Putin rus xalqından dəstək istədi

Sülhəddin Əkbər: “Jurnalistlərin saray çevrilişini gündəmə gətirməsi də bir daha sübut edir ki, qərbin Rusiyada rejimi dəyişmək planları var”



Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı Azərbaycan siyasi gündəminə də təsir edib. Həm media, həm də sosial şəbəkələrdə tədbir müzakirə mövzusuna çevrilib. Putinin 3 saatlıq mətbuat konfransını izləyən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Rusiyanın artıq dalana dirəndiyini və 2015-ci ilin Putin üçün yaxşı heç nə vəd etmədiyi qənaətinə gəlib.

- Putin açıqlamalarında və jurnalistlərin suallarını cavablandıran zaman nə dərəcədə səmimi idi?

- İndiki situasiyada siyasətçilərin səmimiyyətindən danışmaq sadəlövhlük olardı. Rusiyanın Ukraynaya qarşı sözdə bir cür, əməldə isə tamam başqa cür münasibət sərgilədiyini bütün dünya görür. Siyasətçilərin səmimiliyi şərtidir, xüsusən də Putin kimi siyasətçilərin səmimiyyətindən danışmağa dəyməz. Biz daha çox onun əməllərinə fikir verməliyik. O zaman hər şey daha aydın görünəcək. Putinin səmimi olduğuna o halda inanardıq ki, əməlləri ilə açıqlamaları üst-üstə düşsün.

- Ümumilikdə, Putinin çıxışlarını necə dəyərləndirirsiniz?

- Keçirdiyi mətbuat konfransı ilə Vladimir Putin bütün rus xalqına anlatdı ki, Rusiyaya qarşı sanksiyaların səbəbi Krımın ilhaqı və Donbasdakı vəziyyəti destablizasiya etməsi deyil. Amerika Birləşmiş Ştatlarının və Qərbin əsas məqsədi rus sivilizasiyasını məhv eləmək və rus "ayı”sını zəncirləməkdir. Putinin açıqlamasından belə çıxır ki, Rusiyanın Ukraynadakı davranışından asılı olmayaraq, ABŞ və qərb Rusiyanı sanksiyalarla boğmaq və Putin rejimini devirmək istəyir. Bütün bunlar Putini konkret hədəf göstərməklə rus xalqını öz arxasına almaq cəhdi idi. Guya ki, xaricdən Rusiya siyasətinə xarici müdaxilə var, buna qarşı mübarizə aparmaq üçün də bütün rus xalqı Putin ətrafında birləşməlidir. 3 saatlıq mesajın ümumi mahiyyəti bundan ibarət idi.

- Putinin açıqlamaları fonunda Rusiya iqtisadiyyatını nə gözləyir?

- Konfrans zamanı Vladimir Putin iqtisadiyyatla bağlı daha konkret mesajlar verdi. Putin Rusiya xalqını xəbərdar etdi ki, ən azı iki il müddətində Rusiya iqtisadiyyatında ağır durum davam edəcək. Görünən odur ki, yaxın illərdə də Rusiyanın ən ciddi problemi iqtisadiyyatın inkişafı olacaq. Putinin ölkənin iqtisadi inkişafı ilə bağlı konkret islahatlar proqramının olmaması açıq görünürdü. İqtisadiyyatla bağlı bütün cavablarında durumun ağır olduğunu inkar eləməyən Putin vəziyyətdən çıxış yolunu da aydın göstərə bilmədi. Belə nəticəyə də gəlmək olar ki, Putin həm ölkənin daxilinə, həm də xaricinə belə mesajlar verməklə özünün hakimiyyətin daxilindəki ağır durumunu cəmiyyətdən və beynəlxalq aləmdən dəstək almaqla aradan qaldırmağın mümkünlüyünə işarə edirdi və məhz bu məqsədlə də yumşaq, xeyli dərəcədə diplomatik ton seçmişdi. Putinin də dediyi kimi ancaq iki ildən sonra Rusiya iqtisadiyyatı böhranlı durumdan çıxa bilər. Bu iki il ərzində nələrin baş verəcəyini isə hələlik heç kəs proqnozlaşdıra bilmir. Bir tərəfdən dünya bazarında neftin qiyməti getdikcə aşağı düşür. Bir tərəfdən də qərbin Rusiyaya qarşı sanksiyaları sürətlə artmaqdadır. Digər tərəfdən, Rusiyanın müharibəyə girməsi və istər-istəməz silahlanmaya cəlb olunması kimi məsələlər Rusiyanı sosial-iqtisadi cəhətdən çökdürəcəkdir. Artıq Rusiyanın bir sıra müəssisələrinin borc öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən işçilərin ixtisar olunma məsələsi gündəmə gəlib. Hətta yanvar ayından kütləvi ixtisarların başlayacağı gözləniləndir. Rusiyada, xüsusən də Uraldan o tərəfdəki şəhərlər məhz müəssisələr ətrafında salınıb, həmin müəssisələr bağlanan zaman isə 100-200 minlik şəhərlər bütövlükdə iflic olacaq.

