Əmin olun, Azərbaycanda halal kolbasa yoxdur

Dindarlarımızın çoxu elə bilir ki, üzərində halal yazılan kolbasaların tərkibində donuz əti, donuz piyi yoxdur, ona görə də alıb istifadə edirlər


"Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”. ("Əl-Bəqərə” surəsi, 168-ci ayə).

"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” ("Əl-Bəqərə” surəsi, 172-ci ayə).

"Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur...” ("ən-Nəhl” surəsi, 115-ci ayə)

Allah-təala bəndələrinə "Qurani-Kərim”də bu cür açıq-aşkar ayələr göndərdiyi halda insanlar hələ də şeytana uyub haram buyurulanı halal hesab edirlər. Bəzən də, haram olduğunu bilə-bilə həmin qidadan imtina etmirlər. Azərbaycan insanı çox gözəl bilir ki, satışdakı kolbasa və sosislərin tərkibinə ətdən savayı hər nə desən vurulması ehtimalı 100-də 100-dür. Elə istehsalçıların özü də bunu etiraf edir: "kolbasa ət deyil, ət məhsuludur!” Yəni? Yəni ki, ay camaat, kolbasanın tərkibində ət yoxdur, hansısa heyvanların sümüyü, dərisi, içalatı, bəlkə də tükü, qanı, hətta bəlkə nəcisi də!.. Bizim əhali isə sanki qulaqlarına pampıq tıxayıb, ya həqiqətən eşitmir, ya da özünü eşitməzliyə vurur. Sadəlövh camaat kilosu 2 manata aldığı ətəbənzər qidanın əslində heç bir qida dəyəri daşımadığını, sadəcə, yalançı mədə toxluğu hissi yaratdığını bir türlü anlamaq istəmir.
Halbuki, istehsalçılar özləri bunu etiraf edir ki, kolbasa istehsalında ətdən istifadə edilmir.

"Halal” kolbasasından donuz əti çıxdı

Qeyd edək ki, 2 gün öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Kristall CF” əmtəə nişanlı "Baranina” kolbasalarının tərkibində donuz əti və piyi aşkar edib. Bu fakt komitənin məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə apardığı monitorinq zamanı məlum olub. Adıçəkilən məhsuldan alınmış nümunələr komitənin təcrübə-sınaq mərkəzinin laboratoriyasında yoxlanılıb və onun tərkibində donuz əti və donuz piyi olduğu aşkarlanıb. Komitə hər hansı məhsulla bağlı şübhələri yaranan istehlakçılara onlara müraciət etmələrini məsləhət görür.
Bu məlumat yayılandan sonra başqa bir kolbasa məhsulunda da donuz piyi aşkarlandığı haqda xəbərlər yayıldı.

Məlum oldu ki, bu günlərdə paytaxt sakini "8-ci kilometr qəsəbəsi” ərazisində yerləşən "Araz” supermarketlər şəbəkəsindən "Ovçular ət və ət məhsulları” MMC-yə məxsus olan və üzərində "halal” sözü yazılmış kolbasa alıb. İndi isə iddia edir ki, məhsulun içindən "Halal qida” standartına zidd olan donuz əti və piyi çıxıb.

Alıcı bu barədə "a24.az” saytına məlumat verib və həmin məhsulun şəkillərini də redaksiyaya təqdim edib. Alıcı məsələnin araşdırılmasını xahiş edir və lazım gələrsə, sözügedən kolbasanı müvafiq qurumlara təqdim etməyə hazır olduğunu da deyir.

Kolbasa bilib yediyimiz nədir?

Ölkənin baş kulinarı, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov kolbasaların tərkibi barədə bunları deyir:

