəzəri hissədən ibarət idi. İlkin etapda velosiped sürməyə marağı olan insanlar gəldilər və nəzəri olaraq təlimlərə qulaq asdılar. Təlimlərdə 4 təlimçi var idi. Layihənin ikinci hissəsi praktiki hissə idi. Biz Velosiped Federasiyasının dəstəyi ilə velo-parka getdik. Orada bizə münasib yer ayrıldı və təlimçilər velosiped sürməyi bacarmayan insanlara dərs verdilər. Layihənin üçüncü hissəsi isə velo-yürüş idi. Bu yürüşü velosipedçilər klubu ilə birlikdə həyata keçirdik. Həmin yürüşdə 400-ə yaxın insan iştirak etdi. Azərbaycanda ilk dəfə olaraq 400 insan birgə velosiped sürdü. Velosipedçilər Hökumət Evinin qarşısından start götürərək Bakı şəhərində müəyyən marşrut üzrə hərəkət edərək yenidən start nöqtəsinə qayıtdılar. Qeyd edim ki, velosiped yürüşünə böyük maraq var idi. Hətta biz özümüz də gözləmədiyimiz nəticələr aldıq. Layihənin dördüncü hissəsi isə velo-sərgi idi. Sərgi Binəqədi rayonunda Heydər Əliyev parkında bağlanış mərasimi ilə birgə keçirildi. Sərgidə velosipedlər haqqında məlumat verildi və 5 ən aktiv iştirakçıya Federasiya tərəfindən hədiyyələr təqdim olundu, sertifikatlar verildi”.

Fond tərəfindən dəstəklənən layihələrdən birinin müəllifi də Heyran Bədəlbəylidir. H.Bədəlbəyli "atılan körpələr” adlı layihə həyata keçirib. Gənclər Fondunun istedadlı gənclərə dayaq olmasından və hazırladığı layihədən danışan H.Bədəlbəyli Fond tərəfindən gənclərin layihələrinin dəstəklənməsini təqdirəlayiq hesab edib: "Bu, həqiqətən bizlərə çox xoş təsir edir. İstərdik ki, gənclər hər zaman beləcə fəal olsunlar. "Atılan körpələr” mənim ilk layihəm idi. Yəni bu sahədə təcrübəm yoxdur. Bundan sonra yeni-yeni layihələr üzərində işləyəcəm və Fonda təqdim edəcəm. Layihəmiz əsasən Mingəçevirdə, gənclər arasında təbliğ olundu. Məqsəd gənclərin bu sahədə maariflənməsini təmin etməkdir. Bu günün gəncləri gələcəyin valideynləridir. Günahsız körpələrin atılması, onlardan imtina edilməsi qəbuledilməzdir və olduqca üzücü hadisədir. Biz istəyirik ki, gələcəkdə belə şeylər baş verməsin. Ən azından daha az yaşansın. Mingəçevirdə iki kollec və iki ali təhsil ocaqları mövcuddur. Biz orda təlimlər keçirdik və uşaqlar evinə getdik, onlarla birlikdə işlədik. Kimsəsiz uşaqların içində kifayət qədər istedadı olanlar var idi. Heç valideyni olan uşaqlar o cür talant sahibi olmurlar”.

Fond tərəfindən layihəsi dəstəklənən gənclərdən biri də Vüsal Babayevdir. Hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını öz üzərində hiss etdiyini deyən V.Babayevin sözlərinə görə, Gənclər Fondu ölkəmizdə intellektual gənclərə öz potensiallarını ortaya çıxarmaq üçün hər cür şərait yaradır: "Mən 3 ay müddətinə fərdi şəxs qismində Fondun maliyyə dəstəyi ilə "Yeniyetmə məktəblilər arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsini həyata keçirmişəm. Layihəni həyata keçirməkdə əsas məqsədim məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və gələcəkdə onların bu ideyaları digərlərinə təbliği ilə məşğul olmasını təmin etməkdən ibarət idi. Layihə çərçivəsində 7 orta məktəbdə və Astara Pedaqoji Kollecində 14-18 yaş arası yeniyetmə və gənclər arasında təşkil olunan vətənpərvərlik mövzusunda inşa müsabiqəsinin nəticəsi olaraq hər məktəbdən ən uğurlu 5 müsabiqə iştirakçısını müəyyən etdik. Getdiyimiz obyektlərin hər birində məktəblilərə geniş məlumatlar verildi, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani nümunələr göstərildi. Düşünürəm ki, belə layihələr tez-tez həyata keçirilməlidir”.

İsmayıl