- Güman edirsiniz ki, Rusiyanı 2015-ci ildə çox ciddi sınaqlar gözləyir...

- Bəli, Putin də bunu çox gözəl anlayır. Mətbuat konfransında həm jurnalist suallarının qoyuluşu, həm də Putinin cavablarından da göründüyü kimi qarşıdakı iki il Rusiya üçün çox ağır keçəcək. Onu da deyim ki, Rusiyanın sosial-iqtisadi cəhətdən çöküşü artıq onun xarici siyasətdə aqressiv münasibət sərgiləməsini və təcavüzkarlıq etməsini mümkünsüz edəcək. Rusiyanın maliyyə resursları məhdudlaşacaq. Əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, Rusiyanın qızıl valyuta ehtiyatı iyul ayında artıq bitəcək. Bu da bütövlükdə Rusiyanın bir dövlət olaraq de-folt təhlükəsi ilə üzləşməsi deməkdir. Rusiyanın sosial-iqtisadi cəhətdən çökməsi isə son nəticədə ölkə daxilində sosial partlayışlarla nəticələnə bilər. Həmçinin, Rusiyada hakimiyyət dəyişikliyi də gündəmə gələ bilər. Bu əndişələri də Kreml rəhbəri artıq duymaqdadır. Jurnalistlərin saray çevrilişini gündəmə gətirməsi də bir daha sübut edir ki, qərbin Rusiyada rejimi dəyişmək planları var.

- Bəs, rus xalqı sona qədər Putinin arxasında dayanacaqmı?

- Artıq rus əhalisinin böyük əksəriyyəti, xüsusilə də rus elitası arasında müəyyən müzakirələr getməkdədir. Sonuncu rəy sorğularından da göründüyü kimi, əhalinin böyük hissəsi Kremlin apardığı təcavüzkar siyasətə əvvəlki kimi dəstək vermir. Daha doğrusu, xalq bu dəstəyin sosial-

iqtisadi nəticələrini öz üzərlərinə götürmək istəmirlər. Yalnız əhalinin 6 faizi buna hazır olduğunu bəyan edib.

- Necə düşünürsünüz, şimal "ayı”sı öz mübarizəsini davam etdirəcək, yoxsa qərb qarşısında geri çəkiləcək?

- İndiki situasiyada bu sual bütün dünya analitiklərini düşündürən əsas suallardan biridir. Putin geri çəkilə bilərmi? Və ya Rusiya geri çəkilərsə, qərb də geri çəkiləcəkmi? Əslində, mövcud reallıqda Putinin geri çəkilməsi çox çətin görünür. Çünki geri çəkiləcəyi halda Putin illərlə qazandığı reytinqini sürətlə itirəcək. Putin öz reytinqini əhalini rus şovinizminə kökləmək və təcavüzkar siyasəti nəticəsində əldə edib. Kreml bu siyasətindən geri çəkilərsə, bir tərəfdən sosial-iqtisadi tənəzzül, digər tərəfdən də siyasi-mənəvi, mənəvi-psixoloji çöküş Rusiyanı məhv edər. Bildiyiniz kimi, rum millətçiləri Putini Novo-Rossiyanı satmaqda və xəyanətdə ittiham edirlər. Hətta millətçilər artıq açıq şəkildə Putini Moskva "maydan”ı ilə hədələyir. Putin qərblə qarşıdurmadan geri çəkilsə, millətçilərin hədəfinə tuş gələcək. Bir tərəfdən geri çəkilən Putinin dünya qarşısında reytinqi aşağı düşəcək, digər tərəfdən də millətçilər ayağa qalxıb, Putinin üzərinə gələcəklər. Həmçinin, Qərb və Birləşmiş Ştatların Putinə inamı itdiyi üçün ona ikinci bir şans verəcəklərini güman etmirəm. Onu da deyim ki, Putin Dombasdan geri çəkilsə belə, Krımdan çəkilə bilməyəcəyi nöqteyi-nəzərindən əksinə, qərb-rus qarşıdurmasının daha da kəskinləşəcəyini düşünürəm. Gürcüstana NATO tərəfindən xüsusi paket təqdim olunub və Gürcüstanda NATO təlim bazasının yaradılması nəzərdə tutulub. Polşa və Rumıniyada ABŞ-ın raket hücumundan müdafiə sisteminin yeniləşdirilməsi nəzərdə tutulub. NATO-nun yeni çevik qüvvələrinin yaradılması, Polşa və Baltik ölkələrində NATO hərbi varlığının artırılması planlaşdırılıb. Bütün bunlar da Rusiyanı əks addımlar atmağa sövq edəcək, beləliklə də, Rusiya ilə qərb və ABŞ qarşıdurması dırmanacaq.

Şəymən