- İşbazlar halal adı altında camaatı aldadır. Bizim ölkə islam ölkəsidir. Dindarlarımızın çoxu elə bilir ki, üzərində halal yazılan kolbasaların tərkibində donuz əti, donuz piyi yoxdur, ona görə də alıb istifadə edirlər. Kolbasa və sosislərin üzərinə vurulan "Halal” sözü insanları aldadır. Bəzi insanlar Rusiya istehsalı kolbasalara güvənir. Amma bilməlidirlər ki, Rusiya istehsalı olan kolbasa məmulatlarının içərisində, demək olar ki, ət yoxdur. Bu kolbasaların tərkibi daha çox quş peyinindən, civə jımıxından və neft parafinindən mikrobioloji yolla alınmış zülallardır. Onlara rəng qatılır. Rusiyanın özünün ciddi elmi jurnallarının yazdığına görə, bu gün praktiki olaraq kolbasalar ancaq bu zülallardan hazırlanır. Bu da süni ətdir. Yəni Rusiya kolbasalarına süni ət vurulur. Peyindən istifadə etməyin özü haramdır. Belə iddialar da var ki, guya kolbasaya donuz piyi vurulmasa, məhsul əldə etmək mümkün deyil, piysiz kolbasa ola bilməz. Bunlar hamısı yalandır və bunu da işbazlar, sahibkarlar uydurublar. Niyə ki?! Kolbasaya qoyun piyi də vurula bilər. Başqa heyvanların yağı, piyindən də istifadə etmək olar. Sadəcə, donuz əti və piyi ucuz olduğu üçün onlardan istifadə edirlər. Əsas problem bizim insanların sağlam, təmiz qidalardan istifadə etmək bacarığının olmamasındadır. Heç bir kolbasa, tərkibi nədən ibarət olursa-olsun, təzə ətin yerini, təzə ətin qida dəyərini verə bilməz. Kolbasa əslində, türk sözüdür. Qol-bas sözündən əmələ gəlib. Qədimlərdə əti qışa saxlamaq və ya yol tədarükü üçün qaxac edirdilər. Əti əl ilə heyvanın şirin bağırsağına doldurur, yəni, bağırsağa basırdılar. Qolbas ifadəsi də buradan yaranıb. Bu üsulla əti qaxac edib uzun müddət saxlayırdılar. İndi də bəzi regionlarda ətin qaxac üsulu ilə qışa saxlanması adəti var. Məsələn, Naxçıvanda belə edirlər. Təzə əti bişirib quyruq yağının, ya da kərə yağının içində tutma şəklində saxlayırlar. Bu da olur, ətin konservləşdirilməsi. Bizə başqa nə lazımdır? Birdəfəlik anlamalıyıq ki, istehsaldan keçmiş ət, qida dəyərini itirir. Bu kolbasanı yeməyin daha nə mənası var?! Ondansa evdə qıyma ətə sarımsaq, ədviyyat vurub heyvanın şirin bağırsağının içinə doldurub suda bişirsinlər, ya da qızardıb yesinlər. Bu, qat-qat yaxşıdır və xeyirlidir. Ümumiyyətlə, evdə kolbasa və "sosiska”dan istifadə edənləri anlamıram. İnsan bilə-bilə bu zərərli qidanı niyə qəbul edir, başa düşmürəm...

Kolbasaya toyuq dərisi və dəniz yosunları qatılır

Efirimiz də kolbasa və sosislərin reklamları ilə dolub-daşır. Hətta bir çox ailələr məhz bu reklamlardan ruhlanaraq "filankəs, evində yemək bişirmir, deyir, ən yaxşısı kolbasadır, rahat, tez hazır olan” prinsipi ilə kolbasaya üstünlük verirlər. Efirlərimiz də insanları aldadır. Şirkətlər də tanınan aparıcıları, müğənniləri kolbasa reklamlarına dəvət edib, qazanc əldə edirlər. Bununla da, həmin insanları da günahlarına şərik edirlər. Verilən məlumatlarda qeyd olunur ki, bəzi kolbasa istehsalçıları donuz piyi əvəzinə toyuq dərisi və dəniz yosunlarından istifadə edirlər. Bununla da "Halal” sözündən istifadə etməyi özlərinə halal bilirlər. Amma fakt budur ki, hazırda bütün dünyada qəbul edilən "halal” sertifikatı hələ ki, yalnız Malayziya və Sinqapurda həqiqətən halallıqla istifadə olunur. İstanbulda dünyanın 69 müsəlman ölkəsinin toplaşdığı Halal İş Beynəlxalq Konfransında çıxış edən Türkiyənin nazirlərindən biri çıxışında bildirib ki, halal nişanı altında mal dövriyyəsi ildə üç trilyon dollar edir. Bu üç trilyon dolların 82 faizi xristianların əlindədir. Bu o deməkdir ki, "Halal” nişanı ilə daha çox xristianlar mal istehsal edir. Amerikalı din alimi isə bildirib ki, kolbasanın istehsalında mütləq onun uzun müddət qalması, rəng və dad verilməsi üçün çoxsaylı konservantlar qarışdırılır. Bu konservantların mənşəyi isə qeyri-müəyyəndir. Halallıqda təkcə donuz əti deyil, heyvanın necə, hansı şəraitdə kəsilməsi də mühüm rol oynayır. Digər tərəfdən kolbasa yeyən insan anlamalıdır ki, bu qida məhsulunun uzunmüddətli qalması üçün ona saysız-hesabsız kimyəvi maddələr qatılır. Bunlarsa əlbəttə ki, insan orqanizmi üçün hədsiz ziyanlıdır. Bir sözlə, Azərbaycanda halal kolbasa yoxdur. "Halal” nişanı adı ilə satışa çıxarılan kolbasaların hamısı şübhəlidir. Bu kolbasalara halal sertifikatı verənlər də, məhsulu satışa çıxaranlar da böyük günah qazanırlar.

Qısası, kolbasa və sosislərə meyl edən bilməlidir ki, yedikləri jımıx, toyuq dərisi, dəniz yosunu... və sairlərdir. Hər nədirsə, amma ət deyil. İstəyirsəniz, yeyin, nuş olsun!..

Məlahət Rzayeva