Namiq Həsənov jurnalistlərə cavab verir ki, sual qoyuluşundan da narazı olsun?

Jurnalistlər Nəqliyyat Nazirliyinin mətbuat katibini "topa tutdu"




Bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin bir hissəsi əlçatmaz məmurlara çevriliblər. Onlarla əlaqə yaratmaq və məlumat almaq üçün qəbullarına yazılıb saatlarla, günlərlə gözləmək lazımdır. Belə mətbuat xidmətinin rəhbərlərindən biri də Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovdur. Namiq müəllim hələ bu azmış kimi jurnalistlərdən gileylənir.

O bir müddət öncə Modern.az saytında dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətlərinə dair keçirilən sorğunun nəticələrilə tanış olarkən onun adını çəkən jurnalistlərdən incidiyini dilə gətirib. Bununla yanaşı, sorğuda ondan narazılıq edən jurnalistləri sual verə bilməmək və cavabı düzgün yazmağı bacarmamaqda ittiham edir. Qurum rəsmisi, həmçinin onun xəstəliyinin mövzu obyektinə çevrilməsinin əleyhinə olduğunu bildirib. Nazirlik sözçüsü jurnalistlərə irad tutaraq səlahiyyət davası etmək əvəzinə, insan xəstələnəndə ona şəfa diləyərlər deyib.

Biz də bir qrup jurnalist həmkarlarımızdan N.Həsənovun mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətinin dəyərləndirilməsi istiqamətində fikirlərini aldıq. Həmkarlarımızın böyük əksəriyyəti mətbuat xidmətinin rəhbərinin açıqlamasından və fəaliyyətindən razı deyillər.

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanovanın fikrincə, media qurumunun hansısa tanınmışın və ya aidiyyəti şəxsin sağlıq durumu ilə maraqlanmaq kimi bir vəzifəsi yoxdur: "Bu, humanizm prinsipləri, şəxsi münasibətlər zəminində və ya informasiya üçün lazım ola bilər. Amma peşə fəaliyyətindən irəli gələrək kimlərləsə əlaqə saxlayıb, sonra yada salmadığımız üçün kiminsə umu-küs etməsi qeyri-ciddi görünür”.

Namiq Həsənovun jurnalistləri peşəkara, qeyri-peşəkara ayırmasına gəlincə isə N.Qurbanova onun müəyyən qədər haqlı olduğunu bildirir: "Amma hər bir halda bu, təkcə Namiq Həsənovun deyil, bütünlüklə medianın problemidir”.

Jurnalist nəqliyyatla bağlı suallarını da N.Həsənova verə bilmir: "Ona dəfələrlə müraciət etsəm də, nə iş yerinin telefonuna, nə də mobil nömrəsinə cavab verən olub. Telefonu açdıqda isə ya xəstə, ya da rayonda olduğunu deyərək cavab vermək istəməyib. Əslində Namiq Həsənov jurnalistlərlə işləməkdə maraqlı olmalıdır. Çünki özü mediadan məmurluğa yüksəlmiş biridir. Amma reallıq belə deyil. Düşünürəm ki, sağlıq durumu ilə bağlı o əvəz edilməli və yaxud vəziyyətinin imkan verdiyi dərəcədə suallarımızı cavablandırmalıdır. Hətta o, bir çox mətbuat xidməti rəhbərlərindən fərqli olaraq sosial şəbəkələrdə olmadığı üçün bu yolla da onunla ünsiyyət qurmaq mümkün deyil”.

"Problem o məmurun özündədir”

"APA-Economics” xəbər agentliyinin əməkdaşı Aqşin Rafiqoğlu isə məsələyə ümumi yanaşdı: "Əgər bir məmur və ya hansısa bir nazirliyin rəsmisi jurnalistlərdən və onların yazdığından gileylənirsə, problem o məmurun özündədir. Çünki jurnalistlərə və cəmiyyətə fikirlərini düzgün çatdıra bilmir ki, jurnalistlər də onu doğru yazmır. Bir jurnalist səhv yaza bilər, bütün jurnalistlərdən gileylənmək olmaz.

Məmurlaşmış mətbuat katibi

Azxeber.com xəbər portalının baş direktoru Əfsələddin Ağalarov N.Həsənovu məmurlaşmış mətbuat katibi adlandırıb: "Jurnalistləri qınamazdan öncə öz fəaliyyətinə baxsa yaxşı olar. Onun adının jurnalistlərlə işləməyən, jurnalistlərdən qaçan, özünü mətbuatdan gizlədən mətbuat katibləri arasında birinci çəkilməsi heç də təsadüfi deyil. Burada təəccüblənəsi bir şey yoxdur. Bu gün istər cəmiyyətin, istərsə də bu cəmiyyətin bir parçası olan jurnalistlərin Namiq bəyin təmsil olunduğu Nəqliyyat Nazirliyi haqqında təəssüratları hamımıza aydındır. Demək olar ki, Namiq bəy iki-üç kanaldan başqa heç bir KİV-in suallarını cavablandırmır. Onun jurnalistəri "media eksperti” kimi tənqid etməsi, sadəcə özünü müdafiədən başqa bir şey deyil.”

"Bəzi hallarda günlərlə bir suala cavab ala bilməmişəm”

Qaynar.info xəbər saytının aparıcı əməkdaşlarından biri olan Elkin Xəlilov bəzi hallarda günlərlə bir suala cavab ala bilməyib: "Müəyyən hallarda isə Namiq müəllimdən rahatlıqla telefon vasitəsilə suala cavab almaq olur”.

Media mənsubu bu problemin gələn il aradan qalxacağına ümid edir: "Jurnalisti düzgün sual verməməkdə günahlandırmaq isə düzü bilmirəm nə qədər haqlı iraddır. Ola bilsin jurnalist fikri səhv yazsın, ya bilərəkdən, ya da bilməyərəkdən qarşı tərəfin fikirlərində təhrifə yol versin. Bu cür hallar tez-tez olur. Bəzən də qarşı tərəf zəng edib bu məsələni yoluna qoyur. Yəni burda elə ciddi bir problem yoxdur. Mətbuat katibi üçün bu kimi hadisələr adi qarşılanmalıdır”.

"O da daha çox televiziyada görünməyə can atır”

"Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov isə bu günə qədər iş fəaliyyəti çərçivəsində Namiq müəllimə müraciət etməyib. "Ona görə də onun barəsində dəqiq bir söz deyə bilmərəm. Lakin ümumilikdə medianı izləyirəm və gəldiyim qənaət budur ki, bəzi mətbuat katibləri kimi o da daha çox televiziyada görünməyə can atır, rəsmi mətbuat istisna olmaqla, digər mətbuat orqanlarının, saytlarının sorğularına, müraciətlərinə çox nadir hallarda cavab verir”.

Vüqar Şahinoğlu