Bu gün bələdiyyə seçkiləridir

8 siyasi partiya yarışa qatılacaq



Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bu, müstəqil dövlətçiliyimiz tarixində sayca 4-cü bələdiyyə seçkisidir. Mərkəzi Seçki Komissiyası seçkilər üçün 4 milyon 976 min 302 seçki bülleteninin çap edildiyini bəyan edib. Qurumdan verilən məlumata görə, seçkilərdə 118 dairənin 1607 bələdiyyəsinə ümumilikdə 15 min 35 üzv seçiləcək. Artıq 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu isə keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər çoxdur.

Keçən seçkilərdə orta hesabla hər bələdiyyə üzvlüyünə 2 namizəd var idisə, bu il orta hesabla 2,5 namizəd var. Məlumat üçün onu da bildirək ki, 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçi təyin olunub. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəd olub. Ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Bugünkü seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə ediləcək. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılacaq. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arası kəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar. Azərbaycanda əhalinin təqribən 73-75 faizinin internet istifadəçisi olmasını nəzərə aldıqda qeyd etmək olar ki, seçkilərdə tətbiq olunan veb-kameralar seçki günü proseslərin geniş ictimaiyyət tərəfindən birbaşa izlənməsinə və beləliklə, aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq. Seçkilər barədə mətbuata açıqlama verən MSK sədri Məzahir Pənahov seçkilərdə 8 siyasi partiyanın - YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP-nin iştirak edəcəyini söyləyib: "Bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin 128-i müvəqqəti yaradılmış məntəqələrdir. Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən, dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq”.

M.Pənahov bu seçkilərdə də polislərlə bağlı hər hansı irad və problemin olmayacağını bildirib: "Əgər 2000-ci illərə qədər beynəlxalq təşkilatların hesabatlarında polisin seçki dövründə yersiz hərəkətləri qeyd edilirdisə, 2000-ci illərin əvvəllərindən sonra belə iradlara rast gəlinmir. Bu, Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının polis əməkdaşları üçün keçirdiyi birgə tədbirlərin nəticəsidir”. Ötən gün Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Bakıdakı Ofisinin birgə təşkilatçılığı və icra hakimiyyətlərinin başçılarının, dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən seçkilərdə çıxış edən Məzahir Pənahov deyib ki, Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı ənənə formalaşıb. MSK sədrinin sözlərinə görə, aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır: "Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. Dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni inzibati binalar tikilib. Digərlərində isə zəruri yenidənqurma işləri aparılıb. İş şəraiti yaxşılaşdırılıb, maddi-texniki bazaları möhkəmləndirilib. Azərbaycanda seçki məntəqələrində yaradılan şərait Avropa ölkələri üçün nümunə ola bilər”.

M.Pənahov seçki siyahısı ilə bağlı qaldırılan problemləri də mənasız sayıb: "Azərbaycanda kiminsə adının seçici siyahısına salınmamasında nə maraq ola bilər? Əgər Azərbaycanda 1 məntəqədə 15 nəfərə səs verməyə imkan yaradılmadığı üzə çıxsa, həmin şəxsə MSK xüsusi mükafat verəcək. Bəzi təşkilatların 1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması

barədə iddiaları absurddur. Mən belə bir absurd iddia olduğunu Böyük Britaniyanın səfirinə də dedim, təəccübləndi. Azərbaycanda vətəndaş şəxsiyyət vəsiqəsini gətirib məntəqədə seçici siyahısına düşə bilər. Biz vətəndaşların seçkidə iştirakı üçün hər cür şərait yaratmışıq, dünyanın heç yerində belə hal yoxdur”.

MSK sədri söyləyib ki, seçkilər ölkənin daxili işlərinə bu və ya digər dərəcədə müdaxilə etmək imkanı verən yeganə vasitədir: "Bu gün dünyada qoşun çəkib ölkənin sərhədlərini pozmaq tendensiyası yoxdur. Yeganə vasitə seçkilərdir. Bu da onunla bağlıdır ki, demokratiyaya əsasən seçki heç bir ölkənin daxili işi deyil. Ona görə də məsuliyyətli olmalıyıq ki, ölkəmiz kənardan baxanda pis görünməsin. Ölkəmizin müstəqil yaşaması üçün imkanlarımızdan istifadə etməliyik. Buna savadımız, dünyagörüşümüz çatır”.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov son 10 ildə ölkəmizdə seçki qanunvericiliyinin daha da təkmilləşdirildiyini bəyan edib. 1607 bələdiyyəyə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şəraitin yaradıldığını bildirən Hüseyn Mövsümov deyib ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb: "Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Ötən müddətdə bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilib. Bu sahədə görülən işlər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin də yüksək səviyyədə təşkil olunacağına təminat verir. Bunun üçün hər cür şərait yaradılıb”. Seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini açıqlayan şöbə müdirinin müavini bu yerlərdən 1436-sının qapalı, digərlərinin isə açıq məkanlar olduğunu vurğulayıb: "Bu gün bələdiyyələr inkişaf edib, təcrübə toplayıb və sosial məsələlərin həllində fəal rol oynamağa başlayıb. İşimizi elə qurmalıyıq ki, builki seçkilər də qanunvericiliyə uyğun, şəffaf şəkildə keçirilsin”.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç ölkəmizdə seçkilərin keçirilməsində qazanılan uğurları təqdir edərək bu nailiyyətləri daha da təkmilləşdirməyin önəmini diqqətə çatdırıb. Avropa ölkələrinin seçki təcrübəsindən danışan Filipoviç seçki prosesində qarşıya çıxan nöqsanlardan da bəhs edib: "Əlbəttə, seçki mübahisələri hər bir ölkədə olur. Ancaq ona yanaşma müxtəlif ölkələrdə fərqlənir. Bütün hallarda seçki prosesində şəffaflıq təmin olunmalıdır. Əminəm ki, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planı çərçivəsində keçirilən məlumat sessiyaları da bu işə öz töhfəsini verəcək”.

İsmayıl