ABŞ bütün postsovet məkanlarında güclənir

Konqresin qərarı Rusiyaya qarşı hesablanıb



ABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyin etməlidir. Bu tələblər ABŞ Konqresinin qəbul etdiyi və prezident Barak Obamanın imzaladığı qanun layihəsində yer alıb.

Sənəddə qeyd olunub ki, ABŞ-ın Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəlikləri informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunmalıdır. Qanun layihəsində həmçinin ABŞ-ın mərkəzi icra strukturlarına ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanlarının Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək tapşırığı əks olunub.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Konqresinin bu qərarı Rusiyaya hesablanıb: "Həm Rusiya və postsovet məkanına daxil olan respublikalardakı diplomatik nümayəndəliklərdə informasiyanın saxlanması üçün ayrıca yerlərin təchiz olunması, həm də Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsinə dair çağırış onu göstərir ki, ABŞ Rusiyaya qonşu olan və Rusiyanın təsiri olan ölkələrə ciddi dəstək verirlər. Ukrayna ilə yanaşı, Avropa və ABH-lə əməkdaşlığa üstünlük verən ölkələrlə informasiya mübadiləsini genişləndirəcək”.

Politoloqun sözlərinə görə, bir məsələ də var ki, hazırda Rusiyada vəziyyət çox acınacaqlıdır. Rusiyanın iqtisadi cəhətdən zəifləməsində maraqlı olan Amerika bunu heç gizlətmir də. Təbii olaraq da, ABŞ-ın bu mövqeyi Rusiyada kəskin etirazlar doğurur ki, ölkənin maraqları sıxışdırılır. Hazırkı dönəmdə Avrasiyada ABŞ-Rus qarşıdurmasının olduğunu deyən politoloqun sözlərinə görə, Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəliklərin informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunması texnoloji bir prosesdir: "Bu hələlik Konqresin çıxardığı qərardır. Çox güman ki, həmin qərar üzərində Konqres detallarla işləyəcək ki, qanun özündə nələri ehtiva edir”.

Şəymən