“Vəziyyət doğrudan da çətindir”

Azərbaycan hər an müharibəyə hazır olmalıdır




"Business İnsider İndia” jurnalı Dağlıq Qarabağdan yazıb. Məqalədə iddia olunur ki, Azərbaycan və Ermənistan arasında savaş növbəti ildə yenidən alovlana bilər. Yazıda cari ilin avqustunda Azərbaycan-Ermənistan sərhəddində atəşkəs rejiminin intensiv pozulması və qanunsuz olaraq Azərbaycan ərazisinə keçən Ermənistan helikopterinin vurulmasından da bəhs olunub.

Bundan başqa, "Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir” ifadəsinin həqiqəti əks etdirmədiyi diqqətə çatdırılıb. Hesabatda gərginliyin artmasının regiondan neft və qaz tədarükünə də mane ola biləcəyi xüsusi vurğulanıb: "Çünki özünü etibarlı neft və qaz tədarükçüsü kimi bütün dünyada tanıdan Azərbaycan gündəlik olaraq Avropa və Mərkəzi Asiyaya 881,000 barrel neft ixrac edir. Bu regionda gərginliyin artması şübhəsiz ki, neft və qaz tədarükünə təsir edəcək ki, bu da ABŞ maraqlarına ziddir və dünya neft bazarında əlavə gərginlik yarada bilər”.

Jurnalın müharibə anonsunu şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, Azərbaycan hər an hazırlıqlı olmalıdır. Onun sözlərinə görə, vəziyyət doğrudan da çətindir: "Bu mürəkkəbliyi İrəvan yaradır. Rusiya faktoru da az rol oynamır. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ratifikasiya olundu”.

Ekspertin qənaətincə, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları tormuzlanıb: "Danışıqlar prosesinə Almaniya da yeni nəfəs gətirmək istədi. Lakin heç bir nəticə vermədi. Sülh prosesinin hərbi yolla həll edilməsi variantı üzərində də ciddi düşünülməlidir. Ermənistan destruktiv möqveyindən çəkilmirsə, hər an müharibə alovlana bilər”.

Ekspertin qənaətincə, "Rusiya zəifləyib, Ermənistana kömək edə bilməyəcək fikrini” indidən söyləmək mümkünsüzdür: "Düzdü, hazırda rubl dəyərdən düşüb. Moskva can üstündədir. Ancaq bu, o demək deyil ki, Kreml İrəvanı müdafiə edə bilməyəcək. Doğru yanaşma deyil. Tələsmək olmaz. Belə işlərdə avantüraya yol vermək olmaz. Hələ müharibənin məqamı yetişməyib”.

Ayyət Əhməd