Bu gün Tiflisdə görüş gözlənilir: Zəlimxan Məmmədlinin problemi Gürcüstan prezidenti ilə müzakirə olunacaq





"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və birliyin digər üzvlərinin Gürcüstana buraxılmaması bəzi parlament üzvlərinin narahatlığına səbəb olub. Buna ilk reaksiya verən isə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa olub. Öz "facebook” səhifəsində məsələnin çox ciddi əhəmiyyət daşıdığını yazan deputat qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi işə ciddi yanaşmalıdır.

Pralamentarinin sözlərinə görə, Zəlimxan bəyin fəaliyyəti azərbaycanlıların Gürcüstan dövlətinin inkişafında fəal rol almasına yönəlib: "Gürcüstan XİN-nə nota da vermək olar. Kimlərsə oradakı həmvətənlərimizlə ictimai əlaqələr yaradan fədakar insanları təcrid etmək niyyəti güdür. Bunun ardınca daha arzuolunmaz addımlar ata bilərlər. Düşündürücüdür ki, bütün erməni separatçılarına Gürcüstanda rəsmi dairələr tərəfindən tam fəaliyyət sərbəstliyi verilib. Cəmiyyət sədrinin Gürcüstana sərbəst gedib-gəlməsi təmin olunana qədər dəstəyimizi əsirgəməməliyik”.

Deputatın çağırışı və rəhbərlik etdiyi təşkilatın bu yöndə atdığı addımlarının nəticəsi barədə "Şərq”ə danışan Z.Məmmədli bildirib ki, problem kifayət qədər ağırdır: "Bütün instansiyalara, o cümlədən prezident İlham Əliyevə də müraciət etmişik. Azərbaycan XİN-ə də məktub ünvanlamışıq. Dispora siyasətilə məşğul olan Nazim İbrahimov və Parlamentlərarası dostluq qrupunun həmsədrlərindən olan Qənirə Paşayevaya məktub yazmışıq. Prezident Aparatından reaksiya verildi. Mənə telefon açıb, narahatlıqlarını ifadə etdilər. Hüquqi tərəfdən lazım olanlar gerçəkləşdirilib. PA-nın yazdığı məktub XİN-ə göndərilib. Bu məktublar da birlikdə yığılıb, Gürcüstanın ölkəmizdəki səfirliyinə təqdim olunub. XİN-dən aldığım məktubda bildirilir ki, Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstan XİN-inə rəsmi nota təqdim edib. Sözügedən qonşu ölkənin Daxili İşlər Nazirliyinə də məktub göndəriblər. Bizim nümayəndəmiz artıq Tiflisdədir. Sabah (bu gün) həmin ölkənin prezidenti ilə nümayəndəmiz arasında görüş ehtimalı var. Bu məsələ dövlət başçısı ilə müzakirəyə çıxarılacaq. Ən yaxın zamanlarda geniş tərkibli nümayəndə heyətimizin Gürcüstana səfəri gözlənilir”.

Təşkilat rəhbərinin qənaətincə, qonşu ölkədə də bu məsələdən nigaran qalan aktiv ictimai-siyasi xadimlər mövcuddur: "Əlaqədə olduğum insanlar yasaq haqda qərar verən siyasi orqanı qınayırlar. Çünki həmin qadağa hər iki ölkə arasındakı dostluq, qardaşlıq prinsiplərinə ziddir. Hər zaman çiynimizdə Azərbaycan, Türkiyə və Gürcüstanın bayrağını daşımışıq. Bu gün də o yolu gedirik. Fazil bəyə və bir çox QHT-lərə təşəkkür edirəm. Bu işdə ölkəmiz vahid möqvedən çıxış edir”. Cəmiyyətin siyasi proseslərə qatılmadığını bildirən həmsöhbətimiz vuğulayıb ki, mübarizəni sonacan aparacaqlar: "Məsələ yoluna qoyulmayacağı təqdirdə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Buna rəğmən iki dövlət arasındakı problemlərin Avropa institutlarına daşınmasının əleyhinəyəm. Gürcü dərk etməlidir ki, Azərbaycan onun dostudur. "Borçalı” Cəmiyyəti də onlara dostluq əli uzadır. Bu əli kəsmək olmaz. Əl kəsiləcəksə, beynəlxalq təşkilatlara da müraciətlər olunacaq. Hələlik gözləyirəm ki, yasağa göstəriş verənlər sağlam iradə nümayiş etdirib, mənfi tendensiyanı dayandıracaqlar”.

Ayyət Əhməd