“Baku-2015” plakatını Sidelnikova qaldırıb

Putinin mətbuat konfransında ölkəmizə aid plakat nümayiş olunub


Rusiya prezidenti Vladimir Putinin keçirdiyi böyük mətbuat konfransında üzərində "Baku-2015” yazısı olan plakat nümayiş etdirilib.

Putin mətbuat konfransı zamanı Azərbaycandan olan jurnalistlərin suallarını cavablandırmasa da, mətbuat konfransında ölkəmizlə bağlı bu plakat kameraların diqqətindən yayınmayıb.

Belə ki, jurnalistlərdən birinin Vladimir Putinə sualı zamanı arxada əyləşən azərbaycanlı jurnalistlərdən biri "Baku-2015” yazısını başı üzərində qaldırıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Şərq”ə verdiyi məlumata görə, bu plakatı qaldıran Rusiyanın "Vestnik Kavkaza” qəzetinin baş redaktoru Mariya Sidelnikova olub: "Mən həmin qəzetin müxbiri Orxan Yolçuyevlə əlaqə saxladım. Onlar bunu könüllü olaraq ediblər. Təbii ki, bu bizi sevindirir və fərəhləndirir. Bu, nə Gənclər və İdman Nazirliyi tərəfindən, nə də Milli Olimpiya Komitəsi tərəfindən edilməyib”.

Qeyd edək ki, Orxan Yolçuyev əvvəllər "AzərTAc” informasiya agentliyində çalışıb. Hazırda isə "Vestnik Kavkaza” qəzetinin müxbiri olaraq çalışır.

Vüqar Şahinoğlu