Qalib jurnalistlər mükafatlandırılıb

Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək son illər təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, bu layihələrdən biri də fərdi yazı müsabiqəsidir. 2014-cü ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə 10 müsabiqə keçirilib. Bu müsabiqələrdə 336 jurnalist mükafatlandırılıb. Sonuncu müsabiqə daha geniş auditoriyanı əhatə edib. Vurğulanıb ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə
müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, sonuncu müsabiqəyə 154 yazı təqdim olunub. Bu, ümumilikdə 58 media qurumunu əhatə edib. Hər istiqamət üzrə ümumilikdə 6 qalib seçilib. Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafat verilib. Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib. Sonra Fondun Müşahidə Şurasının üzvləri müsabiqə zamanı qarşılaşdıqları bir çox məsələlərdən bəhs ediblər. Yazılarda əksini tapmayan jurnalist peşəkarlığından, hadisələrə yanaşmaların bəsitliyindən, rəngarəngliyin, forma müxtəlifliyinin çatışmazlığından söz açılıb. Həmçinin, müsabiqəyə təqdim edilən bir sıra zövqlü, seçilmiş mövzunu əhatə edən yazılar da yüksək qiymətləndirilib. Sonra qaliblər mükafatlandırılıblar. Mükafatlandırılan qaliblər arasında "Şərq” qəzetinin 3 əməkdaşı da yer alıb. Qeyd edək ki, fərdi yazı müsabiqəsinin 1-ci yerə layiq görülən qalibləri dekabrın 24-də keçiriləcək tədbirdə mükafatlandırılacaqlar. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təşkil olunacaq mərasim saat 14:00-da "Altun Saray” restoranında baş tutacaq.

İsmayıl