Erməni “soyqırımı”na qarşı birgə təbliğat aparılmalıdır

Amma Türkiyənin məsələ ilə bağlı konkret “yol xəritəsi” olmalıdır




Ermənilərin saxta soyqırım yubileyinə cəmi bir neçə ay qalıb. Erməni "soyqırım”ının budəfəki ildönümünü xüsusi canfəşanlıqla qeyd eləməyə hazırlaşan ermənilər bu məsələni maksimum dərəcədə beynəlxalq birliyin gündəliyinə gətirmək, daha çox ölkənin mifik "genosid”i tanımasına və Türkiyənin təklənməsinə nail olmaq, sonuc etibarilə qardaş ölkəyə qarşı təzminat və torpaq davasına dəstək qazanmaqdır.

Təbii ki, Türkiyə dövləti və onun siyasi-diplomatik dairələri, təbliğat və əks-təbliğat maşını da yuxuya getməyib. Türkiyənin nüfuzlu tarixçiləri 100 illiyi yaxınlaşan erməni uydurmasını yeni və sanballı dəlil-sübutlarla faş etməyə başlayıb.

Heç şübhəsiz, ermənilərin siyasi-diplomatik fəallığı adekvat cavab alacaq, özü də peşəkar, elmi-tarixi, akademik səviyyələrdə. Artıq prosesə start verilib. Belə ki, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi (YTSAM) 8 ən nüfuzlu Türkiyə tarixçisini materiallar toplayıb araşdırma aparmaq üçün məsul edib. Başlıca məqsəd Osmanlı İmperiyasında "erməni genosidi” ilə bağlı gətirilən "arqumentləri” alt-üst eləməkdir.

Maraqlıdır, saxta erməni soyqırımının ifşası istiqamətində Azərbaycan Türkiyəyə nə dərəcə yardımçı ola bilər”?

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın sözlərinə görə saxta erməni soyqırımının ifşasında Azərbaycanın kömək etməsi üçün ilk olaraq Türkiyədə proqram hazırlanmalıdır: "Bu məsələ sırf Türkiyə ilə bağlı olduğu üçün onların qərarı vacibdir. Sözsüz ki, sonrakı mərhələdə saxta erməni soyqırımının bir ucu da Azərbaycana toxunacaq. Çünki ermənilər saxta soyqırımlarını tanıtdıqdan sonra Azərbaycana qarşı da müəyyən addımlar atmağı nəzərdə tutublar. Azərbaycan "soyqırım”ın ifşası üçün Türkiyəyə istənilən köməklik etməyə hazırdır. Amma bunun üçün Türkiyə konkret yol xəritəsi təşkil etməlidir ki, biz bunun qarşısını almaq üçün xarici arenada birlikdə fəaliyyət göstərək. Diasporamızın fəaliyyətini bu istiqamətdə quraq. Amma təəssüflə qeyd etməliyəm ki, saxta soyqırıma qarşı mübarizənin əlamətləri görünmür. Hətta bəzi hallarda Türkiyənin özündə erməni soyqırımı ilə bağlı məsələlərdə müəyyən anti-Azərbaycan təşəbbüslərinin baş qaldırdığını görürük. Bir sıra şəxslər Azəbaycana qarşı tədbirlər həyata keçirməkdədirlər. Xüsusən də, erməni köklü jurnalistlərin səyləri ilə Azərbaycan əleyhinə çox ciddi işlər gedir. Bütün bunlar isə bizim üçün arzuolunan deyil”.

Millət vəkili hesab edir ki, saxta soyqırıma qarşı mübarizədə ancaq Türkiyənin nə istədiyini biləndən sonra biz onlara dəstək verə bilərik.
 Türkiyə Azərbaycanla birlikdə mübarizəyə başladığı halda "soyqırım”ın çox keçmədən ifşa olunacağını vurğulayan BQP başqanı bildirib ki, Azərbaycanın arxivində ermənilərin illərdir əllərində bayraq etdikləri saxta soyqırımı bir andaca yerlə-yeksan edəcək materiallar var: "Azərbaycanın da, Rusiyanın arxivində də kifayət qədər məlumatlar var ki, erməni soyqırımının saxta olduğu bütün dünya ölkələrinə çatdırılsın. Əslində, Türkiyənin ən böyük avantajı da məhz bu arxivlərin açılması ilə bağlı göstərdiyi təşəbbüs idi ki, bu da nə Rusiya, nə də Ermənistan tərəfindən dəstəkləndi. Bu xətti davam etdirmək lazımdır.

Erməni soyqırımının ifşasında, onlara qarşı mübarizədə Türkiyənin biganə qaldığını vurğulayan F.Mustafa bildirib ki, bütün bunlar Türkiyədəki erməni təsirindən qaynaqlanır: "Türkiyənin dövlət kanalı olan TRT-1-də ermənilər veriliş aparır və birbaşa dövlət siyasətini yönləndirirlər. Türkiyənin baş nazirinin baş danışmanı ermənidir. O hər nə qədər liberal görünsə də, erməni soyqırımının ifşası üçün sənədlərin açılması məsələsində tamamilə erməni tezislərini inkişaf etdirən biridir. Məsələ budur, başqa heç nə!”

Şəymən